Hadi Rəcəblinin "doğuş fəlsəfəsi" DOĞRUDURMU?!

  • 30 iyun 2019, 17:44

"Bizdə deyirlər ki, doğuş azalıb. Nədən azalıb? Təzadlı görünsə də, bizim durumumuzun (sosial yaşamı, dolanışığı nəzərdə tutur - O.N) yaxşılaşmasına görə”.

BU fikri hər açıqlaması qalmaqal və etiraz doğuran bir millət vəkili, Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədri Hadi Rəcəbli "Oxu.Az"-a müsahibəsində deyib.

Bəs, guya elmi-nəzəri və Avropa ölkələri üçün statistik göstəricilərə əsaslanan bu cılız açıqlamada Azərbaycan həqiqətlərinin də payı varmı? Axı, əhalinin günbəgün artmaqda olan işsizliyinin aradan qaldırılmasını, ailələrin çətin maddi dolanışığının minimuma endirilməsini hökumətdən istəməyə məsul bir deputatın doğuşun azalmasını əsas gətirib belə çaşdırıcı mövzularla cəmiyyətimizə təsəlli və sevinc aşılaması gülməlidir. Axı, bugünkü ümumi ağır sosial duruma cavabdehlik daşıyan bir deputat iqtisadi-sosial gerçəklərimizi gizlətməkçün səsləndirdiyi bu üzqaraldan müqayisəsi heç yerli-yerində deyil. Qalmaqallı və varlı deputatın bu açıqlaması özünün yeni, savadsız və mütləq spekulyativ sayıqlamalarından doğub!

Bütün dünyada olduğu kimi, Azərbaycanda da iqtisadi-sosial yaxşılaşmanın göstəriciləri demoqrafik dəyişikliklərə birmənalı tabe deyil. Əksinə, əhalinin azalma tendensiyasının kasıbçılığa, yoxsulluğa, işsizliyə tabe olduğunu, məhz sosial gərginlik səbəbindən boşanmaların sayının günümüzdə dəfələrlə artdığını, milli genefondumuzun zədələnməyə məruz qaldığını Hadi müəllim hamıdan əla bilməlidir. Bəs, Hadi müəllim əslində nə demək istəyir, məqsədi nədir? Bu sualın cavabı məlumdur.

- 7 min manat aylıq məvacib alan bu deputat hər dəfə kasıb həmvətəndaşlarının ehtiyac meyarından danışanda 180 manatlıq maaşı sadə azərbaycanlıya çoxlu gəlir görə bilibsə, indi nə deməliydi ki?! Yəqin, 180 manat gəliri olan ailələr o dərəcədə yaxşı yaşayır ki, doğmaq-doğurmaq barədə düşünməyə vaxt belə tapmır, eləmi?

- Hadi Rəcəbli həmin adamdır ki, uşaq pullarının bərpasına bir dəfə də olsun çalışmayıb, ləğvinə "qol" qoyduğu uşaqpulu barədə heç vaxt müsbət nəsə danışmayıb və indi də durub doğuşun azalmasına sevinir. Və hesab edirsə ki, əhali super yaşayır deyə doğuşlar da azalıb, deməli yanıldığını bilir. Amma, adətincə, yenə kasıb zümrəni yanıltmağa, yuxuya verməyə girişir...

- Əslində demoqrafiya məsələsi heç bir tarixi dövrdə və ya hansısa konkret dövlətlərdə də sabit olmayıb. Bu hər zaman dəyişkəndir. Deputatın fikrinin əleyhinə, söyləmək gərəkir ki, kapitalizmdən əvvəlki dövrdə belə dünya əhalisinin sayı çox yavaş artırdı. Bu hadisə daha çox aramsız müharibələr, epidemiyalar, insanların həyat səviyyəsinin aşağı olması ilə əlaqədar idi. Yəni, söyləmək olar ki, əhali artımı sosial durumun zəifləməsi ilə sürətlənə bilən, varlı yaşam boyunca isə azalan tendensiya deyil. Bu hal əslində deputatın fikirlərinin əksinə işləyən sadə bir epizoddur. Azərbaycan kimi ölkələrdə ümumiyyətlə varlı yaşantı, yaxşı durum heç bir halda doğuşun azalması kimi yozulacaq bir hal deyil.

