MM-in payız sessiyasının son iclasında mühüm qanunlar qəbul olundu

  • 29 dek 2018, 09:48

Deputatlar "Tibbi sığorta haqqında” qanuna dəyişiklikləri təsdiqlədilər, 2020-ci ildə ölkəmizdə tibbi sığortanın tətbiqinə başlanılacaq, qanuncericilik işləri yekyunlaşdı

Dekabrın 28-də Milli Məclisin payız sessiyasının sonuncu plenar iclası spiker Oqtay Əsədovun sədrliyi ilə keçirildi. İclasın gündəliyinə 52 məsələ daxil edilmişdi.

İclasda əvvəlcə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin vəzifədən azad edilmələri haqqında  məsələyə baxıldı. Qanun layihəsində Məhkəmə-Hüquq Şurasının təkliflərinin nəzərə alınaraq Polad Həsənovun və Qabil Məmmədovun vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Naxçıvan Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi təklif edildi. Məsələ səsverməyə çıxarılaraq qəbul edildi.

Daha sonra "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” dəyişiklik layihəsi səsverməyə çıxarıldı və qəbul olundu. Beləliklə, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə  Cavanşir Feyziyev, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Xanlar Fətiyev, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Sahibə Qafarova seçildi.

Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov Ələt Azad İqtisadi Zonası haqqında 18 may 2018-ci il tarixli qanunun tətbiqi ilə əlaqədar qanun layihələrinə dəyişiklikləri təqdim etdi. Təqdimatdan sonra dəyişikliklər qəbul edildi.

Plenar iclasda "İstehsalat və məişət tullantıları haqqında” qanunda dəyişiklik layihə parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarıldı və qəbul olundu. Qanuna edilən əlavədə qeyd olunub ki, əlvan və qara metal tullantılarının qəbulu fəaliyyətini yalnız qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin dövlət reyestrində təhlükə potensiallı obyektlər olaraq qeydiyyatdan keçmiş sahibkarlıq subyektləri həyata keçirə bilər. Əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi qaydaları və onların əldə edilmə mənbəyinə dair tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilir. Əldə edilmə mənbəyi məlum olmayan, qanunsuz yolla əldə edilməsi müəyyən edilən, fiziki şəxslərdən şəxsiyyəti təsdiq edən sənədlər tələb olunmadan, habelə radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilmədən əlvan və qara metal tullantılarının qəbul edilməsi, həmçininqara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması obyektləri təhlükə potensiallı obyektlər olaraq dövlət reyestrində qeydiyyatdan keçirilməyən sahibkarlıq subyektləri tərəfindən bu növ tullantıların qəbulu fəaliyyətinin həyata keçirilməsi məsuliyyətə səbəb olur.

Layihədə bildirilir ki, bu, əlvan və qara metal tullantılarının qəbulu fəaliyyətinin tənzimlənməsi bu sahədə nəzarətin və şəffaflığın artırılması məqsədilə hazırlanıb. Belə ki, əlvan və qara metal tullantılarının qəbulunu həmin metalların emalı (əridilməsi) ilə məşğul olan və təhlükə potensiallı obyektlər olaraq qeydiyyatdan keçmiş sahibkarlıq subyektləri həyata keçirə biləcəklər. Əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından yoxlanmasımüvafiq qaydalara əsasən həyata keçiriləcək.

Dəyişikliklə bağlı İnzibati Xətalar Məcəlləsində də dəyişiklik edilir. Dəyişikliklə cəzalar müəyyənləşib. Məcəlləyə əlavə edilən 276-1-ci (Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməməsi) maddəsinə əsasən, təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməməsinə görə fiziki şəxslər 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər 2 500 manatdan 3 500 manatadək məbləğdə, hüquqi şəxslər 5 000 manatdan 10 000 manatadək məbləğdə cərimə edilir.

