YAP-ın xanım deputatları yenidən namizəd olacaqmı?

  • 14 dek 2019, 09:54

Hamı hakim partiyanın siyahısını gözləyir...

Məlum olduğu kimi, 2020-ci ilin fevral ayının 9-da növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq seçkilərə hazırlıq prosesinə start verilib. Bir çox müstəqil namizədlər seçkidə iştirak edəcəklərini açıqlayıblar. Bu il seçkidə iştirakla bağlı canlanma həddindən artıq yüksəkdir.

Siyasi partiyaların namizədləri də artıq yaxın günlərdə bəlli olacaq. Bəs görəsən, hazırda hakim partiya olan Yeni Azərbaycan Partiyasının xanım deputatlarını yenidən seçki marafonunda görə biləcəyikmi? Onların namizədliyi ilə bağlı hər hansı məlumat varmı?

"Yeni Müsavat” bu sualla YAP üzvü olan xanım deputatlara üz tutub.

V Çağırış Milli Məclisin deputatı Məlahət İbrahimqızı qeyd edib ki, bu qərarı yalnız partiya verə bilər: "Mən Yeni Azərbaycan Partiyasından deputatlığı qazanmışam, ona görə də, bizim namizədliyimiz ancaq YAP rəhbərliyi məsləhət bilərsə, təqdim edərsə iştirak edəcəyik. İstənilən halda, Yeni Azərbaycan Partiyasının hər bir qərarına böyük hörmət bəsləyir, dəyər verirəm. Hesab edirəm ki, biz partiya üzvü olaraq bütün qərarlara dəstək olmalı, tapşırıqları əlimizdən gəldiyi qədər yerinə yetirməliyik”.

M.İbrahimqızı hesab edir ki, partiyadan namizədlərin irəli sürülməsi üçün hələ ki, vaxt var: "Elə bir təcili məsələ yoxdur. Seçki kampaniyası artıq başlayıb, vaxtı gələndə namizədləri də açıqlayacaqlar. Hər partiyanın, qrupun və ya fraksiyanın seçki ilə bağlı öz taktikası olur, hərə özünə uyğun vaxtda açıqlayır. Bizim partiyada da təhlillər, dəyərləndirmələr aparılır. Yəqin ki, Seçki Məcəlləsinin qaydalarına uyğun vaxtda açıqlanacaq”.

M.İbrahimqızı onu da qeyd etdi ki, bu dəfə YAP-ın namizədlərin irəli sürülməsi ilə bağlı siyasətində dəyişikliklər gözlənilir: "Partiya rəhbərliyi də dəfələrlə çıxış edib, yəqin ki, siz də bunları izləyirsiniz. Ölkəmizdə bütün sahələri əhatə edən çox ciddi islahatlar aparılır. İcra hakimiyyətində, məhkəmə-hüquq sistemində, eləcə də qanunvericilikdə və kadrlarda dəyişikliklər aparılır. Müasir düşüncəli, dünyada gedən prosesləri dəyərləndirə bilən, dünyanın müasir çağırışlarına vaxtında cavab verə biləcək, nisbətən gənc kadrlara üstünlük verilir. Azərbaycan Konstitusiyası 18 yaşından vətəndaşa seçib-seçilmək hüququ verib. Ancaq bütün yaşların uzlaşması ilə bir namizədlər siyahısı olacaq. Bütün ötən parlament seçkilərində də belə olub, yeni simalar gəlib. Əvvəlki çağırışdan olan millət vəkilləri öz yerini yeni namizədlərə veriblər. bütün dünyada belədir, müəyyən hissəsi gedir, yeniləri gəlir. YAP namizədlərinin siyahısı dərc olunanda da bunu görəcəksiniz”.

V Çağırış Milli Məclisin deputat Sona Əliyeva  da vurğuladı ki, bu məsələdə yekun qərarı partiya verəcək və namizədlərin siyahısını açıqlayacaq: "Yeni Azərbaycan Partiyasından olan deputatların namizədliyini partiya verir. Hazırda bu məsələni həmin şəxslərdən soruşmağın mənası yoxdur. Partiya kiminsə namizədliyini verə də bilər, verməyə də bilər. Hansı partiya seçkiyə gedirsə, o namizədlərini özü müəyyənləşdirir və irəli sürür. Bu bizim qərarımızla olan bir məsələ deyil”.

Oxşar xəbərlər