Türkiyənin taleyi üç il öncə dəyişsəydi - VERSİYALAR

  • 17 iyul 2019, 09:24

Hərbi çevriliş cəhdi baş tutsaydı, qardaş ölkəni nələr gözləyirdi?

2016-cı ilin 15 iyulundan 16 iyula keçən gecə Türkiyədə təşkil edilən hərbi çevriliş cəhdindən üç il ötdü. Çevrilişə cəhd edənlərin məqsədi Türkiyədə mövcud hakimiyyəti devirmək idi. Özünü "Yurdda Sülh Konseyi” adlandıran bir qrup Türkiyə  Silahlı Qüvvələrinin rəsmi internet saytında və TRT-də yayımlanan bildirişdə ordunun dövlət idarəçiliyini ələ aldığını, ölkədə fövqəladə vəziyyət və küçəyə çıxma qadağası tətbiq edildiyini elan etdi.

İlk növbədə Ankarada Polis Akademiyası partladıldı. Daha sonra İstanbulda Atatürk Hava Limanı, TRT, AKP-nin Ankara qərargahı zəbt olundu. Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisi Hulusi Akar və ordunun komanda heyətinə daxil olan bəzi generallar, eləcə də prezidentin baş katibi əsir alındı. Türkiyə Böyük Millət Məclisi havadan atəşə tutuldu. Küçələrə tanklar çıxarıldı. Ölkənin hava limanları, körpü və magistral yolları nəzarət altına alındı. TRT telekanalı, ardınca da Doğan Media Mərkəzi ələ keçirildi. AKP hökumətinin fəaliyyət imkanları iflic edildi.

İstanbuldaki Boğaziçi və Fatih Sultan Mehmet körpüsünün jandarma tərəfındən bağlanılması ilə başlayan vaxtda, TBMM başqanı İsmail Kahraman və təxminən 50-yə qədər millət vəkilinin Məclisdə olduğu vaxtda F-16 döyüş təyyarələri Məclis üzərində uçuş edərək parlamenti dörd dəfə bombaladı. Ankaranın Beştepe səmtində yerləşən prezident sarayına bombalama cəhdi olsa da uğurlu alınmadı. Muğlanın Marmaris bölgəsində bir hoteldə olan prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsdə cəhd olundu. Baş Qərargah rəisi Hulusi Akar, Quru Qoşunları komandiri Salih Zeki Çolak, Hava Qüvvələri komandiri Abidin Ünal ve Jandarma Baş komandiri Galip Mendi çevrilişi gerçəkləşdirən əsgərlər tərəfindən girov götürüldü.

Hadisələrlə bağlı prezident Ərdoğan "CNN Türk”də etdiyi müraciətdə xuntaya heç bir imkanın verilməyəcəyini bildirərək xalqı meydanlara çıxıb çevrilişə qarşı çıxmağa çağırdı. Bununla da ölkənin bir çox şəhərlərində mitinqlər təşkil edildi.

16 iyul səhərinə kimi ordu və polisin birgə əməliyyatları nəticəsində çevriliş cəhdinin qarşısı alındı. Bu hadisələr nəticəsində 104-ü qiyamçı əsgərlər olmaqla, 300-dən artıq insan həyatını itirdi, 1491 nəfər isə yaralandı. Hərbi çevrilişə cəhd edənlər arasında həbs olunan hərbçilərin sayı 3000-ə çatdı. Hadisə ilə əlaqədar 34 general, yüzlərlə hərbçi, hakim, prokuror saxlanıldı.

İstanbul Bakırköy Respublika Baş Prokurorluğu, Anadolu Respublika Baş Prokurorluğu tərəfindən Türkiyə Cinayət Məcəlləsinin "Hökuməti aradan qaldırmaq”, "prezidentə qarşı sui-qəsd”, "əhalini üsyana təhrik etmək” və sair digər maddələr əsasında cinayət işi qaldırıldı. Aparılan araşdırmalar nəticəsində müxtəlif rütbəli 8036 hərbiçi həbs edildi. Həbs edilənlər yalnız əsgərlər deyildi. Buraya "FETÖ” adlanan Fətullah Gülən hərəkatına daxil olduğu deyilən  professorlar, müəllimlər, idmançılar və digər peşə sahibləri də daxil idi. Həbs olunan FETÖ-çülərin sayı gün-gündən artdı. Konstitusiyaya əsasən, ölkədə fövqəladə vəziyyət elan edildi.

