Xəbər lenti
Bütün xəbərlər

Doğrudanmı Yaxın Şərqdə “Kürd səhifəsi” çevrilir...

  • 19 okt 2019, 10:50

Mübaliğəsiz demək olar ki, Türkiyənin Suriya ilə sərhəd boyunca apardığı hərbi, anti-terrorist əməliyyatlar təkcə beynəlxalq siyasi birlik və cəmiyyətlərin deyil, həm də ən sadə insanların, xüsusən də sadə, sıravi azərbaycanlıların belə diqqət mərkəzindədir.

Əvvəlcə adi, siyasətdən uzaq azərbaycanlıların bu məsələyə marağı haqqında. İnsanları başa düşmək mümkündür: azərbaycanlılar və türklər çoxdan qayğılarını və problemlərini ümumiləşdiriblər, problemlər və uğurlar çoxdan konkret coğrafi hüdudlarda–koordinatlarda qalmır və çox sevindirici haldır ki, azərbaycanlılar və türklər üçün "bizim” və "sizin” problemlər demək olar ki, yoxdur, Türkiyənin uğurları azərbaycanlıları da türklər qədər sevindirir, uğursuzluqlar, nəzərdən qaçırılmış məqamlar və məğlubiyyətlər də onları eyni dərəcədə məyus edir...

Amma Türkiyənin apardığı bu son hərbi anti-terrorist əməliyyatlar həm də onunla maraqlıdır ki, bu günlərdə demək olar ki, hər bir azərbaycanlı bir sual verir: bəs biz niyə öz ərazilərimizdə erməni hərbi birləşmələrinə qarşı bu cür hərbi əməliyyatlar apara bilmirik?

Biz bir qədər irəlidə bu suala cavab verməyə çalışacağıq. Amma ki, əvvəlcə bir məqama diqqət yetirin: doğrudanmı, Sizə elə gəlir ki, Türkiyəyə bu cür əməliyyatları aparmaq asan başa gəlir? İnanın, burada söhbət hərbi – texnki problemlərdən, hətta insan itkilərindən də getmir.

Bir diqqət edin, görün ki, daha kimlər və hansı ölkələr bu prosesə müdaxilə etməyə çalışmırlar? Kəskin bəyanatlarla çıxış edir, Türkiyənin apardığı hərbi əmiliyyatları pisləyir, onları dərhal dayandırmağa çağırırlar və bütün bunlar ona görə edilir ki, onların da öz "maraq”ları var və həmin bu "maraqlar” tələb edir ki, Türkiyə zəif ölkə olsun, daim pressinq altında olsun ki, məhz həmin o maraqlı dairələr ona tələblərini diqtə edə bilsinlər...

Dağlıq Qarabağ problemilə bağlı da eyni, identik mənzərə müşahidə olunur və hər şey ayrı-ayrı böyük, supergüclərin maraqlarına dirənir və əslində biz də Ermənistanla müqayisədə üstün hərbi-texniki, iqtisadi və hətta demoqrafik göstəricilərimizdən istifadə edərək uğurlu anti-terrorist əməliyyatlar həyata keçirər, özümüz torpaqlarımızı azad edərdik. Amma çox təəssüf ki, bir azca əvvəldə qeyd etdiyimiz "maraq”lar buna hələ ki, imkan vermir.

Artıq biz bu sətirləri yazmağa başlarkən xəbərlər yayıldı ki, çox böyük bir ABŞ nümayəndə heyəti (vitse-prezident, dövlət katibi və prezidentin təhlükəsizlik məsələləri üzrə köməkçisi!) Türkiyəyə gəlib. Sual olunur: Nə olub, nə baş verir, cənablar? Doğrudanmı Sizin başqa problemləriniz yoxdur?..

Etiraf edək ki, biz imkan daxilində çoxdan bu prosesləri diqqətdə saxlamağa çalışırıq. Çox maraqlı mənzərə yaranıb: amerikalılar əvvəlcə bir şey, sonrasa başqa şey deyir və bütün problem ondadır ki, prezident D.Trampın özü məsələyə anlaşıqla yanaşmağa, Türkiyənin narahatlığını və problemlərini nəzərə almağa çalışır. Qeyd edək ki, hələ S-400 –lər məsələsi zamanı da o, belə mövqe tutmağa cəhd edirdi. Amma Trampın özü də pressinq altındadır, daim vəziyyəti gərginləşdirməyə çalışan müxalifətin, ən əsası da "ABŞ siyasət maşını”nın təzyiqini hiss edir, hansılar ki, prezidentin qərarlarına təsir etməyə çalşır və demək olar ki, əksər hallarda da buna nail olurlar.

