Aynur Camalqızının saytlarında qüsurlu mətnlər və Tərcümə Mərkəzinə "cavabı"

  • 22 yan 2019, 13:02

Azərbaycan Dövlət Tərcümə Mərkəzi ölkəmizdə fəaliyyət göstərən bir sıra məşhur saytlarda dil qüsurlarının monitorinqini aparmağa davam edir. Nəticədə, saytlarda yer alan müəllif yazılarında ciddi nöqsanların olması müşahidə olunur. Bəs, bu iş nə dərəcədə vacib və aktualdır?

Əslində, bu cür dil monitorinqinin keçirilməsi oxucu zövqünün daha da korlanmaması, eləcə də jurnalistlərin ədəbi dil normalarına maksimum riayyət etmələri üçün olduqca vacib məsələdir. Əgər, tərcümə mərkəzi bu işi görürsə, bu yalnız Kütləvi İnformasiya Vasitələrinə dəstəyin ifadəsi kimi başa düşülməlidir. Axı, hər bir jurnalist yazı materialında istifadə etdiyi doğma Azərbaycan dilinə hörmətlə yanaşmağa, oxucusuna ötürdüyü bayağı və anlaşılmayan ifadə tərzindən çəkinməyə borcludur. Etiraf etməliyik ki, mediamız sözcüklərdən və ifadə tərzindən hələ ki, yetərincə peşəkar səviyyədə istifadə edə bilmir. Belə olan halda, istənilən qurum və istənilən vətəndaşın internet KİV-lərimizdə "ayaq tutub yeriyən” dil qüsurlarına ictimai nəzarəti həyata keçirməyə, buraxılan səhvləri göstərməyə mənəvi haqq qazanır. Buna zatən haqqları da var! Təəssüf ki, Mərkəzin alqışalayiq monitorinqini həzm etməyən və bunu doğru saymadan qüsurlarına bəraət verən sayt rəhbərləri, jurnalistlər var.

"Demokratik.Az"- ın məlumatına görə, manitorinqin nəticələri mərkəzə aid www.aydinyol.az saytında yerləşdirilir. Saytda "Axar.Az" saytının adı da diqqət çəkir. Qısa dövrü əhatə edən monitorinqin "AXAR.AZ”-a görə nəticələri ciddi olsa da, adıçəkilən saytın xanım rəhbəri Aynur Camalqızının aqressiv reaksiyasına səbəb olub. Və obyektiv təftişə "cavab” olaraq, Aynur Camalqızı Tərcümə Mərkəzinin "monitorinq işi”nə iradlar bildirib, fəaliyyətlərini heç doğru saymayıb.

"Demokratik.Az"www.aydinyol.az –a istinadən "Axar.Az” saytında yer almış qüsurlu mətnlərdən nümunələrŞƏRHSİZ təqdim edir:

 "Ərdoğanla görüşməyə ehtiyac var - Putinin köməkçisi

16.01.2019

Müəllif: Kamran Ədalət

 1. Son dövrdə terrorçular tərəfindən keçirilən təxribatların sayı artıb, hətta onlar təhlükəsizlik bölgə üzərində nəzarəti gücləndirib (?).

 2. Sammitin tarixi hələ müəyyən olunmayıb, amma bunu Türkiyə və İranla görüşəcəyik... (?)

  Rusiya razılıq verməyəcək: Türkiyə hücum edərsə... – Şərh

18.01.2019

Müəllif: Aygün Yaqubova

Politoloq bildirib ki, Rusiya Suriyaya dair danışıqları Əsəd başı üzərindən aparmır (?):

"Tualetə əsla telefonla girməyin! – çox zərərlidir”

10.01.2019

Ən maraqlısı və dəhşətlisi isə bu texnologiyanın özünə tualetdə də yer etməsidir (?). 

Müşfiqə aid olduğu ehtimal edilən qalıqlar çıxarıldı

24.10.2018

F. Əhmədov açıqlamasında bildirib ki, qalıqların tapılması haqda vaxt Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyini məlumatlandırıb (?).

Bu gün həmin qalıqlar qazılaraq çıxarılıb, onların arasından Müşfiqə aid olduğu qalıqlar ayrılıb (?).

14.12.2018.

Türkiyə bu üsulla "dünyanı ələ keçirir”

"Türkiyə teleserialları istehsal etdiyimiz ən yaxşı şeydir” (?).

14.12.2018.

Rusiya öz külündən yenidən doğuldu (?) - Sensasion baxış

"Çin və öz küllərindən yenidən doğan Rusiya (?) güc yığmağa başladığı bir dönəmdə ABŞ-da demokratiya çiçəklənmənin monopoliyasını məhv edir” (?).

  Aynur Camalqızının CAVABI

"Afaq Məsud niyə öz işi ilə məşğul olmur?

"Mən hələ də anlaya bilmirəm ki, bu ölkədə niyə bəziləri öz işi ilə, daha dəqiqi, üzərinə düşən işlə məşğul olmur.

Bir dostumuz dedi ki, Tərcümə Mərkəzinin saytları - Aydinyol.az və Aztc.gov.az - Azərbaycandakı bəzi (niyə bəzi?) onlayn media orqanlarının dil qüsurlarını monitorinq edir və nəticələri adını çəkdiyim saytlarında yayır. İlk dəfə Tərcümə Mərkəzinin saytına daxil oldum və monitorinqin nəticələrinə baxdım. Monitorinqə məruz qalan saytlar arasında rəhbərlik etdiyim hər 3 sayt - Axar.azPublika.az və Teleqraf.com da - vardı.

