Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitənin yeni sədri kim olacaq?

  • 08 yan 2020, 10:22

Aynur Sofiyeva müvəqqəti komitə sədri oldu; Hicran Hüseynova seçkidən sonra vəzifəsinə qayıda bilərsə, bəs Bahar Muradova...

Azərbaycanın qadınlar arasında beynəlxalq qrossmeysteri Aynur Sofiyevaya yeni vəzifə verilib.

Unikal.org xəbər verir ki, o, sədr müavini olaraq çalışdığı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində sədr vəzifəsini icra edəcək.

Buna səbəb  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın seçkiyə görə vəzifəsinin icrasını dayandırmasıdır.

41 saylı Sumqayıt birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi olan Hicran Hüseynova  Modern.az-a deyib ki, fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərə qatıldığı üçün məzuniyyətə çıxıb.

Komitə sədri əlavə olaraq Sumqayıtdan namizədliyinin irəli sürülməsinə də münasibət bildirib: "14 ildir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədriyəm. Ölkəmizin elə bölgəsi yoxdur ki, orada görüşlər keçirməyim. Hər bölgəmiz mənə əzizdir. Başqa cür ola da bilməz. Sumqayıt və sumqayıtlılar isə mənim üçün doğmadır. Hər bir sumqayıtlı ilə daha yaxından maraqlanmağa, onlarla işləməyə çalışacağıq”.

"Yeni Müsavat” bildirir ki, H.Hüseynova Azərbaycanın tanınmış ictimai xadimi Kamran Hüseynovun qızıdır. Kamran Hüseynov uzun illər Azərbaycan Ali Sovetinin, eləcə də RSFSR Ali Sovetinin deputatı kimi səmərəli fəaliyyət göstərib. Kamran Hüseynov müstəqil Azərbaycan Respublikasının ali mükafatı - "Şöhrət” ordeni ilə təltif edilib. Prezidentin fərdi təqaüdçüsü Kamran Hüseynov 2006-cı il aprelin 20-də 93 yaşında vəfat edib.

Deputatlığa namizəd olan H.Hüseynova 13 avqust 1955-ci ildə  Bakı şəhərində anadan olub. 1977-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 2001-ci ilin noyabrında "Azərbaycan Avropa inteqrasiya sistemində” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Azərbaycanda siyasi elmlər üzrə doktorluq müdafiə etmiş ilk qadındır. 1988-1993-cü illər ərzində Bakı Dövlət Universitetinin siyasi tarix kafedrasında müəllim, baş müəllim və kafedra dosenti vəzifəsində işləyib.

1999-cu ildən 2003-cü ilədək Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsində "Beynəlxalq münasibətlər və informasiya” şöbəsinin müdiri işləyib. 2000-2006-cı illərdə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər fakültəsinin dekan müavini olub. 

7 fevral 2006-cı ildən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışır.

2015-ci ildə ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət” ordeni ilə təltif edilib.

Ailəlidir, 2 övladı, 3 nəvəsi var.

Aynur Sofiyevaya gəlincə,  1974-cü ildən idmanın şahmat növü ilə məşğul olub. 6 yaşında gənclər arasında rayon çempionu, 14 yaşında qızlar arasında, 15 yaşında qadınlar arasında Azərbaycan çempionu, 16 yaşında qızlar arasında SSRİ çempionu adını qazanıb. 20 yaşında tələbələr arasında dünya çempionu (2 qızıl medal), həmin ildə 20 yaşadək qızlar arasında dünya çempionatının gümüş medalçısı, 1993-cü ildə Azərbaycan komandasının tərkibində 26 yaşadək gənclər arasında dünya çempionatında gümüş medal qazanıb, bir çox beynəlxalq turnirlərin qalibi olub. 1990-cı ildə Azərbaycanın ilk beynəlxalq qrossmeysteri, Islam dünyasında isə qadınlar arasında ilk beynəlxalq qrossmeyster adını qazanıb. 2002-2007-ci il tarixlərində Azərbaycan Şahmat Federasiyasının Prezidenti olub.

2007-cı ilin mart ayından etibarən  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsində çalışır.

Onu da qeyd edək ki, Aynur Sofiyeva veteran futbolçu və baş məşqçi Yunis Hüseynovla ailəlidir. Onların 2 övladı var.

Daha bir  maraqlı məsələ  sabiq vitse-spiker Bahar Muradova ilə bağlıdır. Məlumdur ki, YAP hazırda deputatı olduğu 84 saylı Füzulu seçki dairəsindən Svetlana Məmmədovanın  namizədliyini irəli sürüb.

İddialara görə, Bahar Muradovanın namizədliyinin irəli sürülməməsi onun komandadan tamamilə kənarda qoyulması demək deyil. Belə ki, Bahar xanım seçkidən sonra hökumət üzvü olacaq. Onun üçün ciddi bir vəzifə yeri də boşaldılır. 41 saylı Sumqayıt birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın namizədliyini irəli sürməsi boşuna deyil. Hicran xanımın deputat seçilməsindən sonra onun boş qalacaq vəzifəsinə Bahar Muradovanın gətiriləcəyi gözlənilir.

Bahar Muradova 1962-ci il martın 20-də Füzuli şəhərində anadan olub. O, əslən Füzuli rayonunun Yağlıvənd kəndindəndir. 1977-ci ildə Füzuli şəhər 3 saylı orta məktəbin 8-ci sinfini tərifnamə ilə, 1981-ci ildə Bakı Yüngül Sənaye Texnikumunu fərqlənmə diplomu ilə, 1990-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini, 2000-ci ildə isə Azərbaycan Universitetinin hüquq fakültəsini bitirib. 1981-ci ildən Bakı 1 saylı tikiş fabrikində əmək fəaliyyətinə başlayıb. 1989-92-ci illərdə Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətinin, 1992-93-cü illərdə "Qayğı” Cəmiyyəti Yasamal rayon təşkilatının məsul katibi işləyib.

1993-1995-ci illərdə Yasamal Rayon İcra Hakimiyyətinin təlimatçısı, 1995-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinin referenti vəzifələrində çalışıb. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

YAP-ın I (1999), II (2000) və III (2005) qurultaylarında partiyanın Siyasi Şurasının və İdarə Heyətinin üzvü seçilib.

1995-ci ildən YAP Qadınlar Şurasının sədr müavini, 1999-cu ildən partiyanın icra katibinin müavinidir.

II 2000 və III 2005 çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

2010-cu il noyabrın 7-də 84 saylı Füzuli seçki dairəsindən dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

2005-ci il dekabrın 2-dən Milli Məclis Sədrinin müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.

Siyasi elmlər üzrə fəlsəfə doktorudur.

ORXAN,

Oxşar xəbərlər