Cin çıxarmaq adıyla qətl törədənlər, nəhayət, vəkil tapdı

  • 10 sen 2019, 13:16

"Cin çıxaran" dəstə növbəti dəfə hakim qarşısına çıxarılıb.

Cin çıxarmaq adı ilə vətəndaşın ölümünə səbəb olmaqda ittiham edilən şəxslərin növbəti məhkəməsi keçirilib.

6 nəfərlik dəstə üzvünün cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutub.

Bu dəfə də məhkəmənin hazırlıq iclası davam etdirilib. Təqsirləndirilən şəxslər vəkillə müqavilə bağlandığı üçün proses bir neçə dəfə təxirə salınmışdı.

Sonuncu məhkəmə iclasında təqsirləndirilən şəxslərdən üçü öz hesablarına, üçü isə dövlət hesabına vəkillə təmin edilib.

Məhkəmənin baxış iclası sentyabrın 16-na təyin edilib.

Xatırladaq ki, kifayət qədər səs-küyə səbəb olan hadisə ötən il noyabr ayının 10-da Şabran şəhərində baş verib.

Belə ki, 25 yaşlı Murad Soltanovun Şabran şəhərində kirayədə yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyidi tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin altı nəfər tərəfindən törədildiyi müəyyən edilib. 

Araşdırmalarla onların Şabran şəhər sakinləri Vüsal İbrahimov, Əfqan Tanrıverdiyev, Cəmil Qayıbov, Sahib Xəlilov, Aprel Xəlilov və Füzuli Qəribov olduqları müəyyənləşdirilib və onlar şübhəli şəxslər qismində saxlanılıblar.

İlkin təhqiqat zamanı saxlanılanlar törətdikləri cinayət əməllərini etiraf ediblər. Həmin şəxslərin evdə M.Soltanovu guya xalq təbabətindən istifadə olunmaqla müxtəlif formada müalicə etdikləri, bədənindən şər qüvvələri çıxarmaq adı ilə nar ağacının çubuqları ilə vuraraq ona ağır bədən xəsarətlər yetirdikləri, məhz bundan sonra sonuncunun kirayədə qaldığı mənzildə dünyasını dəyişdiyi məlum olub. 

Araşdırmalarla M.Soltanovun Bakı şəhərində əvvəllər də eyni üsulla guya müalicə aldığı, lakin sonuncu belə "seans" zamanı sağlamlıq durumunun qəfil pisləşdiyi müəyyən edilib. Eyni zamanda, keçirilən tədbirlərlə, Vüsal İbrahimovun yaşadığı evə baxış zamanı oradan 1 ədəd qanunsuz olaraq saxladığı "Toz-8" markalı tüfəng aşkar edilərək götürülüb.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 126.3 (iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədilən qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 138.2-1-ci (Tətbiqi müəyyən olunmuş qaydada qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etmə ehtiyatsızlıqdan şəxsin ölümünə və ya sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb. /Musavat.com/

Oxşar xəbərlər