Gəncə İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada XAOS - Şəhla Arxaft nələri gizlədir?

  • 05 iyun 2018, 14:24

Gəncə İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada XAOS yaşanmaqdadır. 

"Demokratik.Az"-ın əldə etdiyi məlumata görə, gimnaziyada təhsilə cəlb olunan, xüsusən sağlamlıq imkanları məhdud şagirdlərə dövlət vəsaiti hesabına ödənilməli olan aylıq sosial müavinət (20 azn olmaqla-red) ilin əvvəlindən bu yana hələ də ödənilməyib. Cəmi bir neçə min manatlıq ödənişin hansı səbəbdən Təhsil nazirliyi tərəfindən yubadılması, o pula ehtiyacı olan əlil uşaqlara belə biganə münasibəti isə ancaq qınaya bilərik. Bu barədə valideyinlərin bir çoxu tərəfindən rəsmi və qeyri-rəsmi şikayətlər mövcuddur, süni problem həllini gözləyir.

"Demokratik.Az"-a bu barədə şikayətini dilə gətirən valideyinlər Gimnaziyada şagirdlərə ümumilikdə laqeyid münasibətin göstərildiyini də bildirir. Təhsil Nazirliyinin birbaşa tabeliyində olan bu təhsil müəssisəsində təhsil, təlim və tərbiyə alan, qanunauyğun dövlət təminatında olan təhsilalanların hər gün keyfiyyətli isti yeməklə təchizatında da ciddi problemlər mövcuddur. Məlumata görə, TN tərəfindən hər il tenderlə kimlərəsə həvalə olunan isti yemək təchizatı ilə bağlı öhdəliklər isə hansısa şəxsi və maddi maraqların qurbanıdır.

Yuxarıda göstərilən faktları dəqiqləşdirmək məqsədilə, Gimnaziyanın direktoru xanım Şəlalə Arxaftla əlaqə saxladıq. Təəssüf ki, direktorla dialoqdan mətbuata "nifrətini" hiss etdik. Və hesab edirik ki, direktor mətbuatdan nələrisə gizlətməyə çalışır. 

Direktor, hər uşağa ödənməli olan 20 manat müavinət məsələsini belə izah etdi: "Bu problem Təhsil Nazirliyinin diqqətindədir. Ödənişin həyata keçirilməsi üçün Ombudsmana da müraciət olunub, zəruri işlər aparılır ".

Digər suallarımıza və şagirdlərin qidalanması ilə bağlı suallarımıza aqressiv cavab aldıq: " Mən sizə məlumat verməməliyəm. Hansı suallarınız varsa, nazirliyə müraciət edin. Qidalanma ilə bağlı isə hansısa narazılığımız yoxdur".

Maraqlı cavabdır. Görəsən, direktor "narazılığımız yoxdur" deyəndə özünü nəzərdə tutur, yoxsa qidalanma hüququ pozulan zavallı şagirdləri...

 

 

 

 


 

 

Məlumat olaraq bildirək ki, Gəncə  İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya dövlət dəstəyilə əsaslı təmir olunaraq ötən ilin sentyabrında yenidən istifadəyə verilib. Rəsmi məlumatlara görə, Gimnaziya 250 şagird yerlik tədris üçün nəzərdə tutulub. Burada 25 sinif otağı, 35 yataq otağı, şagirdlər üçün yeməkxana, iclas və idman zalları mövcuddur. Gimnaziyada lazımi müasir şərait yaradılıb.

Bu cür məlumatlar internetdə yerləşdirilsə də, əyani şəkildə gimnaziyadakı tədris prosesini, dərsə müəllim-şagird davamiyyətini, orada qalmaqla (əgər varsa-red) təhsil alan şagirdlərə qayğının hansı səviyyədə olmasını öyrənib təhlil etməyə böyük ehtiyac var. Təəssüf ki, kimlərinsə şəxsi düşüncə və əməlləri ucbatından bu kimi əksər təhsil müəssisələri ictimaiyyət nümayəndələrinin üzünə bağlı durumdadır. 

Bu doğal haqqı biz jurnalistlərə tanımayan direktor Şəlalə Arxaft görünür ki, bu qapalı "Boxca"sında daha nələrisə gizlədir

Osman Nərimanoğlu

İnanırıq ki, TN-in rəsmiləri və şəxsən nazir Cehun Bayramov sadalanan faktları yerində təftiş üçün sözügedən Gimnaziyanın qapılarını hər kəsin üzünə açmaqda, problemlərin həllində maraqlı olar...(mövzu diqqətimizdədir)

Demokratik.Az

Oxşar xəbərlər