Şirməmməd Hüseynovun adına layiq VİDA TÖRƏNİ

  • 26 iyun 2019, 10:49

Şirməmməd  Hüseynov Azərbaycan tarixindən gəlib keçmiş bütün obrazları, parametrləri ilə ideallara cavab verən kimlikdir...

İyunun 25-də Bakı Dövlət Universitetində Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, BDU-nun mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynovla vida mərasimi keçirilib.

Musavat.com xəbər verir ki, prezident İlham Əliyev və  Birinci vitse-prezident  Mehriban Əliyeva vida mərasiminə əklil göndərib.

Vida mərasimində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, PA-nın şöbə müdiri Fuad Ələsgərov, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, vergilər naziri Mikayıl Cabbarov, MSK sədri Məzahir Pənahov, AMEA prezidenti Akif Əlizadə, Birinci vitse-prezidentin köməkçisi Anar Əkbərov,  təhsil naziri Ceyhun Bayramov, səhiyyə naziri Oqtay Şirəliyev, BDU-nun rektoru Elçin Babayev, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla, Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, alimin tələbələri, ictimaiyyət nümayəndələri və mərhumun ailə üzvləri iştirak ediblər.

"Şirməmməd Hüseynov çox arzulayırdı ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyini görsün. Təbii ki, arzusuna çatdı”.

Bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev vida mərasimində deyib.

O bildirib ki, Şirməmməd Hüseynov yüzlərlə jurnalistin ustadı olub: "O, Azərbaycan və azərbaycançılıq ideologiyasının carçılarından idi. Azərbaycan dövləti Şirməmməd müəllimin zəhmətini hər zaman qiymətləndirib. Şirməmməd müəllim özündən sonra heç bir zaman unudulmayan tarixi iz qoydu”.

"Bu səhnədə dayanmaq mənim üçün ağırdır. Şirməmməd Hüseynovun vida mərasiminə gələn hər kəsə təşəkkür edirəm”.

Şirməmməd Hüseynovla keçirilən vida mərasimində onun qızı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva belə deyib.(Report.az)  O, atasının çox şərəfli və ləyaqətli ömür yaşadığını vurğulayıb: "Bu ömür yolunda qoyduğu miras onun təmiz adı, ləyaqəti idi. Atam həmişə BDU-nu özünün birinci evi hesab edirdi. O, 60 ildən çox bura gəlib-gedib.

Onun düşüncəsində BDU Azərbaycanın bir modeli idi. Cümhuriyyətin 100 illiyi qeyd ediləndə atam ən əziz övladının ən xoş günü kimi sevinirdi. Atam Prezident  İlham Əliyevin  və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısını görüb”.

"Şirməmməd Hüseynovun vəfatı Azərbaycan mətbuatı və cəmiyyəti üçün çox böyük itkidir”. Bunu jurnalistlərə açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O bildirib ki, Ş.Hüseynovun banisi olduğu məktəb hər zaman işıq saçacaq: "Biz Azərbaycan mətbuatının patriarxını itirmişik. Şirməmməd Hüseynov bütün yaradıcılığı boyu nəsillər üçün nümunə idi. Onun üçün hər şeydən öncə millət, dövlət və vətən idi. Şirməmməd Hüseynov elə bir məktəb yaradıb ki, o məktəbin işığı uzun illər, daim Azərbaycanı işıqlandıracaq. Allah ona rəhmət eləsin və qəbri nurla dolsun”.

"İctimai fikrimizin sonuncu mogikanlarından biri, mənim universitet müəllimim...”  Bunu Sabir Rüstəmxanlı söyləyib.(Axar.az)  S.Rüstəmxanlı bildirib ki, Şirməmməd Hüseynov həyat dolu insan idi: "Adam onun ölümlə üz-üzə gələcəyini təsəvvür edə bilmirdi. O, bütün ömrünü Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına sərf edib. Azərbaycana öz ömrünü fəda etmiş insanların bioqrafiyasının toplanmasında böyük əmək sərf edib. O, qeyri-adi yaddaş sahibi idi. Məhəmməd Əmin Rəsulzadə, repressiya, AXC ilə bağlı çoxlarının unutduğu faktları ortaya qoymağı bacarırdı. Şirməmməd Hüseynov bir alim kimi çox fəal idi. O, tələbələrinin, iş yoldaşlarının və onu sevənlərin yaddaşında əbədi qalacaq”.