Qardaş ölkədə hərbi çevrilişə cəhd 1962, 1963, 1969 və 1971-dən sonra uğursuz olan 5-ci müdaxilə kimi tarixə keçdi.

Əgər 15-16 iyul hərbi çevriliş cəhdi baş tutsaydı, bu üç ildə Türkiyədə nələr yaşana bilərdi? İstər hərbi-siyasi, istər ümumiyyətlə götürdükdə ölkənin yönü necə olardı?

Hərbi-siyasi ekspert Ramil Məmmədli "Yeni Müsavat”a bildirdi ki, hərbi çevriliş cəhdi Türkiyənin xaosa sürüklənməsi, bir dövlət kimi sarsıdılması planının başlanğıcı idi. Çevriliş baş tutsaydı, öncə hazırkı siyasi elita və onu dəstəkləyən iqtisadi qurumlar, icmalar və şəxslər ciddi repressiyaya məruz qala bilərdilər. Qətllərin, həbslərin miqyası minlərlə şəxsi əhatə edə bilərdi. Digər tərəfdən, ölkənin mövcud siyasi xəttində əsaslı dəyişikliklər olacaqdı, ölkə sonu yaxşı görünməyən xaosa yuvarlanacaqdı.

Ekspertin sözlərinə görə, Türkiyədə hərbi çevriliş baş tutsaydı, ölkənin xarici siyasi xəttində son üç ildəkindən tamamilə əks istiqamətə proseslər gedəcəkdi: "Qərb, ABŞ Türkiyədə itirilmiş mövqelərini bərpa edəcəkdi. Bununla da əsasən qərblə bağlı məsələlərdə, Rusiya ilə əməkdaşlıq məsələlərində Türkiyənin siyasi xətti kəskin dəyişəcəkdi. Daha dəqiqi, Türkiyənin Asiya regionuna inteqrasiyasi-qayıdışı prosesi dayandırılacaqdı və ölkələr arasındakı mövcud müqavilələr imzalanmayacaqdı. O ki qaldı bu çevriliş sonrası Türkiyənin hərbi-siyasi siyasətində olacaq dəyişikliklərə, birmənalı olaraq, bu sahədə indi mövcud olan heç bir mümkün layihələr həyata keçirilə bilməyəcəkdi. Məsələn, Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksinin alınması proqramı baş tutmayacaqdı. Çünki bu texniki layihənin əsasını Türkiyə-Rusiya hərbi-siyasi yaxınlaşması qoydu. 2015-ci ilin 24 noyabrında Türkiyə ilə Suriya sərhədinin yaxınlığında Türkiyə hərbi hava qüvvələrinin F-16 qırıcı təyyarəsi tərəfindən Rusiyanın Su-24 bombardmançı təyyarəsinin vurulmasından sonra gərginləşən münasibətlər 2016-cı ildə çevriliş baş tutduğu təqdirdə daha da kəskin hal alacaqdı. Rusiya ilə çox gərgin münasibətlər yaşanacaqdı. Bundan başqa, Türkiyənin Suriyadakı hərbi missiyasını da həyata keçirmək mümkün olmayacaqdı. Çünki bu missiya ABŞ-la yanaşı Rusiyanın Türkiyə ilə yaxşı münasibətləri nəticəsində icra oluna bildi. İranla münasibətlərin kəskinləşəcəyini də xüsusi qeyd etmək lazımdır. Çünki hərbi çevriliş baş tutacağı halda Türkiyədə möhkəmlənən ABŞ hakimiyyətə gətirdiyi qüvvəni İrana qarşı çıxmağa sövq edəcəkdi”.

Etibar SEYİDAĞA,
"Yeni Müsavat”

Oxşar xəbərlər