Gəncədə tanınmış iş adamının "Çaykənd əməliyyatı" - ONA "ERMƏNİ" DEDİLƏR

  • 04 okt 2019, 16:35

"Demokratik.Az" saytına Göygöl rayon Çaykənd kənd sakinləri Vəli və Fizzə Əhmədovlar ailəsi tərəfindən şikayət daxil olub. Onlar torpaq sahələrinin varlı bir iş adamı tərəfindən işğal olunduğunu, qəsbə uğradıqlarını iddia edirlər.

Kənd sakinləri 1988-ci ildən Qərbi Azərbaycanın Göyçə mahalından qaçqın düşdüklərini, 1992-ci ildən etibarən Çaykənd kəndində məskunlaşmaqla orada yaşadıqlarını bildirirlər.

Ömürlərinin qoca və ahıl vaxtını yaşayan şikayətçilərin sözlərinə görə, Gəncədə məşhur tikinti materialları bazarı olan "Daşqın İnşaat"-ın sahibi Tahir Rəhimov cari ilin mayında onların Bakıda müalicədə olmalarından istifadə edərək evlərinə aid olan torpaq sahəsinin bir hissəsini qanunsuz yolla ələ keçirib. İş adamı özbaşına olaraq şikayətçilərin setka hasarını sökərək ora bir neçə vaqon yerləşdirib.

Şikayətçilərin bildirdiyinə görə, iş adamı Tahir Rəhimov "işğal yolu" ilə kəndin çayına paralel olaraq inşa etdirdiyi ""Yaşıl Ada" istirahət mərkəzinin ərazisini genişləndirib. 28 ildir sahiblik etdikləri torpağın birdən-birə hansısa varlı iş adamı tərəfindən zəpt edilməsini, çoxillik meyvə ağaclarının kəsilməsini və kökündən çıxarılmasını işğal adlandıran şikayətçilər Tahir Rəhimovun onların gözündə bir erməni qədər olduğunu bildiriblər. 

Şikayətçi Fizzə Əhmədova: "Ay bala, ermənilərin əlindən torpağımızı atıb bura qaçmışıq, indi də bu Tahir torpağımıza girib, ermənidir dəə..." 

Hazırda Göygöl Məhkəməsində iş adamına qarşı iddia qaldıran və qanunsuz tikililərin sökülərək torpaq sahələrinin zəptdən azad edilməsini tələb edən ər-arvad oktyabrın 7-də mübahisəli yerə müvafiq baxış keçiriləcəyini qeyd edirlər.

Hüquq mühafizə orqanlarına və digər quirumlara yazılı şikayət göndərən ailə bu işdə yerli bələdiyyə qurumunu da özbaşınalıqda və saxtakarlıqda günahkar bilir. Rüşvət müqabilində Tahir Rəhimova çayın kənarında istirahət məkanının tikintisi üçün torpaq satılıdığını, qanunsuz tikililərə də süni şərait yaradıldığını iddia edirlər. 

"Demokratik.Az" şikayətlə bağlı qarşı tərəfin söz haqqını tanıyıb. Telefon bağlantısı zamanı Tahir Rəhimovun qohumu və istirahət məkanının işlətməcisi saytımıza bildirib ki, iş üzrə məhkəmə prosesi keçirildiyindən heç nə demək istəmir. Bundan başqa, həmsöhbətimiz Tahir Rəhimovun şikayətçi ailəyə qarşı həmişə xoş münasibətdə olduğunu, qonşu olaraq da insani davranışlar etdiyini xatırlatdı. Tahir Rəhimovun adından onu əlavə etdi ki, onlar kiminsə torpağını işğal etməyiblər və əllərində istifadə etdikləri torpaq sahəsinə dair dövlət sənədi (çıxarış) mövcuddur.

"Tahir müəllimə kiminsə torpağından bir qarış belə lazım deyil, məhkəmədə hər şey aydın olacaq. Kiminsə torpağına girməmişik, hamısı yalandır. Tahir müəllim onlara həmişə hörmət qoyub, təəssüf ki, belə alınıb..."-deyə qarşı tərəf saytımıza bildirib.

İnanırıq ki, problem məhkəmə müstəvisində ədalətli həllini tapacaq...





 

Demokratik.Az       

 

   

  

Oxşar xəbərlər