Əlavə edilən digər - 457-1-ci (Əlvan və qara metal tullantılarının qəbulu qaydalarının pozulması) maddəsində qeyd olunur ki, Əlvan və qara metal tullantılarının qəbulu qaydalarının pozulmasına, yəni: Əldə edilmə mənbəyi məlum olmayan, qanunsuz yolla əldə edilməsi müəyyən edilən əlvan və qara metal tullantılarının qəbul olunmasına, fiziki şəxslərdən şəxsiyyəti təsdiq edən sənədlər tələb olunmadan əlvan və qara metal tullantılarının qəbul edilməsinə, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilmədən əlvan və qara metal tullantılarının qəbul edilməsinə, qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması obyektləri təhlükə potensiallı obyektlər olaraq dövlət reyestrində qeydiyyatdan keçirilməyən sahibkarlıq subyektləri tərəfindən bu növ tullantıların qəbulu fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 400 manatdan 600 manatadək, hüquqi şəxslər 1 000 manatdan 2 000 manatadək məbləğdə cərimə ediləcək.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edildi.

Plenar iclasda "Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarıldı. Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov layihə barədə məlumat verərkən bildirdi ki, prezident İlham Əliyev 2020-ci ildə ölkə ərazisində tibbi sığortaya keçilməsi ilə əlaqədar müvafiq sənəd imzalayıb. Ona görə də "Tibbi sığorta haqqında” qanuna dəyişikliklərin edilməsi zəruridir. Bundan sonra Ə.Əmiraslanov qanun layihəsinə edilən zəruri dəyişikliklər barədə deputatları məlumatlandırdı.

Qanun layihəsində qeyd olunub ki, xidmətlər zərfinin baza hissəsi üzrə - təqvim ili üçün adambaşına 29 manat ödənilir. Ə.Əmiraslanov dedi ki, bu vəsaiti dövlət büdcəsi hesabına ödəniləcək. Muzdlu işçilər üçün əməkhaqqının 4 faizi həcmində sığorta nəzərdə tutulur. Ödəniş bu şəkildə olacaq: sığortalı tərəfindən-hesablanmış əməyin ödənişi fondunun 2 faizi, sığortaolunan tərəfindən - işçinin əmək haqqının 2 faizi.

Digər insanlar təqvim ili ərzində 120 manat sığorta haqqı ödəməklə tibbi yardım ala biləcəklər.

Azərbaycan ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və ölkə ərazisinə idxal olunan avtomobil benzinin, dizel yanacağının və maye qazın hər litrinə görə 0,02 manat, Energetik içkilərə (alkoqollu və alkoqolsuz) və elektron siqaret üçün mayeyə aksiz markasının verilməsinə görə - verilən hər bir aksiz markasına görə 0,1 manat, tütün məmulatlarına aksiz markasının verilməsinə görə - verilən hər bir aksiz markasına görə 0,05 manat, alkoqollu içkilərə aksiz markasının verilməsinə görə - verilən hər bir aksiz markasına görə 0,1 manat, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortalı üzrə ödənilən təqvim haqqının 50 faizi, "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna əsasən sığortalının sığorta müqaviləsi üzrə sığortaçıya ödədiyi sığorta haqqının 5 faizi.

Spiker Oqtay Əsədov dedi ki, bu, çoxdan gözlənilən dəyişikliklər idi. İclasda aidiyyəti qurumun rəhbəri Zaur Əliyev də iştirak edir.

Deputat Vahid Əhmədov dedi ki, komitədə geniş müzakirə olunduğu üçün əlavə müzakirəyə ehtiyac yoxdur: "Bu qanunun icrası 2020-ci ildə icra olunacaq, ona görə də 2019-cu ildə baza hazırlanacaq. Bu, çox vacib məsələdir, ona görə də qəbul edək, zərurət olduğu halda əlavə dəyişikliklər edə bilərik”.

Deputat Elmira Axundova isə bununla bağlı yeni qanun layihəsinə ehtiyac olduğunu bildirdi.

Lakin spiker dedi ki, yeni qanun layihəsi uzun müddət tələb edir: "Ona görə də məsələni tezləşdirmək üçün biz dəyişikliklər etməyi zəruri saydıq”.

