Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? - DOSYE

  • 17 noy 2018, 17:37
Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsinin icrası müvəqqəti olaraq tədris işləri üzrə prorektor İradə Əliyevaya həvalə edilib.
Bu hada məlumatı Təhsil Nazirliyinin İctmaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov təsdiqləyib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 15-də imzaladığı sərəncamla Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov vəzifəsindən azad edilib.
Bəs rektor vəzifəsinin icraçısı olan İradə Əliyeva kimdir?
Onun tərcümeyi-halını təqdim edirik:
İradə Əliyeva 1959-cu il oktyabr ayının 23-dəGəncə şəhərində ziyalı ailəsində anadan olub. 1976-1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsinin əyani şöbəsində (rus bölməsində) təhsil alıb. Ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra gənc mütəxəssis kimi təyinatla Azərbaycan Elmlər Akademiyasının Qeyri üzvi və fiziki kimya İnstitutuna işə göndərilib.
İradə Əliyeva 1981-1983-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Qeyri üzvi və fiziki kimya İnstitutunda böyük laborant işləyib. 1983-cü ildə Bakı Dövlət Universitetinin Optika və molekulyar fizika kafedrasının əyani aspiranturasına daxil olub və 1986-cı ildə namizədlik dissertasiyası müdafiə edib.
1986-1992-ci illərdə Bakı Dövlət Universitetinin Molekulyar Biofizika Elmi-Tədqiqat laboratoriyasının kiçik elmi işçisi, 1992-1995-ci illərdə elmi işçisi, 1995-1997-ci illərdə böyük elmi işçisi, 1997-2002-ci illərdə aparıcı elmi işçisi, 2002-2006-cı illərdə baş elmi işçisi olub.
2002-2006-cı illərdə BDU-nun Fizika problemləri elmi-tədqiqat institutunun Nəzəri fizika şöbəsinin baş elmi işçi, 2006-2011-ci illərdə Bakı Dövlət Universitetinin Elmi tədqiqat hissəsinin rəisi işləyib.
26.05.2011-ci il tarixindən Bakı Dövlət Universitetinin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsində çalışır.
2000-ci ildə Biofizika ixtisası üzrə biologiya elmləri doktoru alimlik dərəcəsini almaq üçün "Bioloji sistemlərdə üzvi və qeyri-üzvi təbiətli ionları bağlayan maddələrin quruluş-funksiya xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
2006-cı ildə Biofizika ixtisası üzrə professor elmi adı alıb.
2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2009-cu il oktyabr ayının 30-da Prezidentin sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif olunub.
Ailəlidir, iki övladı var. 
Oxşar xəbərlər