AXH-nin toplantısında növbəti qalmaqalı: “Çıxarın, o səs yazılarını ortaya...”

  • 15 apr 2019, 20:05

İsgəndər Həmidov: "Mən hər şeyə inanmaya bilərəm. Amma qulaqlarıma inanıram”

Ağasif Şakiroğlu: "Komissiya yaradılsın, Qurban bəyin və Tural bəyin səs yazıları araşdırılsın”

Tural Abbaslı: "Hətta o, mənim yazışmam olsaydı belə, deyərdim ki, "Yaxşı edirəm. Kimdənsə xoşum gəlmir”

Bu gün Azərbaycan Xalq Hərəkatının növbəti toplantısı Azərbaycan Liberal Demokrat Partiyasının qərargahında keçirildi. Musavat.com xəbər verir ki, dönəm sədri Ağ Partiyanın sədri Tural Abbaslı olsa da, iclası Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının (KAXCP) sədri Mirmahmud Mirəlioğlu idarə edirdi. T.Abbaslı toplantının başlamasından dəqiqələr sonra iclasa qatıldı.

Öncə Boz Qurd Partiyasının rəhbəri İsgəndər Həmidov çıxış edərək, AXH-nin bölgələrdə keçirilən təsis konfransları barədə məlumat verdi.

Daha sonra Azadlıq Partiyasının rəhbəri Əhməd Oruc əvvəlki toplantılardan birində İ.Həmidovla T.Abbaslı arasında yaranan gərginlikdən sonra barışdırıcı tərəflərin keçirdiyi görüş barədə danışdı.

O, dedi ki, həmin görüşdə AXH-də önlənməsi zəruri olan bütün məsələlər öz həllini tapıb: "Azərbaycan Xalq Hərəkatına olan inam o qədər böyükdür ki, onu mütləq davam etdirməliyik. Hər hansı bir sınmaya, parçalanmaya əsas verəcək heç bir addım olmamalıdır. Gərginlik yaradacaq heç nə yoxdur. Keçdi, getdi”.

AXH-nin İdarə Heyətinin üzvləri həmçinin quruma qoşulmaq istəyən şəxslərlə bağlı da məlumat veriblər.

İslam Partiyasının rəhbəri Hacı Taleh isə Milli Şuradan olanların bu hərəkata qarşı süni yollarla təxribat yaratdıqlarını dedi: "Milli Şura adlı təşkilat gözləmə mövqeyindədir, cəmiyyətin dərdinə dəyməyən hərəkətlər edir. Buradan onlara xəbərdarlıq edirəm”.

Azadlıq Partiyasının rəhbəri Əhməd Oruc isə iki ayrı qurumun Qarabağ toplantısının olmasının doğru olmadığını dedi. Onun fikrincə, AXH və Qarabağ Komitəsi ayrı-ayrılıqda Qarabağ toplantısı keçirməkdənsə, ortaq tədbir daha məqsədə uyğundur.

Tədbirə qatılandan sonra söz alan T.Abbaslı isə bildirdi ki, AXH daxilində heç də bütün məsələlər öz həllini tapmayıb. Çıxışçı öncə prosedura etiraz etdi. O, özünün dönəm sədri olmasına baxmayaraq, hansı əsasla toplantının M.Mirəlioğlu tərəfindən idarə olunmasının qaranlıq qaldığını bildirdi.

O, iclasın özü yox, M.Mirəlioğlu tərəfindən aparılmasının sanki onun hansısa səhvinə görə cəzalandırılması kimi qiymətləndiriləcəyini də istisna etmədi: "Baxanlar var, izləyənlər var. Guya Tural burda nəsə səhv edib. Tural iclası aparmasın. Sülh olsun, barışıq olsun, o öz yerində... Amma istərdim ki, bu məsələ ilə bağlı Mirmahmud bəy məlumat versin. Bu iradım da bugünkü protokola düşsün”.

M.Mirəlioğlu isə iradın obyektiv və ədalətli olmasına baxmayaraq, iclasın T.Abbaslı tərəfindən aparılmamasının səbəbləri olduğunu dedi.

Onun sözlərinə görə, T.Abbaslının məhkəməyə getməsi, toplantıya yubanması faktı iclasın sonuncu tərəfindən aparılmaması qərarına səbəb olub: "Bu toplantını mənim aparmağıma hər kəs razı olub, bir mən əleyhinə olmuşam”.

AXH üzvü Mətləb Mütəllimli isə T.Abbaslı ilə Qurban Məmmədov arasında aparıldığı iddia olunan yazışma məsələsini öz aralarında araşdırdıqlarını, ortaya çıxan sübutlar əsasında bu yazışmanın tərəflərə aid olmadığının üzə çıxdığını dedi:"Belə saxta şeylərlə hərəkata təsir etmək istəyirlər. Biz də imkan daxilində belə təxribata inanmayaq. Belə hallar bizi tez-tez hövsələdən çıxarar. Biz özümüz də o fikirdəyik ki, belə hadisələr bizi narahat etməməlidir”.

İ.Həmidov isə dedi ki, o yazışmanı mediaya ötürən, o formada təqdim edən şəxs vicdansız və əxlaq anlayışı olmayan adamdır. Onun sözlərinə görə, ümumiyyətlə, T.Abbaslı haqda heç kim elə düşünmür.

