Ədliyyə naziri Gəncədə vətəndaş qəbulu keçirdi

  • 15 iyun 2019, 08:35

Dünən - İyunun 14-də ədliyyə naziri Fikrət Məmmədov Gəncə regional ədliyyə idarəsində vətəndaşları qəbul edib.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən verilən bilgiyə görə, qəbul zamanı ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərə baxılıb, hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Səfər çərçivəsində nazir, həmçinin, ədliyyə işçiləri və hakimlərlə müşavirə keçirib.

Müşavirədə ədliyyə və məhkəmə fəaliyyətinin dövlət başçısının tələbləri səviyyəsində təkmilləşdirilməsi, məhkəmə qərarlarının ədalətliliyinin və icrasının təmin olunması, vətəndaş məmnunluğunun yüksəldilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, korrupsiyanın yolverilməzliyi ilə bağlı tapşırıq və tövsiyələr verilib.

Nazir Prezident İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında 2019-cu il 3 aprel tarixli Fərmanının müstəsna əhəmiyyətini qeyd edərək, bu mühüm sənədin ədliyyə və məhkəmə fəaliyyətinin gələcək inkişafı üçün "yol xəritəsi" olduğunu, bu sahədə islahatların yeni inkişaf mərhələsinə keçdiyini vurğulayıb, kompleks qanunvericilik, institusional və praktiki tədbirlər nəzərdə tutan proqram xarakterli Fərmandan irəli gələn vəzifələrin vaxtında, dürüst və dönmədən icrasının təmin olunmasını diqqətə çatdırıb.

Oxşar xəbərlər