"Alışanov 70 milyonluq əmlakı necə əldə edib?” - Prezidentə müraciət

  • 24 yan 2019, 21:05

 

 

 

 

 

Sabah Sumqayıt Apellyasiya Məhkəməsində "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” (AzTV) QSC-nin keçmiş sədri Arif Alışanovun şikayəti əsasında həbs edilmiş Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun şikayətinə baxılacaq.

Xatırladaq ki, təqsirləndirilən şəxslər A.Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə ittiham olunublar.

Ötən il iyulun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Əkbərov 18 il, Z.Şirinov 16 il, Q.Cəbiyev 17 il müddətinə azadlıqdan məhrum edilib. Hüseynov barəsində isə 1 il 4 ay müddətində şərti cəza seçilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, medianın gündəmində olan sözügedən məhkəmə prosesi qalmaqallarla, qarşılıqlı ittihamlarla yadda qalıb. Təqsirləndirilən şəxslərdən Şücayət Əkbərov bütün ittihamların saxta olduğunu, Arif Alışanovun ona böhtan atdığını bildirib, AzTV-nin keçmiş sədrini müxtəlif cinayət əməllərində ittiham edib.

Strateq.az xəbər verir ki, dünən Ş.Əkbərovun qızı Cəmilə Tağıyeva media vasitəsilə ölkə prezidenti İlham Əliyevə müraciət edərək, atasının pozulmuş hüquqlarının bərpa olunmasına yardım etməyi xahiş edib. Müraciətdə deyilir:

"Hörmətli cənab Prezident!

AzTV-nin keçmiş sədri Arif Alışanovun vəzifəsindən azad edilməsi ilə bağlı sərəncamınız onun tərəfindən zülmlərə məruz qalmış ailə kimi bizi çox sevindirdi. Ailəmiz A.Alışanovun qanunsuz əməlləri ucbatından çöllərdə qalıb. Atam onun böhtan dolu iddiası əsasında həbs olunub, daşınar və daşınmaz əmlakımız, heyvanlarımız, təsərrüfat avadanlıqlarımız əlimizdən zorla, hədə-qorxu gəlinərək, əvəzsiz olaraq alınaraq Alışanovun yaxın qohumlarının mülkiyyətinə verilib.

Arif Alışanov vəzifəsindən sui-istifadə edərək, dövlət əmlakını talayıb. Belə faktları ört-basdır etmək məqsədilə atam Şücayət Əkbərovu şərləyib həbsə etdirib. O, atamı tutdurmaq üçün min bir yola baş vuraraq, istintaq, məhkəmə orqanlarını məharətlə aldatmağa nail olub. İstintaq orqanı ibtidai istintaqı yekunlaşdırmadan, daşınar və daşınmaz əmlakımızı törədildiyi ehtimal edilən cinayət yolu ilə əldə edilən pulla alındığını müəyyən etmədən Alışanovun mülkiyyətinə verib.

Bu az imiş kimi, atamdan dəyən zərər kimi 5 milyon manat alınaraq Arif Alışanova verilməsi tələb edilir. AzTV-nin keçmiş sədri kimi 1800-2000 manat maaş almış Alışanov bu qədər əmlakı necə əldə edə bilərdi?

Daha sonra cinayət işindəki materiallarla tam təsdiq olunur ki, Alışanovun Xızıda, Bakıda, Sabirabadda, Qubada və Şamaxıda təxminən 70 milyon manat dəyərində əmlakı var. Əsaslı şübhələrimiz var ki, bu əmlaklar, var-dövlət büdcədən oğurlanmış pullarla əldə edilib”.

Müraciət müəllifi Prezident İlham Əliyevdən pozulmuş hüquqlarının bərpa olunmasına yardım etməyi, Arif Alışanovun törətdiyi əməllərə görə məsuliyyətə cəlb olunmasını xahiş edib.

Oxşar xəbərlər