“Qarabağlılar torpağı erməniyə verib, Bakıya qaçdı” ittihamına rəylər

  • 25 avq 2018, 09:35

Zaman-zaman Qarabağın işğalı ilə bağlı bir yersiz fikir səsləndirilir. Həmin bölgənin insanlarına ittiham irəli sürülür ki, guya torpağı qoyub, Bakıya qaçıblar. Bu günlərdə müğənni Mətanət Əsədovanın içki məclisindən olan videosu ətrafında başlayan qalmaqalda da belə bir gərəksiz fikir səsləndirildi. Müğənni Manaf Ağayev xanım həmkarını müdafiə edərkən başqa bir mübahisə yarandı. Özünü jurnalist adlandıran bir nəfər facebookda Manaf Ağayevi "torpağı qoyub, Bakıya qaçan” adlandırdı. Onun bu statusu isə birmənalı qarşılanmadı.

Qarabağlıların ünvanına ara-sıra səsləndirilən bu qərəzli və yersiz fikirlərlə bağlı "Yeni Müsavat” ölkənin bir neçə tanınmış şəxsindən fikir alıb.

Qarabağ Azadlıq Hərəkatının sədri Akif Nağı:

"Hazırda torpaqlarımız işğal altındadır. Burada məsuliyyət o vaxtı hakimiyyətin üzərinə düşür ki, gərək onlar bu torpaqları qoruyardı, nəinki hərə əlinə bir ”yaba" alıb qorumalı deyildi. Bununla belə, insanların özləri də öz ərazilərinin qorunmasında fəal iştirak etməli idi. Amma onlar iştirak ediblər. Buna görə onlar qınanılmalı deyil. Bütün işğal olunmuş ərazilərdə döyüşlər zamanı ciddi müqavimət göstərilib, minlərlə insan şəhid olub. Buna görə də Qarabağda yaşamış insanların barəsində bu cür ittiham səsləndirmək doğru deyil.

"Bu, regionçuluqdur və tərbiyəsiz bir söhbətdir”

Qarabağ təkcə qarabağlıların deyil, bütövlükdə Azərbaycanındır. Bu gün həmin hadisələr Şəkidə baş versəydi, hər birimiz şəkili olmalıydıq. Yəni məsələni bu şəkildə qoymalıyıq. Nə qədər ki, Qarabağ işğaldan azad olmayıb, hər birimiz qarabağlıyıq, həm rəsmi səviyyədə, həm də qeyri-rəsmi. "Qarabağı erməniyə verib, Bakıya qaçdılar” deyənlər səviyyəsiz insanlardır. Məsələnin bu cür qoyulmasının qəti əleyhinəyəm. Bu, regionçuluq və tərbiyəsiz bir söhbətdir".

"Bu cür danışan insanlar qərəzli, cahil, savadsızlardır”

Modern.az saytının baş redaktoru, əslən Kəlbəcərdən olan Elşad Eyvazlı isə bu cür ifadə səsləndirənləri cahil, savadsız adlandırıb:

"Bu cür ifadə işlədən şəxslərin ağlının yerində olmadığını düşünürəm. Çünki söhbət burada Azərbaycan torpaqlarının işğalından gedir. Bu cür danışan insanlar həm qərəzlidirlər, həm də savadsız. Düşünürəm ki, bu fikri söyləyənlərin rəylərinə ciddi yanaşmaq da doğru deyil. Məsələni böyütməklə o cür ağılsızlara qoşulmuş oluruq. Mən bunun tərəfdarı deyiləm. Qarabağda çoxlu sayda Şəkidən, Qubadan, Lənkərandan, Kürdəmirdən, Lerikdən, Yevlaxdan və s. digər bölgədən olan vətəndaşlarımız vuruşub. Onların arasında şəhid olanlar var. Onda belə çıxır ki, onlar döyüşlərdə iştirak etməzdi?”