BDU-nun müəllimi Nəsir Əhmədli deyib ki, 1966-cı ildən bu günə qədər Şirməmməd müəllimlə birlikdə çalışıb: "Həmişə onun qayğısını hiss etmişəm. 1956-cı ildə Səməd Vurğun rəhmətə gedəndə oğlu Vaqifə zəng ediblər ki, atan rəhmətə gedib. Telefonun dəstəyi onun əlindən yerə düşür. Sonra o, bir şeir yazır: ”Dünyanın ən ağır qanteli telefon dəstəyidir..." Bu xəbəri eşidəndə mən də eyni hissləri keçirdim, telefon əlimdən düşdü. Özümü pis hiss etdim. Çünki Şirməmməd müəllim mənim həyatımda çox böyük rola malik insandır. Universitetə qəbul imtahanından tutmuş bu günə qədər mənim hamim olub. Elm sahəsində, həyatda ağsaqqalım olub. Allah rəhmət eləsin. Ailəsinə, doğmalarına səbir versin".

Deputat Fazil Mustafa bildirib ki, Şirməmməd Hüseynov öz vətəndaşlıq borcunu ölüm gününə qədər yerinə yetirməyi özü üçün öhdəlik hesab edən şəxsiyyətdir: "Bu cür şəxsiyyətlər Azərbaycan tarixində nadir hallarda olur. Onun qoyduğu irs, yaşam tərzi, pedaqoji üslubu, vicdan və obyektivlik meyarları Azərbaycan cəmiyyətində etalona çevriləcək. Mən onu çox az sayda ziyalı ilə müqayisə edə bilərəm. Onlardan biri Xudu Məmmədovdur. O, Azərbaycan tarixindən gəlib keçmiş bütün obrazları, parametrləri ilə ideallara cavab verən kimlikdir. Onun irsi yaşayacaq”.

Vida mərasimindən sonra mərhum İkinci Fəxri xiyabanda dəfn edilib. 

Xatırladaq ki, Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynov 1924-cı ildə Şəkidə anadan olub.

1941-1943-cü illərdə Şəki şəhəri 2 illik müəllimlər institutunda fizika-riyaziyyat fakültəsində təhsil alıb. 1945-1950-ci illərdə ADU, filologiya-jurnalistika şöbəsində təhsil alıb. 1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Jurnalistika fakültəsinin aspirantura şöbəsində təhsil alıb. 1954-cü ildə MDU, jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib. 1954-1961-ci illərdə BDU, filologiya fakültəsi jurnalistika kafedrasının müəllimi, dosent vəzifələrində çalışıb. 1962-1969-cu illərdə BDU, filologiya fakültəsinin dekan müavini olub. 1961-1971-ci illərdə BDU, jurnalistikanın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti vəzifəsində çalışıb. 1971-1976-cı illərdə BDU, Jurnalistika fakültəsinin dekanı olub. 1971-1988-ci illərdə BDU, mətbuat tarixi kafedrasının dosenti vəzifəsində çalışıb. 1976-1988-ci illərdə BDU, mətbuat tarixi kafedrasının müdiri vəzifəsində işləyib. 1988-ci ildən BDU, mətbuat tarixi kafedrasının professorudur. Azərbaycan Demokratik Cümhuriyyətinin, Məhəmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində, təbliğində xidmətləri olub.

O, 1966 və 1972-ci illərdə "Qızıl qələm” mükafatına, 1988-ci ildə Respublikanın əməkdar jurnalisti adına, 1991-ci ildə Zərdabi adına mükafata, 1992-ci ildə Y. Məmmədəliyev adına mükafata, 1998-ci ildə M. Ə. Rəsulzadə adına mükafata, 2014-cü ildə "Şərəf” ordeninə layiq görülüb.

Şirməmməd Hüseynov "Milli haqq və ədalət axtarışında”, "Mənəvi irsimiz və gerçəklik” və başqa kitabların müəllifidir.

"Yeni Müsavat”Ən da yaxın dostu olan Ş.Hüseynovun vəfatı ilə əlaqədar mərhumun ailəsinə dərin hüzrlə başsağlığı veririk.  Allah rəhmət eləsin!

Elçin ƏKBƏROV,
Musavat.com

 
Oxşar xəbərlər