Türkiyədə vəziyyət gərginləşə bilər

  • 21 apr 2018, 09:28

Pənah Hüseyn: "Erkən seçkini təyin edərkən iqtidar bu məsələni nəzərə alıb”; Əhəd Məmmədli: "Xaricdəki düşmənlər daxildəki uzantılarının əli ilə vəziyyəti qarışdırmağa cəhd edə bilər”

Türkiyədə növbədənkənar  prezident seçkilərinin keçirilməsi əsasən daxili və xarici faktorlardan irəli gələn addım kimi şərh edilir. Çünki 2019-cu ilə kimi Türkiyəyə qarşı müəyyən ssenarilərin hazırlanması masada idi.

Bəzi təhlilçilər isə hesab edir ki, seçki gələn ilin noyabrında keçirilsəydi,  Rəcəb Tayyib Ərdoğanın yenidən hakimiyyətdə qalmasının qarşısını almaq üçün Qərb dairələri mütləq şəkildə daxildə və xaricdə yeni təhdidlərə əl atacaqdılar. Növbədənkənar seçki qərarı həmin qüvvələri fors-major vəziyyətə salıb.

Bəs, Türkiyədə növbədənkənar seçkilər qərarı ölkədə gərginlik yarada bilərmi? Ölkəni qarışdırmaq istəyən Türkiyə düşmənləri terror aktları törədə bilərmi?

AXP sədri Pənah Hüseyn "Yeni Müsavat”a öncə bildirdi ki, növbədənkənar seçkiyə getmək Türkiyə cəmiyyətinin, dövlət orqanlarının suveren haqqıdır. Bu, Türkiyənin daxili məsələsidir. Erkən seçki əslində gözlənilməz olmadı: "Mən bir qədər əvvəl Ankarada olmuşdum. Orada müzakirələr zamanı erkən seçkinin yaxın zamanlarda gözlənildiyi barədə söhbətlərin getdiyini görmüşdüm. Növbədənkənar seçkinin təşəbbüskarı kimi çıxış eləyən MHP liderinin və məsələni rəsmən irəli sürən prezident Ərdoğanın çıxışlarında, Türkiyə parlamentinə göndərilən təqdimatda növbədənkənar seçkiyə gedilməsinin əsaslandırılması əksini tapırdı. Türkiyənin bütün siyasi qüvvələri bu məsələdə həmrəylik nümayiş etdirdilər. Əslində erkən seçim tələbləri xeyli əvvəl bir neçə dəfə CHP tərəfindən, digər müxalif qüvvələr tərəfindən bir siyasi tələb kimi qoyulurdu. O baxımdan, məncə, növbədənkənar seçkilərin təyin olunmasının xeyli üstün tərəfləri oldu.

Qeyd elədiyim əsaslandırılmalarda göstərilir ki, seçki Türkiyənin indiki mürəkkəb regional, geopolitik, daxili siyasi məsələlərinin həllini daha da asanlaşdırması, gözlənilə biləcək təhlükələrdən, o cümlədən xaricdən olan təhlükələrdən qorunması üçün lazımdır. Seçkinin təxminən  ilyarım irəli çəkilməsi əksər siyasi qüvvələr tərəfindən həmrəyliklə qarşılandı. Həm də nəzərə almaq lazımdır ki, Türkiyə müxalifəti parlament müxalifətidir, kifayət qədər inkişaf edib, maliyyə imkanlarına malikdir, özlərinin kütləvi informasiya vasitələri var. O baxımdan əlbəttə ki, müxalif qüvvələrin erkən seçkilərə hazır olması səviyyəsi də Azərbaycanda olduğundan fərqli situasiyadır. Bu seçkilərin Türkiyə üçün uğurlu olmasını diləməliyik. Türkiyə faktiki olaraq çox ciddi, o cümlədən hərbi xarakterli problemlərlə uğraşır. Güman eləmirəm ki, Türkiyəyə qarşı hansısa xarici diversiya aktları, müdaxilələr açıq şəkildə həyata keçirilsin. Amma hazırda iqtidarın rəqibləri, bu iqtidarın getməsini istəyən beynəlxalq güclər, dövlətlər şübhəsiz ki, istəklərinə nail olmaq üçün erkən seçkidən maksimum istifadə etməyə çalışacaqlar. Erkən seçkini təyin edərkən hər halda Türkiyə iqtidarı bu məsələni nəzərə almamış deyil”.    

Politoloq Əhəd Məmmədli isə bildirdi ki, Türkiyədə növbədənkənar seçkilər ölkədaxili gərginliyə gətirib çıxarmayacaq. Amma təbii ki, xaricdəki düşmənlər daxildəki uzantılarının əli ilə Türkiyə də vəziyyəti qarışdırmağa cəhd edə bilər:"Lakin nəzərə alsaq ki, son iki ildə PKK, FETÖ, İŞİD kimi terror təşkilatlarına Türkiyə dövləti çox ciddi zərbələr vurub, qardaş ölkədə terror təhlükəsi ehtimalı əvvəlkindən daha aşağıdır. Buna rəğmən yenə də terror təhlükəsi bütün ölkələrdə olduğu kimi Türkiyədə də var. Heç şübhəsiz, hakimiyyət də bu təhlükəni nəzərə alıb buna qarşı  preventiv addımlar atacaq”. /Y.M/

Oxşar xəbərlər