GORANBOYDA KORRUPSİYA - "Sosial yardım kartlarımız əlimizdən alınıb"

  • 21 apr 2018, 11:57

"Demokratik.Az” saytına Goranboy rayon Baxçakürd kənd sakinləri tərəfindən şikayət daxil olub. Bir qrup kənd sakinlərinin bildirdiyinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən (VEMTAS) kəndin kasıb ailələrinə təyin olunan sosial yardımın kartları bir neçə məmurun diqtəsi ilə əllərindən alınıb. Məlumata görə, Goranboyda ailələrə sosial yardımın təyinatında "köhnə qaydalar" işləyir. Korrupsiya və rüşvət meyilləri hələ də meydan sulayır.

Aldığımız məlumata görə, Goranboy rayon Baxçakürd kənd icra nümayəndəsinin (müavini) vəzifəsini icra edən Verdiyev Sakit İkram oğlu və ƏƏSMN-nin Goranboy rayon şöbəsinin məsul şəxsləri qabaqcadan əlbir olub aldatma yolu ilə sakinlərə aid sosial yardım plastik kartları əldə edərək, dövlət büdcəsindən ailələrin ehtiyyac meyarının ödənilməsi üçün hər ay ayrılan maddi vəsaiti müəyyən müddətə mənimsəyiblər və mənimsəməkdə də davam edirlər.

Sakinlərin bildirdiyinə görə, özbaşınalıq edən icra nümayəndəsi Sakit Verdiyev və rayon DSMF-nin Zirəddin adlı əməkdaşı ayrı-ayrılıqda sosial yardım almaq üçün müraciət edən vətəndaşlara güya iki illik ünvanlı sosial yardımın təyin olunmasını təşkil etdiklərinə inandırmaqla, ailələlərdən rüşvət tələb edirlər. Nəğd rüşvət olmadıqda isə, "6 ayı bizim, gerisi sizin" prinsipi işə salınır. Kəndin narazı sakinləri bildiriblər ki, bu korrupsiya halı illərdir ki, davam edir.

"Demokratik.Az"ın aşağıda təqdim edəcəyi siyahıya inansaq, aşağıdakı şəxslər adıçəkilən dələduz məmurlara inanaraq, öz sosial kartlarını onlara verməklə 6 aylıq sosial yardımın məbləğini güzəştə getməyə məcbur olublar.

Hazırda sosial yardım təyin olunsa da kartları əllərindən alınmış şəxslərin siyahısı aşağıdakı kimidir:

1. Nəbiyeva Sadiqə Şəhriyar qızı

2. Vəliyev Elvin Rafiq qızı

3. Şərifov Namiq Xəlil oğlu

4. Vəliyeva Aynurə Serjant qızı

5. Muradova Xatirə Surxay qızı

6. Aslanova Qəribə Pənah qızı

7. Məmmədova Tacirə Tacir qızı

8. Nəzərova Nuranə Ağamir qızı

...və başqa kənd sakinləri də bu aqibətlə üzləşib.

"Demokratik.Az" saytı vasitəsi ilə bu korrupsiya hadisəsinin ictimailəşdirilməsini və aldadılmaqla kənd icra nümayəndəsi tərəfindən əllərindən alınmış plastik kartların təcili özlərinə geri qaytarılmasını tələb edirlər. 

Sadalanan məlumatları dəqiqləşdirmək və qarşı tərəfdən münasibətini öyrənmək məqsədilə Goranboy İHB-nin rəsmi saytına məktub ünvanladıq. Təəssüf ki, rayon rəhbərliyi yazılanları cavabsız qoydu...

Hər bir halda, adıçəkilənlərin cavab haqqını da tanıyır və mövqe yazısına yer ayırdığımızı bəyan edirik! 

 

Demokratik.Az

  

Oxşar xəbərlər