"Qarabağlılar torpağı düşmənə verməmək üçün son ana qədər vuruşublar”

Məsələyə "Yeni Müsavat” qəzeti baş redaktorunun 1-ci müavini Azər Ayxan da öz mövqeyini bildirib. O deyib ki, Qarabağ problemi başlayandan Azərbaycan siyasi və psixoloji tarazlığını itirib:

"Bu problem xalq, ölkə, hətta fərd olaraq hər birimizin həyatında mənfi izlər buraxıb. Bu, bizim ümummilli problemimizdi. Ona görə də Qarabağ məsələsini bir bölgənin, bir neçə rayonun problemi kimi təqdim etmək kökündən yanlışdır. Əslən qarabağlı olmasam da, mən özümü qarabağlı sayıram. Qarabağ və ona daxil olan ayrı-ayrı rayonlardan 20-25 illik çox yaxın dostlarım, tanışlarım var. Bu insanların necə bir xiffət çəkdiklərinə, hansı acıları yaşadıqlarına şahidəm. Hansısa qarabağlı dostumuzun, vətəndaşımızın acısı bizim acımızdı.  Onların rayonlarının, kəndlərinin işğalı bizim el-obamızın, kəndimizin işğalıdır. Millət olaraq məsələyə bu cür yanaşmalıyıq. Heç kəsin haqqı yoxdur ki, qarabağlıları ”Qarabağı erməniyə verib, Bakıya qaçdılar" deyə, suçlasın. Qarabağlılar və digər sərhəd bölgəsinin insanları öz el-obalarını düşmənə təslim etməmək üçün son ana qədər vuruşublar. Şuşadan, Ağdamdan, Xocalıdan, Füzulidən, Cəbrayıldan, Laçından, Tərtərdən, Zəngilandan, Qubadlıdan, Gədəbəydən, Qazaxdan, Naxçıvandan, Goranboydan, Gəncədən, Kəlbəcərdən, Tovuzdan və digər rayonlardan vətən savaşına qatılan, düşmənlə vuruşan yüzlərlə, minlərlə qardaşlarımız olub. Qarabağ camaatı minlərlə şəhid verib müharibədə. Sadəcə olaraq həmin dövrdə Azərbaycanda dövlət tam formalaşmamışdı, həmçinin bizi xalq və ölkə olaraq müharibədə məğlub etmək istəyən qüdrətli dövlətlər vardı. Onların gizli-aşkar dəstəyi ilə ermənilər torpaqlarımızı işğal etdi. Bu müharibədə Türkiyədən başqa bizim tərəfimizi tutan ikinci bir dövlət olmayıb. Biz təkcə ermənilərlə vuruşmamışıq Qarabağda, dünyanın, regionun ən böyük dövlətləri ilə vuruşmuşuq. Nə yazıq ki, Qarabağdan olmayan milli satqınların da yaxından dəstəyi ilə Ermənistan Dağlıq Qarabağı, həmçinin bir neçə başqa rayonumuzu işğal etdi. Bu işdə Qarabağ camaatını suçlamaq, onları ittiham etmək nadanlıqdı, cahillikdi".

Azər Ayxan bildirib ki, "vətənini erməniyə verib, Bakıya qaçdı” demək şəhidlərin haqqına girməkdi:

"Həmçinin o şəhidləri, qaziləri doğub böyüdən anaların, o oğulların alınlarından öpərək Vətən savaşına yollayan ataların haqqına girməkdi. Fikir verin, 1988-ci ildən bəri Azərbaycan xalqının ağzının dadı qaçıb, xoşbəxtliyimiz, rahatlığımız yoxdur. Qarabağ məsələsi həll olunana qədər belə də davam edəcək. Ona görə də Qarabağ probleminə qarabağlıların problemi kimi yanaşmamalıyıq. Bu cür yanaşanların da ağzından vurmalıyıq, belələrini ictimai qınağa məruz qoymalıyıq”.

Demokratik.Az

Oxşar xəbərlər