Gəncədə ərəb şeyxinin törətdiyi avtoqəzadan DETALLAR - Zərərçəkmiş qadın "Demokratik.Az"a danışdı

  • 06 mart 2019, 09:40

Bir neçə gün öncə Gəncədə baş verən yol nəqliyyat hadisəsi barədə məlumat vermişdik. Sürücüsünün ərəb şeyxi olduğu ehtimal edilən "Jeep" markalı avtomaşının Gəncə Baş polis İdarəsinin yaxınlığında qəza törətdiyini, nəticədə "Vaz 21-06" markalı avtomaşının yararsız hala düşdüyünü, maşının salonunda olan 1958-ci il təvəllüdlü Qasımova Xatirə Rza qızının ağır xəsarət aldığını, komaya düşdüyünü qeyd etmişdik. (Həmin xəbərin linki -Ərəb şeyxi Gəncədə avtoqəza törətdi - yaşlı qadın komaya girdi

Hazırda Gəncə 3 saylı şəhər xəstəxanasında stasionar müalicə alan qadının vəziyyəti stabilləşib. Zərərçəkmiş olayın təfərrüatları barədə "Demokratik.Az"-a danışıb. Vətəndaş öz iradlarını bildirib.

Hadisə Xatirə Qasımova taksidə gedərkən baş verib. Bir "CİP" qəfildən onun içində olduğu maşına sürücü tərəfdən çırpılıb və məlum hadisə baş verib. Xatırladığına görə, onu ətrafdakı adamlar maşından zorla çıxarıblar. Dərhal da Gəncə Beynəlxalq Xəstəxanasına aparıb bütün müayinələrdən keçiriblər. Sonradan 3 saylı şəhər xəstəxanasına yerləşdiriblər.

Zərərçəkmişin sözlərinə görə, bədəninin müxtəlif nahiyyələrindəki ağrılardan əziyyət çəkir. Ağır kəllə-beyin travması aldığından baş ağrıları onu narahat edir. Dövlət xəstəxanası olsa da, müalicəsi üçün əlavə məsrəflərə ehtiyac duyur. Xatirə Qasımova deyir ki, hadisəni törədən ərəb əsilli şəxs olaya laqeyid yanaşır. Heç vecinə də deyil. Zərərçəkmiş müalicə tələbinə ən yaxşı halda 150-200 manat pul təklifi aldığını bildirir. Polisə və digər qurumlara şikayətlər etsə də, bir cavab alır: " Qəzanı törədən əcnəbidir, heç nə edə bilmərik.,..pul istəmə, müalicəni dövlət qarşılayır.,.. məhkəmənin qərarını gözləyin və sair.."

Kirayələrdə yaşadığını deyən vətəndaş bir neçə gündən sonra ev şəraitində müalicə alacağını bildirib. Hesab edir ki, ambulator müalicəsinə tələb olunan pul məbləğini qarşılayacaq maddi imkanı yoxdur. Və bütün xərclərini ərəb ödəməlidir.

Xəstəxananın travmatologiya şöbəsinin müdiri Telman Feyzullayev saytımıza bildirib ki, xəstənin vəziyyəti normallaşır, olayda kəllə-beyin travması alıb, bədəndə əziklər də var. Bir neçə günə evə buraxıla bilər.

Hadisədən zərər görən Gəncə şəhər sakini Fərhad Quliyevlə də danışa bildik.

(Vaz 21-06 "Az 51-BB-042")

Taksi sürücüsü isə bildirdi ki, şikayətçi olsa da, maşına zərərin sığorta tərəfindən ödəniləcəyini bilir. Ona görə də, ərəbə qarşı başqa tələbi yoxdur. Ona yeni maşın verildiyi iddiası da yalandır. Zədəli maşınını isə DYP-nin cərimə mmeydançasından artıq çıxarıb, təmirə verib. Hadisədə zərər görən qadına üzüldüyünü, bu hadisəni arzulamadığını bildirib. 

Hazırda Gəncə Baş Polis idarəsində hadisənin mahiyyəti üzrə cinayət işi açılıb, Xatirə Qasımovanın da izahatı alınıb. Digər zəruri istintaq araşdırmaları davam etdirilir.

DİN-in Qərb regional mətbuat xidmətindən "Demokratik.Az"-a bildirilib ki, polis belə olaylara həssas yanaşır, hansısa ərəbə görə hüquqpozmadan söhbət gedə bilməz. Hadisəyə düzgün hüquqi qiymət veriləcək.

Demokratik.Az 

 

Oxşar xəbərlər