Xəbər lenti
Bütün xəbərlər

Surət Hüseynov haradadır: Gəncə qiyamı təşkilatçısının dosyesi

  • 14 iyun 2019, 08:21

Elçibəy iqtidarının devrilməsinə səbəb olmuş qiyamçı polkovniklə bağlı son bilgilər

1993-cü ildən indiyə qədər hər il iyun ayı "Surət Hüseynov” adı mediada ən çox hallanan isimlərdən olur. 4 iyunda AXC hakimiyyətinə qarşı hərbi qiyam qaldıran və hakimiyyətin devrilməsinə səbəb olan Surət Hüseynov kim olub?

Onun barəsində araşdırma apardıq və ilk olaraq youtube-də yazılanlara nəzər yetirdik. Surət Davud oğlu Hüseynov 1959-cu ildə Gəncədə anadan olub. Azərbaycan Texnologiya İnstitutunu bitirib. 1977-ci ildən 1979-cu ilə qədər sovet ordusunda xidmət edib. 1980-ci ildə institutda oxuya-oxuya, Gəncə şəhərində xalça-mahud kombinatında usta köməkçisi işləyib. 1983-ci ildə institutu bitirib və Pyatiqorsk şəhərinə köçüb, sonra Azərbaycana qayıdıb və 1984-cü ildən Şəki Tədarük İdarəsinin çeşidləyicisi, 1986-cı ildən Yevlax rayonunda Yunun İlkin Emalı Fabrikinin böyük nəzarətçisi, sex rəisi, 1989-cü ildən həmin fabrikin direktoru vəzifələrində işləyib. Bu fabrikin direktoru işləməsi Surət Hüseynovun əlində ciddi ölçüdə vəsaitlərin toplanmasına səbəb olur.

Surət Hüseynov 1992-ci ilin əvvəllərində könüllü batalyon yaradıb və o vaxtdan Qarabağdakı döyüş əməliyyatlarına maliyyə dəstəyi verib. 1992-ci ilin iyulundan 1993-cü ilin fevralınadək Azərbaycan Respublikası baş nazirinin müavini və prezidentin Qarabağ üzrə fövqəladə səlahiyyətli nümayəndəsi, eyni zamanda milli ordunun korpus komandiri vəzifələrində çalışıb. Prezident Əbülfəz Elçibəyin 8 avqust 1992-ci il tarixli fərmanına əsasən Qarabağda olan 40 minlik silahlı qüvvə yeni yaradılmış 2-ci Ordu Korpusuna tabe etdirilib və S.Hüseynov korpusun komandanı təyin edilib. 1992-ci ilin iyun-oktyabr aylarında Dağlıq Qarabağın 52%-i, keçmiş Şaumyan rayonu, Ağdərənin böyük hissəsi, Laçın rayonu (şəhər istisna olmaqla), ümumilikdə 220 yaşayış məntəqəsi düşməndən azad edilib. Bu uğurlarda Surət Hüseynovun da rolunun olduğunu əsas göstərən Elçibəy 9 oktyabr 1992-ci ildə Surət Hüseynova Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi barədə fərman imzalayıb.

Surət Hüseynovla hakimiyyətdəki Azərbaycan Xalq Cəbhəsi liderləri arasında ziddiyyətlər əsasən 5 noyabr 1992-ci ildə Mərdəkanda şam yeməyi zamanı onun 1993-cü ilin mayınadək planlaşdırılmış hərbi əməliyyatlardan danışmaqla yanaşı, AMİP sədri Etibar Məmmədovun baş nazir təyin edilməsi təklifini verməsindən sonra başlayır. Bununla razılaşmayan rəhbərlikdə artıq Surət Hüseynovun Etibar Məmmədovla birgə hərbi çevriliş planladıqları haqda şübhələr yaranır. Hətta bunu əsas gətirən Elçibəy müdafiə naziri Rəhim Qazıyevdən Surət Hüseynovu korpus komandirliyi vəzifəsindən azad etməyi tələb edir. Lakin R.Qazıyev bununla razılaşmır. 2-ci korpus 1993-cü ilin yanvarında Ağdərə və Fərrux istiqamətlərində genişmiqyaslı hücuma atılır. Amma fevralın 5-də ermənilərin əks-hücumu nəticəsində Azərbaycan qüvvələri azad edilmiş mövqelərdən tədricən geri çəkilməyə başlayır. Beləliklə, Xankəndinin cəmi 20-30 km-dək gedib çıxmış ordumuz məğlubiyyətə düçar olur.