Milli Məclisdə keçirilən müzakirələrdə çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev spiker Oqtay Əsədovun təklifi ilə tibbi sığortanın pilot layihə kimi tətbiq olunduğu 3 rayondakı (Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonları-E.P.) vəziyyətlə bağlı məlumat verdi. Onun dediyinə görə, vəziyyət kifayət qədər yaxşılaşıb, həm xəstələr, həm də həkimlər və digər tibb işçiləri məmnundur. "Elə həkimlərimiz var ki, 5-6 min manat əmək haqqı alır”-deyə, Z.Əliyev bildirdi. Əlavə etdi ki, digər tibb işçilərinin də əmək haqqı nəzərəçarpacaq dərəcədə artıb.

Agentlik rəhbəri dedi ki, bu rayonlarda təkcə əməliyyat sayı 52 faiz artıb: "Azərbaycanda ən çox ölümün səbəbi ürək-damar xəstəlikləri ilə bağlıdır. Biz bir ildə 900-dən çox vətəndaşa ürək-damar xəstəlikləri ilə bağlı xidmətlər göstərdik. Bizim pilot dövründə həmin regionlarda ölüm sayı da azalıb. Vətəndaşlarımız rahat şəkildə xidmətlərdən istifadə edirlər. Birinci ildə biz daha çox kəmiyyətə üstünlük verirdiksə, artıq keyfiyyətə üstünlük veririk”.

Digər məsələlərin müzakirəsindən sonra Milli Məclisin payız sessiyasının sonuncu plenar iclası başa çatdı. Sonda Dünya azərbaycanlılarının həmrəylik günü münasibəti ilə Azərbaycan Respublikasının Milli Məclisi müraciət qəbul olundu. Müraciəti Milli Məclisin sədr müavini Bahar Muradova təqdim etdi. Müraciətdə dünyadakı azərbaycanlılarının milli birliyinin vacibliyi qeyd olunur. Bildirilir ki, Qarabağ hər bir azərbaycanlının ağrılı yeridir: "Bütün dünya azərbaycanlıları səylərini artırsalar, bu problemin həllini daha yaxınlaşdıra bilərlər”. Müraciətdə daha sonra deyilir: "Soydaşlarımızın bir vəzifəsi də yaşaqdıqları öləkəlrin ictimai-siyasi həyatına inteqrasiya etməklə bərabər, dilimizi, adət-ənənələrimizi uca tutmaq, milli hüquqlarımızı qorumaqdır. Əziz soydaşlarımız, Sizi ümummilli məqsədlərimizin gerçəkləşdirilməsi, xalqımızın mənafelərinin qorunması naminə birliyə çağırırıq”.

Deputatlar alqışlarla və səsvermə ilə müraciəti təsdiqlədilər.

Spiker Oqtay Əsədov bununla da payız sessiyasının başa çatdığını qeyd etdi. Bildirdi ki, bu il Milli Məclis çox məhsuldar işləyib. Dedi ki, bu il 31 iclas keçirilib, 463 qanun qəbul edilib. Spiker dünyanın 44 ölkəsindən iştirakçının qatıldığı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı xüsusi iclasın keçirildiyini, həmçinin parlamentin ölkə daxilində və xaricdə böyük uğurlara nail olduğunu qeyd etdi: "Biz 2018-ci ili çox uğurla başa vurduq, mən sizin hər birinizi bu münasibətlə təbrik edirəm”. O.Əsədov qarşıdakı bayramlarla bağlı xalqımızı təbrik etdi. Həmçinin ölkə prezidentinə parlament adından təbrik məktubu hazırlanmasını təklif etdi və onun təklifi alqışlarla qarşılandı.

 Azərbaycanın Dövlət Himninin oxunmasından sonra sessiya öz işini yekunlaşdırdı və deputatlar qış tətilinə yollandılar. Parlamentin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvar ayının 1-dən 15-dək tətildə olacaqlar.

Oxşar xəbərlər