Xəbər lenti
Bütün xəbərlər

Gəncənin tanınmış direktoru "Əməkdar müəllim" fəxri adına layiq görüldü

  • 08 okt 2018, 08:32

Xəbər verildiyi kimi, 4 oktyabr 2018-ci il tarixdə Prezident İlham Əliyev Azərbaycan Respublikasının təhsil işçilərinə "Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncam Gəncə müəllimləri tərəfindən də böyük rəğbət və sevinclə qarşılanıb.

"Demokratik.Az"-a verilən məlumata görə, ölkə başçısının müqəddəs müəllim adına sayğıdan irəli gələn növbəti sərəncamı Gəncədə "əməkdar müəllim" adını daşıyan müəllimlərin sayını artırıb. Bu dəfə bu fəxri ada sahib olanlardan biri, hazırda Gəncə 30 saylı tam orta məktəbinin direktoru İlham Musa oğlu Həsənovdur.

Gəncə ictimaiyyəti tərəfindən həm də şair-publisist-jurnalist kimi tanınan İlham Həsənov ömrünün 40 ildən çoxunu pedoqoji fəaliyyətə həsr edib. Ölkənin bir çox tanınmış şəxslərinin, yüksək dövlət məmurlarının müəllimi olub, fəaliyyəti dövründə 100-lərlə şagirdinə və insanlara maddi-mənəvi dəstəyini əsirgəməyib. Təsadüfi deyil ki, bir çoxları onu bu kimi fəxri adlara həmişə layiq bilib, İlham Həsənovu həmişə gülərüz, vətənpərvər və qayğıkeş bir ziyalı kimi xarakterizə edirlər. 

Əməkdar müəllim müxtəlif vaxtlarda direktor müavini, Təhsil şöbəsinin inspektoru və bir neçə məktəbin direktoru vəzifələrində çalışıb. 5 ildən artıqdır ki, Gəncə şəhəri, Vüqar Veysəlov adını daşıyan 30 saylı tam orta məktəbinin direktorudur.

"Demokratik.Az" İlham Həsənovun özü ilə də əlaqə yaradıb. Fəxri ada layiq görülən direktor qısa təəssüratını bizimlə bölüşüb. "Sağolun ki, maraqlanırsınız, nə deyə bilərəm, sevindim. Mənim üçün gözlənilməz oldu, 42 illik zəhmətimin bəhrəsini nəhayət cənab prezidentimiz tərəfindən aldım. Bu adı mənə layiq görən ölkə başçısına və digər aidiyyatı şəxslərə dərin təşəkkürümü bildirirəm. Mənim üçün həm də bu ad "müəllimlər günü"mə ən qiymətli hədiyyə oldu. Allah prezidentimizə can sağlığı nəsib eləsin, onun müəllimlərə belə diqqət və qayğısı bizim çiyinlərimizə daha ağır məsuliyyət qoyur. Təhsilimizin inkişafı naminə bundan sonra da əzmlə çalışmalıyıq"- deyə İlham Həsənov saytımıza bildirib.

Fürsətdən istifadə edib biz də İlham müəllimi təbrik edir, ona bundan sonrakı fəaliyyətində yeni nailiyyətlər arzu edirik.

"Əməkdar müəllim" fəxri adınız mübarək olsun İlham Həsənov!

"Demokratik.Az"

 

Oxşar xəbərlər