Xəbər lenti
Bütün xəbərlər

Samir Feyruzun yazısı: Ən çox şantaj edilən məmurlar kimlərdir?

  • 17 okt 2019, 18:49

Qarabağ danışıqları ilə bağlı müsbət addımların atıldığı bir vaxtda sistemli şəkildə aparılan bu qarayaxma kampaniyası kimlərə lazımdır?

Prezident İlham Əliyevin ortaya qoyduğu qətiyyətli mövqe, nümayiş etdirdiyi siyasi iradə və məmurlara etdiyi xəbərdarlıqlar son günlər baş verən hadisələrin görünməyən tərəflərinə işıq saldı və bütün pərdələr aradan qalxdı. SİTAT: "Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib".
"Hörmətli" fürsətcillər! Gəlin araşdırma aparaq, görək son vaxtlar mətbuatda və sosial şəbəkələrdə hansı məmurlar hədəfə alınır, kimlərin onların ailə üzvləri təhqir olunur, cənab Prezidentə, dövlətçiliyə sədaqətli hansı fiqurlara qarşı qarayaxma kampaniyası aparılır və bunun üçün hansı resurslardan istifadə edilir? Heç şübhəsiz ki, dövlət başçımız kifayət qədər aydın mesaj verdi və ortaya qoyduğu mövqedən də aydın olur ki, bütün bu proseslərdən tam xəbərdardır. Hədəfə alınan konkret olaraq kimlərdir?
Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və dövlət başçımızın etimad göstərib vəzifəyə təyin etdiyi gənc kadrlar əsas hədəf nöqtələridir. Sosial şəbəkələrdə Əli Həsənovun və ailə üzvlərinin ləkələnməsinə, təhqir olunmasına yönəlmiş təyinatlı səhifəyə indiyə qədər 10 min dollara yaxın pul xərclənib. Təsəvvür edin, bu qərəzli səhifə o qədər "peşəkar" şəkildə hazırlanıb ki, sıradan bir adamın əl işinə qətiyyən oxşamır. Həmçinin, sıradan bir adam hər gün Ə.Həsənovla bağlı postlara 200-300 dollar sərf etmək gücündə deyil. Bu səhifədə yazılanlar nöqtə, vergülünə qədər bir neçə "reket" saytlarda da dərc olunur. Bəs bu saytlar necə ayaqda durur, bir neçə işçini necə saxlaya bilir və maliyyəni necə əldə edirlər? Şübhəsiz ki, şantajla! Prezidentin çıxışından: "Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir".
Bunlar həmin saytlardır ki, Mətbuat Şurasının "qara siyahısı"nda olublar, yaxud bu gün də ordadırlar. Eyni zamanda, bu saytların baş redaktorları digər məmurlar haqqında sifarişli materiallar dərc etdiklərinə görə məhkəmələrə veriliblər, peşə fəaliyyətinə zidd əməllərinə görə müvafiq dövlət qurumları tərəfindən xəbərdarlıqlar alıblar. Amma çifayda.., nəyə arxayındırlar!? Prezidentin etimad göstərib vəzifəyə təyin etdiyi gənc kadrlar da məhz həmin bu saytlarda və sosial şəbəkələrdə ünvanı, kimliyi gizlədilmiş səhifələrdə hədəfə alınır. Hətta bu istiqamətdə konkret olaraq aylıq maliyyə resursları ilə təmin edilmiş redaktorlar var, istənilən an iri ranqlı məmurları hədəfə alırlar, daha sonra məmura uzun müddət toxunmamaq qarşılığında aylıq "tas"a razılaşırlar. Ələlxüsus, gənc kadrlar müxtəlif cinahlardan və "reket" saytlar və sosial media vasitəsilə hücuma məruz qalırlar. Bütün bu çirkin kampaniyalar 3 "resurs" vasitəsilə həyata keçirlir:

1. "Reket" saytlarla
2. Sosial şəbəkələrlə
3. Xaricdə yaşayan "siyasi mühacirlər" vasitəsilə

Heç şübhəsiz ki, bu şəxslər ona görə şantaj edilir ki, onlar Cənab Prezidentin bütün tapşırıqlarını ləyaqətlə yerinə yetirirlər. Məqsəd bu məmurları gözdən salmaq, "komanda" halında qarayaxma kamnpaniyası apararaq Prezidentin siyasətini sabotaj etmək, inkişafa, ölkəmizdə aparılan ciddi layihələrə fokuslanmış cəmiyyətimizdə çaşqınlıq yaratmaqdır. Analiz etsək görərik ki, xüsusilə, radikal müxalifətin aktivləşdiyi, sabilitiyi pozmağa yönəlmiş addımlarının artdığı bir ərəfədə Əli Həsəniov hədəfə alınır. Eyni zamanda, bütün dünyada sosial dövlət statusu qazanmış Azərbaycanda dövlət başçımızın həyata keçirdiyi sosial layihələrə qarşı məhz belə bir zamanda - antiAzərbaycan qüvvələrin aktivləşdiyi bir ərəfədə gözdənsalma, ləkələmə siyasəti aparılır. Prezidentin rəhbərliyi və tapşırıqları ilə nə zaman ciddi sosial layihələr həyata keçirilirsə, məhz o zaman qarayaxma kampaniyası başladılır. Xüsusilə, əlillər, Qarabağ veteranları, məcburi köçkünlərlə bağlı son zaman baş verənlər ciddi suallar yaradır. Bundan başqa, Qarabağ danışıqları ilə bağlı müsbət addımların atıldığı bir vaxtda sistemli şəkildə aparılan bu qarayaxma kampaniyası kimlərə lazımdır? Nə baş verir və Prezidentin apardığı uğurlu siyasəti sabotaj etmək istəyənlər, dövlət başıçısına ləyaqətlə xidmət edən şəxslərin qətiyyətli mübarizə metodlarını sevməyənlər kimlərdir? Mətbuatı şəxsi intriqa metoduna çevirmək istəyənlər, mətbuata məsul şəxslərin fəaliyyətini, özlərini və ailə üzvlərini təhqir edənlər, gənc kadrlardan "yararsız" kadr obrazı yaratmaq istəyənlər kimlərdir? Dövlət başçısının verdiyi mesajlar onu deməyə əsas verir ki, tezliklə qatıqdan tük çəkiləcək və ölkəmizə dövlət başçısının siyasətini sabotaj etməyə yönəlik bütün mənfi əllər aşkarlanacaq.

 

Jurnalist Samir Feyruz

Oxşar xəbərlər