Yaxın Şərqdəki "kürd kartı” yeni fenomen deyil: buna çox böyük maliyyə və hərbi-texniki resursları sərf edilib. Üstəlik, bu faktora söykənərək illərlə regionda siyasət qurulub ki, onun köməyilə, bəli, məhz "kürd amili”nin yardımı ilə regionun dörd dövlətinin – Türkiyənin, İranın, Suriyanın və İraqın siyasətinə təsir etmək, onu sərf edən istiqamətə yönəltmək mümkün olsun. Prezident D.Tramp bir dəfə qeyd eləmişdi ki, birinci İraq kampaniyasından başlayaraq ABŞ bu regionda 20 trilyon dollar vəsait xərcləyib! Odur, təsadüfi deyil ki, Türkiyənin bu son hərbi kampaniyası ABŞ-da əsl panika yaratdı – axı illərlə yaradılmış siyasi sxemdən bircə anın içindən əl çəkmək elə də asan məsələ deyil...

Amma düşünürük ki, Vaşinqtonda da başa düşürlər ki, gec-tez bunu etmək lazım gələcək, əks təqdirdə onlar qoşunlarını bölgədən çıxarmazdı və prezident Tramp arabir kürdləri də çıxışlarında tənqid- tənbeh etməzdi. Bəlli olduğu kimi, amerikalılar Türkiyə hökumətilə müəyyən bir razılığa gələ bildilər, 120 saatlıq fasilə haqqında razılıq əldə olundu və biz ilkin müddəalara baxdıq, onlar demək olar ki, Ankaranın xeyrinə olan çağırışlardır.

Ən əsası isə odur ki, hazırda Suriya hərbi-siyasi teatrında əsas aktorlar Türkiyə və Rusiyadır. Onların arasında anlaşma olsa, o halda Türkiyə bu prosesi uğurla və öz maraqlarına uyğun şəkildə başa çatdıracaq. Əlbəttə, bu iki vektor arasında da müəyyən problemlər var, amma hələki rusiyalı diplomatlar məsələyə münasibətdə təmkinli davranırlar. Məsələ ondadır ki, keçmiş SSRİ-dən sonra ruslar kürdlərə nəzarətlərini itirdilər, halbuki bunadək kürd təşkilatlarının çoxu solçu qurumlar kimi dəstəyi əsasən Moskvadan alırdı, məsələn, keçmiş kürd liderləri– Təlabani və Bərzani Moskvada təhsil almış, hazırlıq keçmiş adamlar idi.

Amma hazırda demək olar ki, bütün kürd təşkilatları ABŞ-a bağlıdır, onun regiondakı "geosiyasi alət”i rolunda çıxış edir. Əlbəttə, belə hal Kremli qətiyyən qane də bilməz. Odur, düşünürük ki, Ankara və Moskva birlikdə Vaşinqtonun "kürd kartı”nı zərərsizləşdirməyə qərar veriblər. Onlar bunu edə bilsələr, o halda, Suriya hərbi-siyasi teatrının əsas, bəlkə də şəriksiz aktorlarına çevriləcəklər.

Sözsüz, İran da var. Amma Tehran indi böyük pressinq altındadır və üstəlik, söhbət regionda amerikapərəst geosiyasi vektorun – İranın özü üçün də problem yaradan kürdlərin zərərsizləşdirilməsindən gedir və Tehran təbii ki, buna qarşı çıxa bilməz...

Sadəcə, arzulamaq və ümid etmək qalır ki, Ankara ilə Moskva arasında belə bir uzlaşma və anlaşma nə vaxtsa, Dağlıq Qarabağ problemilə bağlı da baş verəcəkdir və o vaxt bizim də əllərimiz açılacaq və biz də nəhayət ki, Ermənistanın təcavüzünə son qoya biləcəyik...

 

Oxşar xəbərlər