Cəbhədə hücuma keçək? – Ekspertlərdən mühüm təkliflər

  • 09 may 2018, 09:22

BAXCP sədri Qüdrət Həsənquliyev Musavat.com-a açıqlamasında Qarabağın azad edilməsi baxımından Bakı üçün 30 ilin fürsətinin yarandığını deyib. Millət vəkilinin sözlərinə görə, Azərbaycan hakimiyyəti Rusiya ilə açıq danışıb, Qarabağın geri qaytarılması istiqamətində addım atmalıdır. O bildirib ki, hazırda düşmənə sarsıdıcı zərbələr vurulması üçün nəinki şans yaranıb, hətta bu mümkündür.

Qüdrət Həsənquliyevin bu açıqlaması ilə bağlı Axar.az-a danışan politoloq İlqar Vəlizadə deyib ki, Ermənistanda yaranmış vəziyyətdən istifadə edərək, Rusiya ilə danışıqlar aparmaq fayda verməz:

"Çünki Rusiya buna imkan yaratmayacaq. Digər tərəfdən, məsələnin bu cür həlli Rusiyanın da xeyrinə deyil. Ermənistanda həm ictimaiyyətin, həm də siyasi elitanın fikri, mövqeyi Kreml tərəfindən nəzərə alınır. Eyni zamanda, əgər bu məsələnin Azərbaycanın xeyrinə həll edilməsi üçün Rusiya tərəfindən hər hansı qəti fikir var idisə, Azərbaycana hansısa şəkildə dəstək vermək istəsəydi, bunu Sərkisyanın dövründə edə bilərdi. Bunu o vaxt etməyiblərsə, indiki vəziyyətdə bunu gözləmək sadəlövhlük olardı”.

Politoloq vurğulayıb ki, yaranmış vəziyyətdən istifadə etmək beynəlxalq səviyyədə bizim nüfuzumuzu sarsıda bilər:

"Ermənistandakı hadisələrin fonunda biz bu hücumu gerçəkləşdirmiş olsaydıq, xarici mövqeyimiz zəifləyərdi. Digər tərəfdən, Azərbaycan heç vaxt hücum edən tərəf olmayıb. Hətta aprel hadisələrində Ermənistanın provokasiyaları və onlar tərəfindən təşkil edilmiş hücumun qarşısı alınarkən biz əks-hücuma keçmişik və işğaldakı ərazilərimizin bir hissəsini qaytarmışdıq. Bizim bu vəziyyətdə birtərəfli müharibəyə başlamağımız beynəlxalq səviyyədə haqlı və güclü mövqeyimizi sarsıdar. Elə ermənilər də beynəlxalq səviyyədə Azərbaycanın təcavüzkar, əldə olunan razılıqları pozmağa hər an hazır olan dövlət olduğunu göstərmək istəyirlər. Azərbaycan hazırda belə addım atsa, ermənilərin dəyirmanına su tökmüş olarıq.

Ermənistanda daxili siyasi vəziyyətdən asılı olmayaraq, bu ölkə heç vaxt Azərbaycanın qarşısında hərbi-iqtisadi baxımdan duruş gətirə bilməz. Sadəcə, Ermənistanın hər zaman müxtəlif üsullarla güclü dövlətlərin arxasında gizlənərək, öz siyasətini yürütməyi bizə imkan vermir ki, qəti şəkildə bu məsələdə addım ataq”.

Politoloq Elxan Şahinoğlu isə Ermənistana qarşı hərbi təzyiqi hər an davam etdirməli olduğumuzu vurğulayıb:

"Əlbəttə, Ermənistanda baş verən hadisələrdən sonra mənim mövqeyim budur ki, Azərbaycan Qarabağ istiqamətində təzyiqi artıra bilər. Bu o demək deyil ki, mütləq mənada güc nümayişini həyata keçirməliyik. Çünki müharibə başlasa, erməni cəmiyyəti birləşəcək və indiki situasiyada bu, bizim maraqlarımıza cavab vermir. Ancaq biz hadisələri qabaqlaya, təsir edə bilərik. Digər tərəfdən, Paşinyan Ermənistanın baş naziri olmağa yaxındır. Biz ona mesajlar ünvanlaya bilərik ki, Ermənistanın 2 alternativi var: əgər torpaqlarımızı boşaltsa, Türkiyə və Azərbaycanla Ermənistanın əlaqələri normallaşacaq, regional layihələrdə iştirak edəcək. Lakin o, Sərkisyanın yolu ilə getsə, elə Sərkisyanın taleyi də onu gözləyəcək. Bu cür mesajlarla biz Qarabağ istiqamətində fəallaşa bilərik”.

Elxan Şahinoğlu qeyd edib ki, müəyyən mənada bizim üçün şans pəncərəsi açılıb:

"Bundan istifadə edərək, həm cəbhədə, həm də diplomatiya sahəsində -Türkiyə, Rusiya ilə aktiv fəaliyyət göstərməliyik. Əslində, bəllidir ki, Ermənistanın arxasında Rusiya dayanıb. Rusiya istəsə, münaqişə qısa müddətdə həll oluna bilər. Buna görə biz hazırki dönəmdə Rusiya ilə diplomatik əlaqələrimizi artırmalıyıq. Amma bu o demək deyil ki, Rusiya Ermənistan hakimiyyətinə təsir edərək, bu münaqişəsinin həllini sürətləndirəcək. Sadəcə, bu məqamdan istifadə edib, hərbi-siyasi mövqeyimizi daha da gücləndirə bilərik”.

Politoloq bildirib ki, məsələnin həll yolunun hücuma keçmək olduğunu düşünmür:

"İndiki vəziyyətdə biz bir qədər gözləmə mövqeyində olmalıyıq. Amma bu o demək deyil ki, snayperlərimiz işləməsin. Hərbi təzyiq davam etməlidir ki, Ermənistan aparılan siyasətin onlara necə baha başa gəldiyini anlasın”.

Oxşar xəbərlər