Daha iki icra başçısı vəzifəsindən azad edilə bilər
Nəsimi və Qaradağ rayonlarının icra başçılarının neqativ əməlləri ilə bağlı indiyədək mətbuatda xeyli yazılar dərc edilib
Prezident İlham Əliyev 2019-cu ildə xeyli sayda icra başçısını ya vəzifəsindən azad edib, ya da yerlərini dəyişib. Aparılan bu struktur dəyişikliyi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Xüsusilə də gənclərin icra başçısı vəzifəsinə çəkilməsi, yerlərdə idarəetmədə olan boşluqların aradan qalxacağı ümidini yaradıb.
Bu il baş verən bir neçə dəyişikliyə nəzər salaq. Belə ki, prezident bu il ilk olaraq Bakının Xəzər rayonuna yeni icra başçısı təyin etdi. Fevral ayının 5-də verilən sərəncamla həmin rayonun icra hakimiyyəti başçısının birinci müavini vəzifəsini icra edən Elşən Salahov icra başçısı təyin edildi. E. Salahovun sələfi isə prezidentin 21 dekabr 2018-ci il sərəncamı ilə vəzifəsindən azad edilən Gülağa İslamov idi. O, 23 il idi ki, bu vəzifəni icra edirdi.
Aprel ayının 2-də isə Siyam Hacıyev Naxçıvan Muxtar Respublikasının Culfa rayonuna icra başçısı təyin edildi. S. Hacıyevin sələfi Şükür Babayev isə 12 il idi ki, bu vəzifəni icra edirdi O da, prezidentin 2018-ci il 21 dekabrda imzaladığı sərəncamla tutduğu vəzifədən azad edilmişdi.
Ölkə prezidentinin 30 sentyabr 2019-cu ildə imzaladığı sərəncama əsasən 12 ildir ki, Ağsu rayonuna rəhbərlik edən Ənvər Seyidəliyev tutduğu vəzifədən azad edildi. Həmin ana qədər təhlükəsizlik orqanlarında çalışmış polkovnik Vahid Tağıyev isə Ağsu rayonuna icra başçısı təyin olundu. Oktyabrın 31-də prezident İlham Əliyev 2004-cü ildən Xaçmaza rəhbərlik edən Şəmsəddin Xanbabayevi tutduğu vəzifəsindən azad etdi və bu işin icrası Elnur Rzayevə həvalə edildi.
Prezidentin müvafiq sərəncamları ilə həmin gün Yevlax rayonunun icra hakimiyyətinin başçısı da dəyişdirildi. Belə ki, 2011-ci ilin 18 fevralından bu vəzifəni icra edən 60 yaşlı Qoca Səmədov tutduğu vəzifədən azad edildi. 2011-ci ildən Nəsimi rayon icra hakimiyyəti başçısının müavini vəzifəsini icra edən Anar Tağıyev isə Yevlaxın növbəti icra başçısı oldu.
Son vəzifədən azadetmələrə gəlincə isə noyabrın 12-də Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Lütvəli Babəli oğlu Babayev Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Mərdan Talıb oğlu Camalov isə onun əvəzinə Zərdab Rayonuna icra başçısı təyin edilib.
Prezidentin digər sərəncamlarıyla İlqar Namaz oğlu Abbasov Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Şirvan şəhər icra başçısı təyin edilib.
Həmçinin Əziz İmran oğlu Əzizov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə başçı təyin edilib.
Prezidentin sərəncamı ilə Elşad Eldar oğlu Həsənov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin, Rafiq Çəpərxan oğlu Quliyev Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçıları təyin ediliblər. Noyabrın 20-də Prezident İlham Əliyevin sərəncamı ilə Rafil İsrafil oğlu Hüseynov Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Prezident İlham Əliyevin digər sərəncamı ilə Şahin Kərim oğlu Məmmədov Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Daha bir sərəncamla Rafil İsrafil oğlu Hüseynov Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Şahin Kərim oğlu Məmmədov isə Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə gətirilib.
Dekabrın 4-də isə prezident Vüqar Novruzovu Naftalana, Rüstəm Xəlilovu Hacıqabula icra başçısı təyin etdi.
"Yeni Müsavat”a daxil olan məlumata görə Qaradağ və Nəsimi rayon icra başçıları da öz vəzifələrini yaxın günlərdə itirə bilərlər. Belə ki, Nəsimi rayonunun icra başçısı Asif Əsgərov bu vəzifədə 2015-ci ildən fəaliyyət göstərir. Onun haqqında indiyədək mətbuatda çoxsaylı neqativ məzmunlu məqalələr yer alıb. Asif Əsgərova qarşı çoxsaylı ittihamlar səsləndirilib.
Maraqlıdır ki, hər iki icra başçısı ilk təhsillərini Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda alıblar. Belə ki, Asif Əsgərov 1989-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2001-ci ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.
Süleyman Mikayılov isə 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2004-cü ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini başa vurub.
Süleyman Mikayılovun adına mətbuatda tez-tez rast gəlinir. Onun ən çox yola getmədiyi təbəqə iş adamlarıdır. Bu haqda dəfələrlə mətbuatda yazılar dərc edilib və ayrı-ayrı iş adamları başçıdan şikayətlərini bildiriblər. Qaradağ rayonu məlumdur ki, Bakının ən böyük sənaye rayonudur. Burada əhali kontingenti də fərqlidir. Yəni sənaye rayonu olduğu üçün daha çox burada məskunlaşanlar kasıb və orta təbəqənin nümayəndələridir. Məlumatlar dolaşır ki, Süleyman Mikayılovdan yerli əhali də narazılıq edir. "Yeni Müsavat”a məlumat verən rayon sakinləri bildiriblər ki, başçı sakinlərlə çox az-az görüşür. Ondan yardım istəyənə isə kobud yanaşır. Bu cür feodal göstəricilərə malik olan məmurlar dövrün tələb və şərtlərinə cavab vermirlər. Bu baxımdan, onların da qısa zaman sonra vəzifələrindən gedəcəkləri qaçılmazdır.