Tramp maliyyə nəhənglərinə qarşı

  • 27 dek 2018, 09:44

ABŞ prezidentini Rotşildlərlə üz-üzə gətirən nədir?

ABŞ prezidenti Donald Trampla Mərkəzi Bank (FED) arasında narazılıq səngimir. Bu dəfə mövzuya FED-in (ABŞ Mərkəzi Bankı özəl qurumdur - K.R.) arxasındakı ailələrdən olan Rotşildlərdən sərt reaksiya gəlib.

ABŞ prezidentinin FED-ə faizləri düşürməsi ilə bağlı twitterdəki statusuna Rotşild ailəsinin gənc üzvü, milyarder Devid Mayer de Rotşild belə şərh yazıb: "Prezident Tramp FED haqqında hər dəfə nəsə danışanda birjalar çalxalanır. Sadəcə, ağzını yumub bir şey etməməyi bacarmayacaq qədər axmaqdırmı?”

Məsələ ondadır ki, ABŞ prezidentinin pul siyasəti ilə bağlı FED-lə "ulduzu barışmır”. Tramp FED-in faizləri endirməsini istəyir. Bu barədə ötən ay Ağ Evdən kənarda keçirdiyi brifinqdə ABŞ prezidenti çağırış edib. Həmin vaxt Tramp etiraf etmişdi ki, FED-lə ciddi problemləri var. Məsələ ondadır ki, FED bu il 4-cü dəfə faizləri yüksəltməyə hazırlaşır. Bu isə ABŞ prezidentinin iqtisadi siyasəti ilə ziddiyyət təşkil edir. Çünki FED gələ il 3 dəfə faiz artımına getməyə hazırlaşır.

Oktyabrda isə FOX telekanalına verdiyi müsahibəsində Tramp etiraf edib ki, hazırda FED onun hakimiyyəti üçün ən böyük təhdiddir. FED-in faizləri sürətlə artırdığını deyən Tramp FED müstəqil olduğu üçün onun sədri ilə görüşə bilmədiyini, ancaq etiklərindən razı olmadığını etiraf edib. O da məlumdur ki, Tramp prezident vəzifəsinin icrasına başladığı 2 ildən az bir müddətdə FED 6 dəfə faizləri yüksəldib.

Ancaq Trampın FED-ə ünvanlı tənqidləri bu günə qədər reaksiyasız qalırdı. İndi isə dünyanın ən qüdrətli ailələrindən biri olan Rotşildlərin nümayəndəsi reaksiya verib. Özü də çox sərt formada. Məhz bu açıqlama dünya mediasında ciddi rezonans doğurub və təbii ki, mediada Rotşild ailəsi haqqında keçmiş sui-qəsd nəzəriyyələrini yada salıb.

Kökləri 16-cı əsr Avropasına gedib çıxan yəhudi əsilli Rotşild ailəsi son 200 ildə Avropanın maliyyə və iqtisadiyyat nəhəngi hesab olunur. Bir neçə milyard dollarlıq kapitala nəzarət edən Rotşild ailəsinin 1000-dən çox üzvünün olduğu məlumdur. Ötən əsrin əvvəllərində Bakı da daxil olmaqla dünyanın çoxsaylı enerji və maliyyə mərkəzlərində Rotşildlərin adı keçir. Bank sektoru və enerji sahəsində Rotşildlər böyük bir maliyyə krallığı qurublar.

Məhz bu səbəbdən ailə haqqında ən müxtəlif, heyrət doğuracaq ssenarilər, iddialar vardır. Amerikanın qurulmasınmdan, dünya müharibələrinə. Napoleon işğallarından İsrailin qurulmasına qədər ən müxtəlif hadisələrdə Rotşild adını hallandıran nəzəriyyələr var. Yeri gəlmişkən, Osmanlı İmperiyasına da ilk dəfə borc verən xarici şirkət Rotşildlərin bankı olub.

Rotşild ailəsi HSBC Bank, "Royal Bank of Scotland”, "Banco Santander”, "De Beers”, "Rio Tinto”, "ING Group”, "Aviva” və eləcə də Fransa şərab sənayesinin 50 faizlik payına, Çili, Amerika və Cənubi Afrikada şərab istehsalı müəssisələrinə sahibdir. Dünyada almaz, gümüş, platin, uran kimi qiymətli metal ticarətində böyük paya sahibdir.

Rotşildlər eyni zamanda qlobalizm cərəyanı və yeni mədəniyyət fikrinin əsas dəstəkçilərindən biri hesab olunur. Bir sıra ekspertlərə görə, Trampla Rotşild ailəsi arasındakı soyuqluğun əsas kökü məhz bura dayanır. Trampın sırf Amerika mərkəzli siyasəti qlobalizm cərəyanının maraqlarına cavab vermir. Dolların dərəcəsini azaltmaq Trampın ABŞ iqtisadiyyatını daha da yüksəltmək planına xidmət edir. FED isə bu məsələdə ABŞ prezidenti ilə həmfikir deyil. Bu mənada indi Tramp qlobal maliyyə nəhənglərinə qarşı mübarizə aparan və necə deyərlər, xalqı təmsil edən liderdir. Onun qarşısında isə indi nəhəng maliyyə korporasiyaları var. Bu savaş isə Tramp üçün heç də yaxşı gələcək vəd etmir. 2019-cu ildə ABŞ-ın indiki prezidenti ciddi siyasi sıxışdırmalara məruz qala bilər. Üstəlik, 2020-ci ildə ABŞ-da prezident seçkiləridir və Tramp indi əsas enerjisini məhz növbəti seçkilərə sərf etməli olacaq. Əlbəttə, buna qədər rəqibləri tərəfindən çox sərt zərbə almasa.

Oxşar xəbərlər