Telman İsmayılova "Avraam Russo" İTTİHAMI

  • 26 dek 2018, 09:22

Milyarderə vaxtilə sahib çıxıb ulduz etdiyi Avraam Russoya görə daha bir cinayət işi açılıb

Rusiyanın İstintaq Komitəsinin müstəntiqləri müğənni Avraam Russonun 2004-cü ildə oğurlanması barədə cinayət işinin istintaqını başa çatdırıb. Xəbərə əsasən, Rusiyanın İstintaq Komitəsi hesab edir ki, oğurluğu "Çerkizov” bazarının sabiq sahibi Telman İsmayılov iki nəfərin - Zaur Mərdanovun və Vladimir Qusakovun köməyi ilə təşkil edib.

Məlumata görə, bazarın keçmiş müdiri 2004-cü ilin yanvarında müğənnini "Praqa” restoranında aldadaraq, onu restoranın ikinci mərtəbəsindəki kabinetinə çağırıb və digər şəxslərlə birlikdə Avraam Russonu döyüb.

İsmayılov Avraam Russodan bütün konsertləri ləğv etməyi, onun şərtləri altında müqavilə imzalamağı tələb edib.

Bundan sonra iki nəfər müğənnini zorla avtomobilin arxa oturacağına əyləşdirərək, bazarın sabiq rəhbərinin Moskva yaxınlığındakı evinə gətiriblər və artisti bütün tələbləri yerinə yetirməyə razılıq verincə bir gün orada saxlayıblar. İstintaq Komitəsi işlə bağlı kifayət qədər sübutların toplanıldığını bildirib. Cinayət işi Baş Prokurorluğa göndərilib.

Daha əvvəl Moskvanın Basmanı rayon məhkəməsi Telman İsmayılovun bacısı oğlu Zaur Mərdanovu müğənni Avraam Russonun oğurlanmasında müqəssir bilərək iki ay müddətinə həbs edib. Sonra isə  məhkəmə Zaur Mərdanovu 10 milyon rubl girov qoyulması müqabilində azad etmək barədə qərar çıxarıb.

Bildirilir ki, cinayətin digər iştirakçılarının işi ayrıca icraata ayrılıb, onların cinayət əməlləri ilə bağlı istintaq davam etdirilir. Həmçinin təqsirləndirilən T.İsmayılovun və digər şəxslərin beynəlxalq axtarışı davam edir. Qeyd edək ki, əməliyyatçılar 2016-cı ilin noyabrında biznesmenin qardaşı Rafiq İsmayılovu və Mehman Kərimovu saxlayıblar. Onlar qətl işində şübhəli bilinirlər. 2017-ci ildə iş adamına qarşı qətldə iştirak və qanunsuz silah dövriyyəsi ilə bağlı qiyabi ittiham irəli sürülüb.

Ötən ay Rusiyanın NTV telekanalı Telman İsmayılovdan müsahibə alıb. Verilişin əvvəlində İsmayılovla bağlı gecə klublarında, hotel və restoranlarda kriminal mühitin hökm sürdüyü göstərilib. Bildirilib ki, Telman İsmayılovun obyektlərində narkotik alveri baş alıb gedib.

Oliqarx bu və digər maraqlı məqamlara toxunub. Telman İsmayılov çıxışında bildirib ki, telekanalların kriminal xronikada nümayiş etdirdiyi "Çerkizov” bazarına heç bir aidiyyəti yoxdur.

"Sizin və digər kanallarda yayımlanan reportajlarda mənim adım hallanıb. Hansısa bazarı göstərib, mənim olduğunu bildirmisiz. Mənimlə əlaqəli heç bir obyektdə narkotik dövr etməyib. Hətta bizim obyektlərdə mühafizəçilər kimdəsə narkotik tapanda mükafat alırdılar”, - deyə Telman İsmayılov bildirib.

İş adamı onunla bağlı səslənən ittihamların əsassız olduğunu vurğulayıb: "Qaçaqmal və digər məsələlərdə məni ittiham edirlər. Hanı sübut? Əgər belə ittihamlar varsa, faktlar varsa, mən ömürlük məhkumluğa, hətta edam cəzasına belə razıyam".

Avraam Russo 1969-cu il 21 iyulda Suriyanın Hələb şəhərində doğulub.  Atası o, yeddi yaşında olarkən vəfat edib və ailə Fransaya köçüb, bir müddət burada yaşayıb.  16 yaşında Rusiyada  kiçik kafe və restoranlarda oxumağa başlayıb. İş adamı Telman İsmayılov onu Moskvaya dəvət etdikdən sonra isə sürətlə məşhurlaşmağa başladı. Müğənninin "Amor” adlanan ilk albomu 2001-ci ildə buraxıldı.  Daha sonra "Tonight” (2002), "Just Love” (2003), "Nişan” albomu (2006) işıq üzü gördü ki, buna görə o, T.İsmayılova borcludur.  2010-2012-ci illərdə erməni nəşrləri ilə bir sıra müsahibələrdə Russo  valideynlərinin erməni olduğunu deyir. 2011-ci ildə müsahibələrinin birində "son zamanlar Ermənistanda olduğunuzda erməni olduğunuzu söylədiniz! Amma tərcümeyi-halınızda da bu barədə heç nə yazılmayıb” sualına müğənni belə cavab vermişdi: "Necə yazılmır? Mənə erməni olduğumu söyləmək lazımdırmı? Hər şeydən əvvəl mən bir rus pop sənətçiyəm, mən mənşəyimi gizlətmirəm”.  O, bir neçə ildir ki, ABŞ-da yaşayır. 

"Yeni Müsavat”

Oxşar xəbərlər