Rusiyada qadın və kişilər üşün ümumi HAMAMLAR
- 24 apr 2018, 20:22
Rusiyaya səyahət edənlərin böyük əksəriyyətini həmişə Rusiyada kişi və qadınların birgə çimdiyi ümumi (ictimai) hamamların olması düşündürüb.Əslində bunu bütün cəmiyyətə şamil etmək düzgün olmazdı. Çünki orta əsrlərdə Rusiyada kənd yerində belə adətlər yox idi. Məsələn, kəndlilərin hamamlarında həm kişi, həm də qadınlar çimə bilərdilər. Amma bu zaman yalnız qohumlar bir yerdə yuyuna bilərdilər. Kənar adamlarla eyni vaxtda hamamdan istifadə etmək mümkün olmurdu. Çünki hamamları, adətən, öz həyətlərində tikirdilər.
Rusiyanın şəhərlərində isə vəziyyət tamamilə fərqli idi. Rusiyaya səyahət edən xaricilər üçün xüsusilə qəribə olan da şəhərlərdə hər kəsin yuyunduğu ümumi hamamların olması idi. Qadın və kişilər üçün ayrı-ayrı hamamların inşa edilməsinə dair qanun yalnız II Yekaterina tərəfindən qəbul edildi.
Kəndlərdə hamamlar əsasən, şənbə günləri, eləcə də böyük bayramlarda qızdırılırdı. Birinci, kişi və uşaqlar, daha sonra qadınlar yuyunurdular.
Şəhərlərə gəldikdə isə, ilk ümumi hamamlar çar Aleksey Mixayloviçin sifarişi ilə tikilib. Hamam bir mərtəbədən ibarət olur və çay yaxınlığında inşa edilirdi. Orada sabunlanma, soyunub-geyinmə və buxar otaqları var idi. Belə hamamlarda bir yerdə (kişilər, qadınlar və uşaqlar) buxar vannası qəbul edilirdi.
Rusiyaya gedən o dövrün səyyahları yazırdı: "Heç bir utanma hissi keçirmədən ora gedən hər yaş təbəqəsindən olan qadınların abırsızlığı insanı heyrətə gətirir”. Xarici qonaqları daha çox təəccübləndirən saunada buxar vannası qəbul edən qadın və kişilərin paltarsız halda küçəyə çıxıb özlərini çayın buzlu suyuna atmaları idi.
Belə hamamlar təxminən bir əsrdən çox mövcud oldu. 1743-cü ildə kişi və qadınların birlikdə saunada özlərini buxara verməsi qadağan edildi. Lakin bu qadağa yalnız kağız üzərində qaldı. Qadınlar və kişilər üçün müxtəlif saunaların yaranmasına qədər Rusiyada ümumi hamam adətləri davam edirdi. ("Bizim Yol”)
