Qusarın kəndində bir gənc polis özünü hamıya sevdirə bilib - rəisə yazdılar

  • 02 may 2018, 12:45

Bu gün Azərbaycanda öz peşə borcunu ləyaqətlə və vicdanla yerinə yetirən polislərimiz yetərincədir. Onların hamısını tanımaq şansımız çox məhdud olsa da, bəzən elə insanların özləri tərəfindən sevimlilərinə çevrilən hər hansı polisi tanımaq şansı qazanırıq.

"Demokratik.Az"-a belə polislərdən biri - Qusar rayonunda 7 kəndin asayişində gecə-gündüz çalışan sahə müvəkkili, leytenant Elvin Allahquliyevin sakinlər tərəfindən necə sevildiyi barədə məlumat daxil olub. Hətta saytımıza DİN-in regional mətbuat xidmıətindən verilən məlumatda bildirilir ki, rayonun Minaxur kənd sakinləri Qusar Rayon Polis Şöbəsinin rəisinə də yazılı olaraq təşəkkür məktubu ünvanlayaraq, sahə müvəkkillərindənrazılıqlarını ifadə ediblər. Qısaca qeyd edək ki, adıçəkilən gənc polis zabiti Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 2017-ci ildən Qusar RPŞ-nin Samur Polis bölməsində sahə rəisi vəzifəsində çalışır.

Elvin Allahquliyevin xidməti və əhali arasındakı mehribanlıq münasibəti haqqında Qusar rayon Polis rəisi, polis polkovniki Zaur Bədəlova ünvanlanan məktubun məzmununu qısa ixtisarla oxucuların diqqətinə çatdırırıq:

"Rayonumuzda, o cümlədən kəndimizdə ictimai asayişin qorunmasına görə kənd sakinləri adından sizlərə - Azərbaycan Polisinə dərin təşəkkürümüzü bildiririk.

Kəndimizə təyin olunmuş sahə müvəkkili Elvin Allahquliyevin kəndimizdə vəzifəsini layiqincə yerinə yetirməsini xüsusilə qeyd etmək istərdik. O, qısa zaman ərzində kənd ərazisində gördüyü işlərlə kənd əhalisinin hörmət və rəğbətini qazanmışdır.

Biz kənd sakinləri  bir daha təşəkkür edir və razılığımızı bildiririk.”

Qısa zamanda kənd camaatının  hörmətini qazanan polis leytenantı Elvin Allahquliyev məktubdan sonra polis rəisinin və şəxsi heyətin hüzurunda insanların etibarını qazanmaq üçün onlarla mehriban münasibətlər qurmağın vacibliyini bir daha bildirib. Deyib ki, - .."kimliyindən asılı olmayaraq hər zaman vətəndaşlarla münasibətdə diqqətli və səmimi olmaq, hər kəsin müraciətinə müvafiq qaydada baxılması etimadın qazanılmasında başlıca amillərdəndir". Qusar rayon polis rəisinin timsalında, biz də inanırıq ki, qısa zaman kəsiyində nümunə olmağı bacaran bu gən polis zabiti bundan sonra da harada işləməyindən asılı olmayaraq xidməti borcunu layiqincə yerinə yetirəcək, özünün də qeyd etdiyi kimi, vətəndaş-polis münasibətlərinə daim həssaslıqla yanaşacaq.

"Demokratik.Az"

 

 

Oxşar xəbərlər