Eldar Namazov: “Aprel döyüşlərindən sonra dünyada rəy dəyişib”

  • 07 dek 2018, 09:34

"Biz ilk növbədə torpaqlarımızı öz gücümüzlə azad etməyə daim hazır olmalıyıq”

"Böyük ehtimalla, Paşinyanın rəhbərlik etdiyi blok seçkilərdə qalib gələcək. Ancaq hələ bəlli deyil ki, seçkilərdə neçə partiya barajı keçəcək. Bir partiya yüz faizdir, qalanları şübhə altındadır”.

Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Eldar Namazov bu fikirləri "Yeni Müsavat”a açıqlamasında söylədi. Ermənistanda Qarabağ ətrafında gedən gərgin müzakirələrə diqqət çəkən E.Namazov qeyd etdi ki, bu müzakirələrin davamı olacaq: "Hər halda, seçkilərdən sonra bu müzakirələr Ermənistan daxilində bəlkə də 20 ildə ilk dəfə başlayacaq. Ancaq müzakirələr o şəkildə aparılacaq ki, Paşinyan deyəcək ”Mən də əleyhinəyəm, ancaq ABŞ da, Rusiya da, KTMT də deyir ki, Dağlıq Qarabağın ətrafındakı rayonları azad et!" Hazırda Paşinyanın əsas məqsədi KTMT-nin növbəti iclasında bu bəyanatı təşkilatdan zorla qoparmaqdır. Ona görə də həm Belarus, həm Qazaxıstana açıq deyir ki, baş katiblik məsələsi mənimçün əsas deyil, əsas məsələ qarşılıqlı öhdəliklərdir. Gəlin aydınlaşdıraq, görək hansı məsələlərdə bizə dəstək ola bilərsiniz".

E.Namazov KTMT daxilində yaşanan gərginliklərə, həmçinin İrəvanla Moskva arasındakı soyuq münasibətlərə rəğmən, reallığı unutmamağı da tövsiyə edir: "Bütün bunlara baxmayaraq, şəxsən mən hesab edirəm ki, bu prosesin özü çox maraqlıdır. Ancaq Qarabağ məsələsində ermənilərə qarşı xarici təzyiqlərin güclənməsinə baxmayaraq, burada son söz Azərbaycanın və Azərbaycan ordusunun olmalıdır”.

Mərkəz rəhbəri ortada konkret nümunənin olduğunu vurğuladı: "2016-cı ilin aprel döyüşlərindən sonra dünyada ictimai rəy dəyişdi. Azərbaycan ordusunun öz üstünlüyünü göstərəndən, torpaqları azad etməyə qadir olandan sonra dünyada ictimai rəy dəyişməyə və ermənilərə müəyyən təzyiq göstərmək ideyaları reallaşmağa başladı. Həmin o döyüşlərin nəticəsində Sərkisyan hakimiyyəti iki ildən sonra devrildi. Mən əminəm ki, 2016-cı ilin aprel məğlubiyyətindən sonra, 2018-ci ilin aprelində hərbi məğlubiyyət siyasi məğlubiyyətə çevrildi və Sərkisyan hakimiyyətdən getməli oldu. Ona görə də biz ilk növbədə bu amilə arxalanmalıyıq və torpaqlarımızı öz gücümüzlə azad etməyə daim hazır olmalıyıq. Bu, siyasi yolla baş versə, çox gözəl, biz hamımız sevinərik ki, qan tökmədən torpaqları azad etməyə nail olmuşuq. Ancaq ortalıqda bu torpaqları azad edəcək güc olmayanda və həmin gücü tətbiq edə bilsək, siyasi iradə olmayanda diplomatik təzyiqlər də azalır. Onda başqa ölkələr də torpaqların azad olunması ilə bağlı məsələləri sərt şəkildə gündəmə gətirmirlər”.

Oxşar xəbərlər