- Azərbaycanda artımı ləngidən ən önəmli amillərdən biri də əhalinin, əsasən kişi potensialının miqrasiyaya məruz qalmasıdır. Əgər, milyonlarla insanımızın işsizlikdən, iqtisadi - sosial problemdən dolayı ölkəni tərk edib Rusiyaya və digər xarici ölkələrə getməsi Hadi Rəcəbli üçün maraqlı deyilsə, onda zəhmətə qatlanıb doğuşun sayının azalmasının real səbəblərini gizlətməyə səy göstərməsin. Xatırlasın ki, əhali artımı təbii artımla yanaşı mexaniki artım vasitəsilə də tənzimlənir. Bu durumda isə, Azərbaycanın milyonlarla kişisi mexaniki təbii artım ehtiyacını emiqrant kimi uzun illərdir ki, digər ölkələrdə həyata keçirir. Təsadüfi deyil ki, son illər Azərbaycan xanımlarının da varlı əcnəbilərlə evlənməsi halları xeyli artıb.

- Ümumiyyətlə, əhalinin artımı daha çox məhsuldar qüvvələrin inkişaf səviyyəsi, əhalinin etnik, dini və regional mənsubiyyəti, qadınların ictimai əməyə cəlb olunması və cəmiyyətdə rolu ilə də xarakterikdir. Bunlardan da əsası, dövlətin özünün doğumu stimullaşdırması daha effektiv metod sayılır. Bütün sivil dünya dövlətləri, hətta bütün keçmiş postsovet ölkələri bu praktikadan tərəddüdsüz istifadə edir. Hadi müəllim də bu amil üzərində təklif və tövsiyyələr versə, analizlər aparsa daha məntiqli olar.

- Azərbaycanda uşaq dünyaya gətirən ananın 9 aylıq hamiləliyi ərzində həkim müayinələri, doğuş zamanı dövlət və özəl xəstəxanalarında doğulan hər körpədən rüşvət alınması da bu məsələdə doğuş artımını tormozlayan süni əngəllərdəndir. Keysəriyyə əməliyyatının qiyməti 500-1000 manat arasında dəyişir. Bundan başqa, anaların 50-70 faizi keyfiyyətsiz qidalanmanın təsirindən körpəni təbii südündən məhrum edir. Nəticədə, ata geni modifikasiya olunmuş, mənşəyi bəlli olmayan müxtəlif bahalı qidalar almağa məcbur qalır.

- Təəssüf ki, uşaqların tam sağlam şəraitdə böyüməsinə, orta məktəbdə repititorsuz keyfiyyətli tədrisə-biliyə sahib olmasına mühüm qarantiya yoxdur və uşaqlara dair qəbul edilən qanunlardakı mühüm məsələlərə dövlət nəzarəti yetərsizdir.

- Sonda, doğuş məsələsinin ailələrin öz ixtiyarına buraxıldığını, hansısa müdaxilənin olmadığını iddia edən deputat Hadi Rəcəbliyə onu da xatırladım. Doğuş məsələsində kasıb və yoxsul yaşayan ailələrlə Avropada varlı mühitdə yaşayan ailələrin ixtiyarı eyni deyil. Çünki, pulu olanların qərarı şəxsi istəyə, doğuş (övlad) məsələsində kasıbın müasir qərarları isə məcburən pul və gələcək dolanışığa hesablanır.

Beləcə... Növbəti illərdə Azərbaycanda doğuş artımı sürətlənərsə, Hadıların əhaliyə "doğuş qadağası" tətbiq edəcəkləri heç kimi təəccübləndirməsin.

Hadi Rəcəblinin son məntiqi bunca mənasızdır: "Doğuş azalırsa sosial durum yaxşılaşıb" - yanaşmasına paralel cavab var. "Əhali sürətlə artarsa, deməli kasıbçılıqdı?

Hadi müəllim, bəlkə heç kim doğmasın və əhali daha da varlansın...!"

Osman Nərimanoğlu

 

Demokratik.Az

Oxşar xəbərlər