Xəbər lenti
Bütün xəbərlər

Göygöldə ANARXİYA - Arif Seyidov bələdiyyələrin əli ilə torpaqları talayıb

  • 14 iyul 2019, 20:48

Göygöl rayon icra hakimiyyətinin başçısı Arif Seyidovun özbaşınalığı və şəxsi maraqları çərçivəsində rayonun kəndləri də daxil olmaqla, xüsusilə şəhər bələdiyyəsinin ehtiyyat fond torpaqları aşkar talana məruz qalıb. Torpaqlar istifadə və mülkiyyətə verilərkən nə sosial ədalətə, nə də qanunvericiliyin müvafiq tələblərinə riayət olunmayıb...

Bu barədə "Demokratik.Az"-a daxil olan çoxsaylı şikayətlərdən və əldə olunan faktlardan bu qənaətə gəlinir ki, son 10 ildə rayon bələdiyyələrinin alqı-satqı əsasında ev tikintisi məqsədilə şəxsi mülkiyyətə verilən 10 hektarlarla torpaq sahələri əksər hallarda varlılara satılıb, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu"nun tələbləri pozulmaqla bələdiyyə sədrləri öz müstəqilliklərini unudaraq icra başçısı Arif Seyidovun göstərişlərinə və varlanmasına xidmət ediblər. 

Hələlik əldə etdiyimiz məlumatlarla onu deyək ki, problem daha çox Göygöl şəhərinin torpaqlarının paylanmasında nəzərə çarpır. Təsəvvür edin ki, 10 ildən artıqdı şəhər bələdiyyəsinə divan tutan sədr Mikayıl Hacıyevin özbaşınalığı sayəsində təkcə bugünün zavallıları deyil, gələcək nəslin də ehtiyyacını ödəyəcək torpaq sahəsi qalmayıb. Arif Seyidovun diqtəsilə perspektiv fond torpağı başçının yaxın qohumlarına, İHB-nin acgöz və yaramaz məmurlarına, əsası da varlı adamlara elə sürətlə paylanıb ki, kasıb sakinlərin torpaq növbəsi indiki durumda 2000 nəfəri keçib. Bu süni növbəçilik siyasəti həmişə "gücsüzlərə" - pulsuzlara şamil edilib. Heç bir növbə və qanun tanımayan "ağıllılar" xeyli irəli gedərək ehtiyacları olan bir deyil, hərəsinə azı 5 torpaq sahəsini işğal edib 100-lərlə kasıb ailənin haqqına əməllicə "tüpürüblər".

Redaksiyamıza daxil olan siyahıda və fotolarda bunlar çılpaqlığıyla görünür. (dəqiqləşdirib şəkilləri və siyahını da təqdim edəcəyik - red)

Kəndlərdən əldə etdiyimiz məlumata görə isə, təkcə rayonun Aşıqlı kəndində Arif Seyidovun yaxın qohumunun adına 2 hektardan artıq fərdi ev tikintisi üçün torpaq sahəsi rəsmiləşdirilə bilib. İcra başçısının Aşıqlı, Mixaylovka və Toğanalı kəndlərində də dəbdəbəli daçaları, torpaq sahələri var. Şəhərin özündə icra başçısının və yaxın qohumlarının əldə etdiyi torpaq sahələri 50-dən artıqdır.

Son 10 ildə şəhər bələdiyyəsinin əli ilə torpaq satışından əldə olunan bir neçə milyon manatlıq rüşvət bir yana, rüsum olaraq bələdiyyə nəfinə ödənilmiş 100 minlərlə manat pul vəsaitinin hara və necə xərclənməsinə dair sakinlərə məlumat verilməyib. Ümumiyyətlə, heç olmasa ildə bircə dəfə də olsun rayonun kənd və şəhər bələdiyyələri seçicilərinin qarşısına çıxıb əhalini məlumatlandırmayıblar. Qeyri-rəsmi olsa da, bələdiyyələrin özbaşınalığı Arif Seyidovun özbaşınalığıdır ki, bunun da hesabatı təkcə sakinlərə yox, nə vaxtsa Baş Prokurorluq yanında korrupsiya idarəsinə, Arif Seyidova etibar edərək 13 il əvvəl onu bu vəzifəyə təyin edən prezident cənab İlham Əliyevə verilməlidir.

İllərdir torpaq ala bilməyən, süründürməçilkdən əziyyət çəkən kasıb rayon sakinlərinin saytımıza göndərdiyi müraciətdə icra başçısı və bələdiyyə sədrinə ünvanlanan bir cümlə ilə jurnalist araşdırmalarımızı davam etdirəcəyik: Nə deyək?! "Afərin sizə acgözlər! Göygöl torpaqlarını nəhayət ki, TALADINIZ"!..

"Demokratik.Az"    

Oxşar xəbərlər