Kəmaləddin Heydərovun Göygöldəki üzüm bağına xəstəlik yayılıb

  • 10 may 2018, 15:33

Kəmaləddin Heydərovun Göygöldəki üzüm bağında qəfil xəstəlik yayılıb.

"Demokratik.Az”-ın əldə etdiyi məlumata görə, fövqəlnazirə məxsus olduğu bilinən "AQRO-AZƏRİNVEST MMC”-nin Göygöldə yerləşən hektarlarla üzümçülük təsərrüfatı sıradan çıxmaq təhlükəsi ilə üz-üzə qalıb. Məlumata görə, üzüm tənəklərinin yarpaqlarında və kökündə ciddi xəstəlik aşkar edilib. İlkin ehtimala görə, yarpaqlarda görünən xəstəlik göbələk xəstəliyinə xas olsa da, tinglərin kökündə qeyri-adi xəstəliyin əlamətləri müşahidə olunur.

Saytımıza verilən məlumata görə, üzüm bağında xəstəliyin qarşısını almaq məqsədilə ciddi təhlillər və araşdırmalar aparılır. Aldığımız məlumata görə, bu barədə cənab Kəmaləddin Heydərova hələ də məlumat verilməyib. Bu problemin fövqəlnazirdən gizlədilməsinin əsas səbəbi isə, şirkətin bu işə cavabdeh aqronom və briqadirlərinin işdən qovulacağı qorxusudur. Bildirilir ki, nazir bir neçə rayonda sahib olduğu üzüm bağlarına çox həssaslıqla yanaşır və o, bu sahədə çalışan işçilərə qarşı olduqca tələbkardır. 

 


 

 

Deyilən iddialara inansaq, naməlum xəstəliyin qarşısı tezliklə alınmazsa, üzümçülük təsərrüfatı məhvə doğru gedir. Bu isə sahibindən daha çox, təsərrüfata cavabdehlik daşıyan şəxsləri narahat edir.

Bu barədə şaiyyələr də yayılıb. Görəsən, üzüm bağında gözlənilmədən naməlum xəstəliyin yayılması qəsdən törədilən təxribat ola bilərmi?... /araşdırmamız davam edir/

Demokratik.Az

Oxşar xəbərlər