9 fevral 1993-cü ildə AXC İcra Komitəsinin sədri Fərəc Quliyev "Surət Hüseynovun Ağdərədən qoşunları çıxarması, ermənilərin qarşısını açması və bununla da Vətənə xəyanət etməsi” haqda bəyanat verir. Məhz bundan sonra Surət Hüseynov-Elçibəy iqtidarı münaqişəsi daha da qızışan xətlə inkişaf edir. Surət Hüseynov baş nazirin müavini və korpus komandirliyindən azad edilir.

1993-cü il 2 apreldə Kəlbəcərin işğalından sonra S.Hüseynov rəsmi Bakıya tabe olmur və hakimiyyətə qarşı ultimatumlar verməyə başlayır. Hakimiyyət onun necə tabe etdirilməsi barədə götür-qoy edir. Nəticədə 1993-cü il iyunun 4-də Gəncədə yerləşən Surət Hüseynova tabe olan 709 saylı hərbi hissənin tərk-silah edilməsi haqda əmr verilir. Uğursuzluğa düçar olan əməliyyat hər iki tərəfdən 35 nəfərin həlak olması ilə nəticələnir. Bundan daha da hiddətlənən S.Hüseynov tərəfdarları Bakıya doğru istiqamət alır və prezident başda olmaqla, AXC iqtidarının istefasını tələb edirlər. Bu vaxt prezident Elçibəy Naxçıvan Ali Sovetinin sədri olan Heydər Əliyevi ölkədə sabitlik yaratmaqda yardımçı olması üçün Bakıya dəvət edir. Heydər Əliyev Gəncəyə gələrək S. Hüseynovla görüşür. Elçibəyin hakimiyyətdən gedişi ilə nəticələnən prosesdə Surət Hüseynov baş nazir təyin olunur.

Lakin böyük iddialara sahib 34 yaşlı baş nazir 1994-cü il oktyabrın 2-də prezident Heydər Əliyevə qarşı da çıxır və dövlət çevrilişinə cəhd edir. Onun budəfəki çevriliş cəhdi uğursuzluğa düçar olur. 1994-cü il oktyabrın 14-də Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs-qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsi barədə qərar qəbul edir. Bundan sonra Azərbaycanı tərk edən Surət Hüseynov 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. 2004-cü il martın 17-də prezident İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunub.

Həbsdən azad olandan sonra S.Hüseynov siyasətlə məşğul olmur. Onun konkret harada yaşadığı barədə dəqiq informasiya yoxdur. 2011-ci ildə mediada yayılan xəbərlərdə deyilirdi ki, S.Hüseynov Rusiyada yüz milyonlarla dollarlıq nəhəng asfalt-tikinti proyektinin icrası hüququnu əldə edib. Onu bu nəhəng biznesdə sabiq patronu, bir vaxtlar Gəncə desant diviziyasının komandanı olmuş rus generalı Şerbakın himayə edib dəstəklədiyi deyilirdi. Həmçinin bildirilirdi ki, Şerbakla Hüseynov biznes ortaqlarıdır. Məlumatlarda həmçinin bildirilirdi ki, S.Hüseynovla Şerbak Moskvada həm də bağ qonşusudurlar. 2017-ci ildə isə S.Hüseynovun Türkiyədə bir neçə il öncə qurduğu biznes fəaliyyətini dondurduğu barədə xəbər yayılıb. Məhz buna görə biznesini qurduğu Türkiyəni tərk etdiyi deyilirdi.

Surət Hüseynovun Azərbaycandan birdəfəlik köçüb-köçmədiyi, ölkəyə gediş-gəlişinin olduğu barədə də heç bir məlumat yoxdur.

2017-ci ildə facebook-da onun adına açılmış səhifədə son fotoşəkilləri yayımlanmışdı. Sabiq hökumət başçısının şəkillərindən də açıq görünürdü ki, Hüseynovun əhvalı yaxşıdır, hər hansı sıxıntısının olduğu hiss edilmir.

2012-ci il avqustun 22-də Milli Məclisin sədri Oqtay Əsədova göndərdiyi müraciətində Surət Hüseynov iddia edib ki, Milli Qəhrəman adının ondan alınması zamanı qanun pozuntularına yol verilib. Ona görə də Milli Qəhrəman adının ona qaytarılmasına dair müraciətinin Milli Məclisdə müzakirəyə çıxarılmasını, Milli Qəhrəman adının ona qaytarılmasını istəyib. Lakin istəyi yerinə yetirilməyib.

Etibar SEYİDAĞA,
"Yeni Müsavat”

Oxşar xəbərlər