Vasif Talıbovun gözlənilən qərarına Bakıdan İZAHAT

  • 11 dek 2019, 09:09

Milli Məclisin buraxılması Naxçıvan Muxtar Respublikası Ali Məclisinin də avtomatik olaraq buraxılmış sayılıb-sayılmadığı məsələsini müzakirəyə çıxarılıb. Dekabrın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama bildirilir ki, "Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli Sərəncamına uyğun olaraq və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 1-ci bəndi rəhbər tutularaq, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər 2020-ci il fevralın 9-na təyin edilir.

Bəzi media orqanlarında isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin buraxılması ilə bağlı hüquqi prosedurun keçirilmədiyi iddiaları irəli sürülür. Qeyd edilir ki, sadəcə, Ali Məclisin sədri muxtar qurumun qanunverici orqanına növbədənkənar seçki təyin olunması ilə bağlı sərəncam imzalayıb.

Deputat Fazil Mustafa "Yeni Müsavat”a bildirdi ki, qanun pozuntusu baş verməyib, sadəcə, Milli Məclisin buraxılmasının proseduru ilə Naxçıvan Ali Məclisinin buraxılıb yeni seçkilərin təyin edilməsinin proseduru fərqli oldu: "Milli Məclisin deputatları fəaliyyətlərini dayandırdıqları barədə müraciət etdilər. Yetərsay 83-dən aşağı düşdüyü üçün ölkə prezidenti də Milli Məclisə yeni seçkilər təyin etdi. Təbii ki, bunun siyasi çalarları islahatlarla bağlı idi. Amma Naxçıvan Ali Məclisinin buraxılması məsələsində bu prosedura ehtiyac qalmadı. Azərbaycan Milli Məclisinin buraxılması və yeni seçkilərin təyin edilməsi əsas götürülərək seçkilərin eyni vaxtda keçirilməsi prinsipinə əməl etmək üçün belə bir addım atıldı. Bu da normaldır və qanuna zidd deyil. Çünki Naxçıvan Ali Məclisinə seçkilər Azərbaycan Milli Məclisinə seçkilərlə eyni vaxtda keçirilməlidir. Təbii ki, məsələ ilə bağlı fərqli hüquqi izahatlar ola bilər. Amma bütövlükdə Azərbaycan Milli Məclisinə yeni seçkilər təyin olunmuşdusa, gözlənilən idi ki, Naxçıvan Ali Məclisi də buraxılacaq və eyni günə seçkilər təyin olunacaq. Belə də oldu. Bunu normal qarşılayıram. Naxçıvan Ali Məclisinin 45 deputatı var. 45 deputatın 3-də ikisi öz fəaliyyətlərindən narazı qalardılarsa, Ali Məclisin buraxılması təşəbbüsünü də qaldıra bilərdilər. Lakin orada bu prosedura gedilmədi”.

Bəs, Naxçıvan Ali Məclisinə deputatlığa Naxçıvandan kənar bölgələrimizdən də vətəndaşlar namizədliklərini irəli sürə bilərlərmi?

Fazil Mustafa qeyd etdi ki, Naxçıvan Ali Məclisinə yalnız Muxtar Respublikasında qeydiyyatda olan 18 yaşından yuxarı vətəndaşlar namizədliklərini verə bilərlər.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası hüquqi statusuna görə Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir.

Azərbaycan Konstitusiyasına görə, muxtar respublikada dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir; qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi-parlamenti həyata keçirir. Ali Məclis Naxçıvan Muxtar Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən ali dövlət hakimiyyəti orqanıdır. Məclisin tərkibi 45 deputatdan ibarətdir. Onlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. İldə iki sessiya keçirir; Azərbaycan prezidenti və Milli Məclisi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 deputatının tələbi əsasında və ya Ali Məclisin sədri tərəfindən növbədənkənar sessiyaları çağırıla bilər.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququna malikdir. Konstitusiyaya əsasən, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi olan Ali Məclisin sədri 5 il müddətinə seçilir. Hazırda Ali Məclisin sədri Vasif Talıbovdur.

Oxşar xəbərlər