"Mən hər şeyə inanmaya bilərəm. Amma qulaqlarıma inanıram” - deyən İ.Həmidov bu təxribatın müəlliflərinin T.Abbaslının öz ətrafında olan adamlar olduğunu vurğuladı.

AXH İdarə Heyətinin üzvü Süleyman Əliyev isə bu toplantıdan 4 iyun Gəncə qiyamının iyinin gəldiyini dedi. O, üzünü T.Abbaslıya tutaraq, "Siz niyə gəldiz? Gələn kimi gərginlik yaratdız” deyə sual verdi. T.Abbaslı isə istehza ilə "Özümü təmizə çıxarmaq üçün” cavabını verdi.

AXH üzvü Elşad Musayev ortada səs yazısı olsa da, onun canlı yayında səsləndirilməsinin düzgün olmadığını dedi.

"Kimə reklam edirik? Kimə göstəririk?” - deyən E.Musayevə görə, bu məsələni gərginləşdirmək istəyənlər AXH-nin dağıdılmasında maraqlıdılar: "AXH-ni dağıtmaq üçün bütün qüvvələr səfərbər olub. Kim bu İdarə Heyətində təmsil olunacaqsa, bizi dağıtmaq istəyənlərə qarşı olsun. Biz birlikdə güclüyük”.

Toplantıya görüntülü zənglə Londondan qatılan Qurban Məmmədov isə yayılan dezinformasiyaya aydınlıq gətirilməli olduğunu dedi. Onun sözlərinə görə, bunu edənlər cəzalandırılmalıdır.

İ.Həmidov ortada bəzi səs yazılarının olduğunu və bunun toplantıda yayılmasının vacibliyini bildirdi.

T.Abbaslı hər kəsin toplantıdan çıxandan sonra bu toplantı barədə öz fikirlərini deyə biləcəyini vurğuladı. Onun sözlərinə görə, kiminsə kiməsə nəsə deməsi məsələsinin mənəvi tərəfdən başqa heç bir hüquqi anlamı yoxdur: "Bu yazışma ortaya çıxdı. Bu, qanun, əsasnamə pozuntusu kimi cəmiyyətə təqdim olundu. Mirşahin belə, bizim adımızı çəkmədiyi halda, bizim adımızı burada çəkənlər oldu. Hətta o, mənim yazışmam olsaydı belə, deyərdim ki, "Yaxşı edirəm. Kimdənsə xoşum gəlmir”.

Toplantı zamanı T.Abbaslının sözünə müdaxilə edən S.Əliyevlə onun arasında gərginlik yaşandı. M.Mirəlioğlu isə öz növbəsində T.Abbaslını replikalara uymaqda ittiham etdi.

Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu qarşı tərəfin spekulyasiya etdiyini, səs yazılarının ortaya çıxarılmasının vacibliyini vurğuladı: "Komissiya yaradılsın, Qurban bəyin və Tural bəyin səs yazıları araşdırılsın. Onunla bağlı komissiya qərar versin. Daha bir iradım isə odur ki, bir neçə gün əvvəl Qurban Məmmədov musavat.com-un canlı yayınına çıxıb dedi ki, artıq Azərbaycan Xalq Hərəkatından istefa verir. Sıravi üzv olmayan adam niyə bizim toplantıya qatılır?”

Müzakirələr zamanı səs yazılarının dinlənilib-dinlənilməməsi ilə bağlı iclasda fikir ayrılığı yaşandı. Şəffaflıq üçün səs yazılarını dinləməyin vacibliyini bildirənlərlə yanaşı, bunu mediaya açıq iclasda etməyin doğru olmadığını deyənlər də oldu.

İH-nin üzvü Ramiz Tağıyev bu problemin yaranmasını Q.Məmmədovun pafoslu danışığının nəticəsi adlandırdı.

Ə.Oruc "səs yazılarını ifşaya başlasaq, bunun altından çıxa bilmərik” dedi. "Örtülü bazar, dostluğu pozar” deyən İ.Həmidov isə səs yazılarının dinlənilməsini tələb etdi: "Telefon danışıqlarının yayılmasının tərəfindəyəm. Bu savaşa son qoyulmalıdır. Qurban bəy hazırda mühacirətdədir. Mən təklif edirəm ki, səs yazılarını dinləyək. Onda biləcəyik ki, kimdə nə qədər həqiqət var. Amma AXH-ni heç kim dağıda bilməz”.

Yenidən görüntülü zənglə iclasa qatılan Q.Məmmədov yaxın günlərdə Namiq adlı keçmiş polis rəisini efirə dəvət edib, bir çox həqiqətləri üzə çıxaracağını dedi: "Son bir həftədə bir neçə dəqiqəlik mesaj yolladım ki, mənə dair nə deyirlərsə, iki qardaş arasında həll edək. İstəyirəm ki, hamı bilsin. Bundan ona söz deyənlər agentdirlər. Guya Turalla mənim aramdakı danışığa istinad edən hər kəs cəzalandırılmalıdır. O səs yazıları nədir? Nemət Pənahlı özünü çox ağıllı hesab edir”.

Sabiq müdafiə naziri Rəhim Qazıyev isə "buranı biz dağıtmasaq, heç kim dağıda bilməz” dedi.

İclası aparan M.Mirəlioğlu isə sonda bildirdi ki, qaldırılan məsələ komissiyaya həvalə olunub və ekspertizadan keçiriləcək.

Sevinc TELMANQIZI, musavat.com

Oxşar xəbərlər