Dövlət xarici borclanmanı kəskin azaltmağa qərar verdi

  • 26 okt 2018, 09:47

İqtisadçı ekspertin sözlərinə görə, hazırda Azərbaycanın xarici borcu təhlükəli həddə deyil

"Azərbaycanın valyuta ehtiyatları xarici borcun məbləğindən 4-5 dəfə çoxdur. Zərurət yaranacağı halda bir neçə ay ərzində xarici borcun ödənilməsi mümkündür”. Bu sözləri prezident İlham Əliyev oktyabrın 25-də keçirilən VI Beynəlxalq Humanitar Forumundakı  çıxışında səsləndirib.

Ancaq təbii ki, borcların bu şəkildə ödənilməsi gündəmdə deyil. Dövlət borclarının qrafikə uyğun olaraq büdcədən ödənilməsi nəzərdə tutulur. Belə ki, 2019-cu il dövlət büdcəsində dövlət borclarına xidmətlə bağlı xərclər (əsas borc və faizlər üzrə xərclər) üçün 2 mlrd. 334,8 mln. manat vəsait nəzərdə tutulur ki, bu da 2018-ci illə müqayisədə 72 mln. manat, yaxud 3,2 faiz çoxdur.  2019-cu il dövlət büdcəsi layihəsində qeyd olunur ki, bu xərclərin 172,6 mln. manat hissəsini daxili dövlət borcuna xidmət xərclər,  2 mlrd 162,2 mln. manatının isə xarici xarici dövlət borcuna xidmət xərcləri təşkil edir.

2019-cu il üzrə daxili dövlət borclanmasının yuxarı həddi 500 mln. manat, yəni 2018-ci ilə nisbətən 200 mln. manat az müəyyənləşdirilib. Xarici dövlət borclanmasının yuxarı həddi 1 mlrd. manat, yəni  2018-ci ilə nisbətən 1,15 mlrd. manat daha az müəyyən edilib. Həmçinin il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi 4 mlrd. manat məbləğində proqnozlaşdırılır. Görünən odur ki, hökumət borclanmanın getdikcə azaldılmasında maraqlıdır.

Mövzu ilə bağlı "Yeni Müsavat”a danışan iqtisadçı ekspert Rəşad Həsənov da bildirdi ki, bu ilin iyun ayına olan məlumata görə, Azərbaycanın xarici borcu 9,6 milyard dollardır: "Bu məbləğ həqiqətən də hazırda mövcud olan rezervlər qarşısında kifayət qədər kiçik görünə bilər. Çünki ölkənin valyuta ehtiyatlarının ümumi həcmi təxminən 45 milyard dollardır. Belə bir şəraitdə təbii ki, Azərbaycanın kredit reytinqi, yəni krediti qaytarma qabiliyyəti yüksək qiymətləndirilə bilər.  Ancaq bu, Neft Fondunun likvit aktivlərini birbaşa olaraq, xarici borcun ödənilməsinə yönəltməsi anlamına gəlmir. Birincisi, Neft Fondunun 9,6 milyard dollar vəsaiti likvitləşdirməsi üçün zaman tələb  olunur. Çünki bu vəsaitlər müxtəlif maliyyə alətlərində yerləşdirilib. O baxımdan bu açıqlama daha çox ümumi vəziyyəti məcazi anlamda qiymətləndirmədir.  Dövlət borcları deyərkən, buraya həm dövlətin birbaşa götürdüyü borclar, həm də dövlət zəmanəti ilə  digər qurumların götürdüyü borclar daxildir. Xarici borcun ödənilməsi zamanı məhz dövlətin zəmanəti ilə götürülən borclar hissəsində problemlər ortaya çıxır. Çünki dövlət müəssisələri dövlətin zəmanəti ilə xaricdən kredit alırlar, lakin borcun ödənilməsi vaxtı çatdıqda bunun üçün vəsaitləri olmur. Dövlət məcbur qalıb həmin müəssisənin borc yükünü büdcənin imkanları çərçivəsində nəzarətə götürməli olur. Bu zaman da çətinliklər ortaya çıxa bilər. Ancaq təbii ki, nə zamansa dövlət strateji valyuta ehtiyatlarının təxminən 22 faizini xarici borcların ödənilməsi üçün xərcləsə, o zaman vəziyyət dəyişə bilər. Lakin bu heç bir halda doğru yanaşma deyil və dünyanın heç bir ölkəsində tətbiq olunmayıb. Yalnız o halda bu praktikadan istifadə edilir ki, dövlət defolt təhlükəsi ilə üzləşir. Bu baxımdan dövləti defoltla üzləşməyə aparacaq addımlar olmamalıdır. Əgər  vəziyyət bu həddə çatarsa, o zaman iqtisadi inkişafdan söhbət gedə bilməz.”

İqtisadçı ekspertin sözlərinə görə, hazırda Azərbaycanın xarici borcu təhlükəli həddə deyil: "Xarici borcumuzun ümumdaxili məhsuldakı payı 22 faizdir. Söhbət yalnız dövlətin aldığı borclardan gedir. Ancaq dövlət şirkətlərinin borcu ümumilikdə 21 milyarda yaxındır. Bu isə təxminən ÜDM-in 60 faizinə bərabərdir. Buraya dövlətin zəmanət vermədiyi, amma dövlət qurumları tərəfindən götürülmüş borclar daxildir. Həmçinin dövlətin xarici bazarda yerləşdirdiyi qiymətli kağızlar da dövlətin borclarına daxildir. Ümumi götürdükdə hazırda dövlətin üzərində fiskal öhdəlik yaradan xarici borcun ÜDM-də payı 22 faizdir. Ancaq dövlət qurumlarının da borcları dolayısı ilə dövlət üçün problem yarada bilər. Dövlət müəssisələrinin zəmanət olmadan aldığı borcun həcmi təxminən 12 milyard dollardır. Zəmanət olmadığı üçün müəssisələr vəsaitlərini həmin borcun ödənilməsinə yönəldirlər. Nəticədə dövlət zəmanəti ilə aldığı borcun ödənilməsinə vəsait yönəltmir. Hesab edir ki,  istənilən halda dövlət həmin borcu ödəyəcək. Xarici borc məsələsi ilə bağlı belə qarışıq bir situasiya var”.

R.Həsənov hesab edir ki, beynəlxalq standartlarla müqayisədə göstəricilər Azərbaycanda vəziyyətin müsbət olduğunu  göstərir: "Ölkələr var ki, onların borcları ümumdaxili məhsuldan  2-2,5  dəfə çoxdur. Hətta inkişaf etmiş ölkələrdə - ABŞ, İngiltərə, Fransa , Almaniyada belə xarici borcun həcmi ÜDM-dən çoxdur. Ancaq məsələ orasındadır ki, bu ölkələrdə real sektor dayanıqlı əsaslar üzərində qurulub, bu da borcun geri qaytarılması üçün riskləri minimuma salır. Azərbaycanda isə bu borcların qaytarılmasında yeganə mənbə neft gəlirləridir. Neftin qiyməti kəskin şəkildə düşərsə, o zaman Azərbaycan üçün xarici borcların indiki həcmi kifayət qədər ciddi bir problemə çevrilə bilər”.

Oxşar xəbərlər