Arvadını 18 bıçaq zərbəsi ilə öldürənin məhkəməsi başladı

  • 13 sen 2018, 11:14

Həyat yoldaşını amansızlıqla öldürməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rəfayıl Feyziyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası sentyabrın 18-nə təyin edilib.

Hadisə bu il mayın 18-də Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində baş verib.

Məlumata görə, Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Rafət Feyziyeva əri R.Feyziyev tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Qətli törədən R.Feyziyev könüllü olaraq polisə təslim olub.

İlkin məlumata görə, R.Feyziyev həyat yoldaşının ona xəyanət etdiyini öyrənib və yaşadığı mənzildən onun yad kişi ilə fotoşəklini tapıb. Bundan sonra o, həyat yoldaşı R.Feyziyevanı yaşadıqları mənzildə 18 bıçaq zərbəsi ilə qətlə yetirib.

Qeyd edək ki, Feyziyev barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilir.

Oxşar xəbərlər