Prezidentə heykəl təklifi qalmaqal doğurdu: “Bu, Rəsulzadənin haqqına girməkdir”

  • 05 mart 2019, 14:21

Hazırda Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) əməkdar artist Bəhram Bağırzadənin Prezident İlham Əliyevlə görüşdə Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılması ilə bağlı təklifinə baxılır. 

BŞİH-nin mətbuat xidmətindən qeyd edilib ki, heykəlin ucaldılması ilə bağlı müvafiq qurumlarla birgə 4-ə yaxın mərkəzi küçə nəzərdən keçirilir.

Məlumata görə,  baxılan yerlərdən ikisi "Neftçilər” prospektindədir. Onlardan biri Bəhram Bağırzadənin təklifdə səsləndiyi yer-Kukla teatrı ilə üzbəüz bağ (Neftçilər prospektilə Əziz Əliyev küçəsinin kəsişməsi), digəri "Qız qalası”nın yanında (Neftçilər prospekti) sökülən evin yerindəki boş sahədir. Əlavə olaraq, iki küçədə də heykəlin ucaldılması məsələsinin baxıldığı vurğulanır.

Maraqlı məqam budur ki, Bəhram Bağırzadənin təklif etdiyi və heykəlin ucaldılması üçün baxılan yerlərdən birində - Kukla teatrının qarşısındakı bağda illərdir ki, M.Ə.Rəsulzadənin heykəlinin ucaldılması gözlənilirdi. 

M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə Cebhe.info-ya açıqlamasında bildirib ki, Kukla teatrı ilə üzbəüz bağda Rəsulzadənin heykəlinin ucaldılacağı ilə bağlı əvvəllər lövhə qoyulmuşdu: 

"Ancaq sonradan onu götürüb yerində fəvvarə tikdilər. Ora həm də Rəsulzadə küçəsidir və orada onun heykəli qoyulmalıdır. Bəhramın elə deməyi Rəsulzadənin haqqına girməkdir. Ona görə də bu, yaxşı hal deyil. Həmçinin, ictimaiyyət də elə qəbul edib ki, orada Rəsulzadənin heykəli qoyulmalıdır, çünki ora bunun üçün nəzərdə tutulub”. 

Oxşar xəbərlər