Göygöl sakinləri niyə palçıq içir? - Bəlkə Prezidenti aldadıblar?

  • 10 iyun 2018, 20:32

Göygöl rayon sakinlərinin içməli su təchizatında biabırçı durum yaşanır. Bir neçə gündür sakinlər ələ salınır, evlərdəki smart tipli sayğaclara pul ödəyib guya ağ, təmiz ekoloji saf su gözləyən biçarələr palçıqlı, bulanıq suya görə hər gün "Azərsu"ya lənət yağdırırlar. 

Sakinlərin sözlərinə görə, onlara mütamadi çirkli su "satan" "Azərsu" verdiyi vədlərə xəyanət etməklə, illərdir abonentlərini aldatmaqla məşğuldur. Aldığımız məlumata görə, cəmiyyət istehlakçılara təkcə lilli su satmır, həm də suyun verilişində uzunmüddətli fasilələrə də yol açır. 

 

"Demokratik.Az"-ın əldə etdiyi məlumata görə,2014-cü il yanvarın 21-də Göygöl rayonuna içməli suyun verilməsi mərasimində iştirak edən ölkə başçısı cənab İlham Əliyevə deyilən məlumatlar, verilən vədlər "nədənsə" puça çıxdı. Belə ki, həmin mərasimdə ölkə rəhbərinin hüzurunda əhaliyə 24 saat fasiləsiz və ekoloji cəhətdən təmiz su təminatına dair öhdəlikləri nağıla çevirdilər. Neçə ildir ki, nə fasiləsiz su, nə də ekoloji təmiz su məsələsi reallaşmadı.

Yerli dövlət rəsmiləri, xüsusilə rayon İHB-nin başbilənləri isə özlərinin və ailə üzvlərinin içməli su tələbatını marketlərdə satılan, xüsusi qablaşdırılmış bahalı sularla ödəyirlər. Və belə olan halda da, Göygölün pullu və harın məmurları icra başçısı Arif Seyidovun timsalında illərdir bu durumu görməzlikdən gəlirlər. Şikayətlərin və giley-güzarın xeyri yoxdur.

Göygöl sakinlərinin hansı keyfiyyətdə, hansı rəngdə su içmələri yerli rayon rəhbərliyini və Göygöl rayon Sukanal idarəsini narahat edən məsələ deyil. Sakinlər söyləyir ki, kimlərsə onları qəsdən gündəlik həyatı şərtləndirən içməli su ilə imtahan edirlər.

Görünür, Azərbaycanda əhalinin fasiləsiz və təmiz içməli su təminatına dair öhdəlik və məsuliyyətini ASC sədri cənab Qorxmaz Hüseynov unudub. Eləcə də, adıçəkilən rayonun icra başçısı Arif Seyidov da vətəndaşların belə ciddi problemlərinin həllində vasitəçi olmaq missiyasını olmaya ləğv edib? Əgər, Göygölün içməli su problemi varsa və həqiqətən ölkə başçısı yalan vədlərlə aldadılıbsa, buna Arif Seyidovun susqun qalması, problemi dərindən təhlil edib şəxsən prezidentə məruzə etməməsi sadəcə xəyanətdir...

Kənardan olduqca məsuliyyətsiz görünən məmurlara səslənirik: - "Göygöl sakinləri niyə palçıq içir? - Bəlkə Prezidenti aldadıblar?...

Bildirək ki, "Demokratik.Az" saytının rəhbəri Osman Nərimanoğlu da Göygöl rayonunda yaşayır. O bu biabırçılığa dair öz feysbuk səhifəsində maraqlı sətirlər yazıb.

"Əziz dostlar! bir neçə gündür Göygöl sakinləri kirli su ilə sınağa çəkilir. Dələduz və yezidxislətli "Azərsu" biçarə istehlakçılarına eksklüziv rəngi olan, tərkibində balıq, çömçəquyruq əmələ gələcək keyfiyyətdə bir suyu içməyi lazım bilir... 
Əhsən sənə, Qorxmaz Hüseynov! Həqiqətən də qorxmazmışsan - səni nə vicdanın qorxudur, nə insafın, nə də qanunçuluq!
Tutaq ki, bu 3 şeyin sən(d)ə dəxli yoxdur...
Qorxmursanmı ki, birdən bu rayon su içməkdən imtina edər, qalarsan pulsuz, olarsan çulsuz!
Rayon sakinlərinin sənə bir arzusu var! - Allah səni də, bu cür suyu bizlərə rəva görən digər yezid məmurları da belə suya möhtac qoysun! 
Qorxmaz Hüseynov! Neçə ki, gec deyil, Göygölün icra başçısı Arif Seyidov dostunla birlikdə "KİRİNİZİ", ÇİRKABINIZI CAMAATDAN UZAQ TUTUN!
BARİ BU KİRİ TƏMİZLƏYİN!
BİR DƏ - ÖZÜNÜZƏ NUŞ OLSUN, CƏNABLAR!"...

(mövzu diqqətimizdədir)

Demokratik.Az

Oxşar xəbərlər