Monitorinq olunan saytlar hansı parametrlərlə seçilib, reytinqə görə ilk onluqda olan saytlardan niyə bəziləri kənarda qalıb? Hansı "dostluq prinsipləri” ilə məhz biz bu şərəfə nail olmuşuq, – anlaya bilmədim.

Nəticələr isə xeyli cavabsız sual yaratdı. Əvvəla, monitorinqə cəlb olunan yazıların bəziləri istinadla, hiperlinklə verilib. Misal üçün, Axar.az-da Virtualaz.org-dan hiperlinklə dərc edilən yazı monitorinq edilib... Və yaxud, ümumiyyətlə Axar.az-da mövcud olmayan yazı "monitorinq”ə cəlb edilib. Gülməli deyilmi?

Ümumiyyətlə, mənə aydın olmadı ki, Tərcümə Mərkəzinin məqsədi nədir? Bu yöndə, bildiyim qədər, Mətbuat Şurası müəyyən layihələr həyata keçirir: Dilçilik İnstitutunun Monitorinq şöbəsi var, bəzi jurnalist və ana dili ilə bağlı təşkilatların da monitorinqləri vaxtaşırı nəzərə çarpır. Bəs birdən-birə mediada yazı, dil, üslub qüsuru axtarmaq Tərcümə Mərkəzinin haradan yadına düşüb? Dilçilik İnstitutu, Dövlət Dil Komissiyası, medianın problemlərini araşdıran QHT-lər və s. var. Hörmətli Afaq Məsud nə etmək istəyir, dilçilərin, media mütəxəssislərinin gördüyü və görməli olduğu işləri də kurasiyasına alıb daha işgüzar görünmək niyyətindədir?

Bir oxucu kimi özümün də bildiyim və ədəbiyyat bilicilərindən eşitdiyim qədər, Afaq xanımın yazı dili nə tərcüməçi, nə də yazıçı kimi uğurludur. Tənqid edən gərək birinci özündən başlasın. Üstəlik, Azərbaycanda tərcümə sahəsində həddən ziyadə problem ola-ola, tərcümə sahəsi ədəbiyyatımızın ən ağrılı yeri sayıla-sayıla, siz kimdə səhv axtarırsız? Əvvəl tərcümə etdiyiniz məhsulun keyfiyyətinə və səviyyəsinə baxın, gördüyünüz işlərin yükü, həyata keçirilmə şəraiti, qiymətləndirilməsi və operativliyi məsələlərinə diqqət yetirin, sonra başqalarının gözündə tük axtarın...

Mən demirəm ki, medianın problemləri və yaxud dil qüsurları yoxdur. Amma bu səviyyədə və bu peşəkarlıqla aparılan monitorinq ümumi gedişata xeyir vermir. Və sizin medianın qüsurlarını axtarmaq çabalarınız tərcümə ədəbiyyatının səhvlərini, özü də haqq qazandırılması mümkün olmayan səhvlərini çoxaldır. Gah "Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”nü dərc edib, ölkənin tanınmış dilçi alimlərində səhv axtarırsınız, gah mediada dil qüsuru arayırsınız, "monitorinq” keçirirsiniz…

Siz məgər tərcümə işi ilə məşğul olmalı deyilsiniz? Yoxsa tərcümədən başqa bütün işlərə qeyri-peşəkar səviyyədə müdaxilə etmək Tərcümə Mərkəzinin funksiyasına daxildir?

Enerjinizi ədəbiyyata sərf edin. Monitorinqlə deyil, etdiyiniz yüksək səviyyəli tərcümələrlə dilə xidmət etməyə çalışın - əlbəttə, əgər bacarırsınızsa…

Aynur Camalqızı – Axar.Az

"Demokratik.Az"-dan: Qeyd edək ki, Aynur Camalqızı "cavab"ını "Axar.Az" saytındakı nöqsanların üzərində fokuslaşdırmağa çalışsa da, sahibi olduğu "Publika.Az" və "Teleqraf.com"-da da aşıb-daşan qüsurların fərqindədir. Qüsurlar və nöqsanlar isə, aradan qaldırılmaq üçündür. Yoxsa, adıçəkilən saytların publisistika və dildən istifadə formalarının inkişafı naminə reallıqları üzə çıxaran Tərcümə Mərkəzinə belə "hücum etmək" Aynur Camalın nəyinə lazımdı ki?.. Ən vacibi, xanım jurnalistin yazısının ikinci cümləsindəki (niyə bəzi?) mötərizə sualına da cavab vermək vacibdir: " Hörmətli Aynur Camalqızı! Sizin rəhbərlik etdiyiniz saytlar ictimaiyyət və dövlət təşkilatları tərəfindən daha çox tanınır, daha çox oxunur. Digərlərindən fərqli, kifayət dərəcədə maliyyə qaynaqlarına da sahibdir. Əlbət ki, məhz sizlər tirajladığınız məlumatların dil qüsurlarından maksimum qorunmasına borclusunuz".

Demokratik.Az


Oxşar xəbərlər