Cehun Bayramov təhsil naziri olmaq istəyir - AMMASI
Nazir Samir Şərifov və onun Maliyyə Nazirliyindəki sadiq komandasına daxil olan şəxslərin bu ilin mart ayının 14-də Azərbaycan Beynəlxalq Bankının (ABB) Müşahidə Şurasındakı vəzifələrini itirmələri barədə məlumatlar yeni prosesin başlanğıcı ola bilər.
Xatırladaq ki, maliyyə naziri Samir Şərifovun müavini Azər Bayramov hələ Cahangir Hacıyevin zamanından başlayaraq uzun illər ABB-də Müşahidə Şurasının sədri olub. Həmin bankdakı iri maliyyə maxinasiyalarında bu adamın hər hansı funksiyasının olmaması isə inandırıcı iddia olmazdı.
Demokratik.Az-ın "Reytinq”ə istinadən məlumatına görə, Azər Bayramovun rəhbərlik etdiyi 5 nəfərdən ibarət Müşahidə Şurasının tərkibində Samir Şərifovun daha iki kadrı da təmsil olunub. Bunlar Maliyyə Nazirliyinin Hüquq şöbəsinin müdiri Xalıq Rəhmanovla, Maliyyə Nazirliyində şöbə müdirinin müavini vəzifəsində çalışan Mahir İsrəfilov idi. Lakin ABB-dəki son iclasda yenidən formalaşan Şurada Samir Şərifovun bu 3 kadrı "vuruldu”. Bütün bunlar isə onun rəhbərlik elədiyi Maliyyə Nazirliyində də müzakirələrə səbəb olub.
Məlumata görə, Azər Bayramovun ABB-dən uzaqlaşdırılması nazirlikdə yeni
söz-söhbətlərə rəvac verib. Bəziləri iddia edir ki, prezident seçkilərindən
sonra növbə Maliyyə Nazirliyinə çatacaq və bu qurumdakı korrupsiya şəbəkəsi hədəfə
çevriləcək.
İddialara görə, Samir Şərifov nazirlikdaxili prosesləri birinci müavini vasitəsi
ilə deyil, məhz müavini Azər Bayramovun əli ilə reallaşdırır: "Son bir neşə
ildə Azər Bayramov nazirlikdə özünü nazir kimi aparırdı. Bu, onun
qardaşı Ceyhun BayramovunTəhsil Nazirliyində əvvəl aparat rəhbəri, daha
sonra nazirin 1-ci müavini təyin edilməsi ilə daha qabarıq görünməyə
başladı. Mikayıl Cabbarov vergilər naziri təyin edildikdən sonra isə
çoxları düşünürdü ki, tezliklə Azər müəllimin qardaşı təhsil nazir təyin ediləcək.
Lakin belə bir anda onun özünü ABB-dən uzaqlaşdırdılar. Üstəlik, qardaşının
nazir təyinatı da reallaşmadı. Təbii ki, bütün bunlar Azər Bayramovun simasında
bəzi maliyyəçi məmurlarda xəyal qırıqlığı yaradıb”.
Məlumatda bildirilir ki, A. Bayramovun zəifləməsindən ən çox narahat olanların
başında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir
Yusibov durur: "O, məhz Azər Bayramovun köməyi ilə Gəncə Dövlət
Universitetinin rektoruna qarşı əndazəyə sığmayan kampaniya aparıb, onu
"yıxdı”. Bu barədə ölkə KİV-ləri ayrı-ayrı vaxtlarda məlumatlar yayıblar.
Dərhal da həmin universitetdə prorektor işləyən qardaşı Yusif
Yusibovun rektor təyinatı həyata keçirildi. Sözsüz ki, bütün bunlar Azər
Bayramov-Ceyhun Bayramov qardaşlarının Mikayıl Cabbarova minnətçi düşmələrinin
hesabına baş verdi. İndisə Mikayıl Cabbarov digər nazirliyə göndərilib, postuna
isə Ceyhun Bayramovun gətiriləcəyini, bununla da iddia sərhədlərinin daha da
genişlənəcəyini düşünən Cavanşir Yusibov son vaxtlar baş verənlərdən narahat
olub. Çünki Samir Şərifovdan daha çox, Azər Bayramovu özünə lider sayan
Cavanşir Yusibov bilir ki, liderinin çöküşü ona da, hətta qaydalara zidd oyunla
rektor təyin edilmiş qardaşına da problem yarada bilər”.
Maliyyə Nazirliyinin əməkdaşlarından biri "Reytinq”ə deyib ki, A. Bayramovun
nazirlikdəki fəaliyyəti onun şəxsi mənafeyinə xidmət edir: "Azər Bayramov
vəzifə səlahiyyətlərindən istifadə edərək, ancaq şəxsən tanıdığı, dostları,
qohumları və həmyerlilərini bir çox şəhər (rayon) maliyyə idarələrinə rəhbər vəzifələrə
təyin etdirib. Rayonların büdcəsində nəzərdə tutulan xərclər yalnız onun şəxsi
tanışları, dostları və qohumları tərəfindən, onların təsis etdiyi firma və şirkətlər
vasitəsi ilə aparılır. Bu isə nazirlikdə korrupsiyanın sistem halında çalışması
deməkdir. Halbuki, dünyanın heç bir yerində elə bir sistem yoxdur ki, bir şəxs
həm dövlət büdcəsinin xərclərini, həm də aparılmış xərclərin təftişini həyata
keçirsin. Ancaq Azər Bayramov çox ustalıqla Samir Şərifovun etimadını
qazanaraq, həm ölkəmizin büdcə xərcləri "təsnifatı"nı aparır, həm də
büdcə xərclərinin təftişini həyata keçirir. Beləliklə, Azər Bayramov dövlət
büdcəsində qanunsuz aparılan xərclərin və küllü miqdarda mənimsəmələri
ört-basdır etmək imkanı qazanır”.
Məlumatlı şəxsin sözlərinə görə, dövlət büdcəsinin xərclər bölgüsünün
strukturuna nəzər yetirdikdə aydın görmək olur ki, A. Bayramovun səyi və şəxsi
təşəbbüsü ilə mal alışı və xidmətlərin göstərilməsi ilə bağlı xərclər bütün şəhər
(rayon) icra hakimiyyətlərinin büdcəsindən ya tamam, ya da qismən çıxarılır. Bu
isə mərkəzi icra hakimiyyəti orqanlarının büdcəsinə əlavə olunur: "Bu xərclər
əsasən Maliyyə Nazirliyinin nəzdindəki Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən
həyata keçirilir. Xəzinədarlıq Agentliyinin rəhbəri isə kənar adam deyil, o, Azər
Bayramovun dostu və qrup yoldaşı Elman Piriyevdi. Sonrakı mərhələdə isə
Cavanşir Yusibov ortaya girir və o, təftiş adı ilə nazir, komitə sədri,
agentlik direktoru və icra başçılarından tutmuş, hətta məktəb direktorlarına qədər
bir çox məmurlarla haqq-hesab çəkir. Nəsə, bunlar başqa mövzunun materialıdır.
Ancaq əmin olun ki, hazırda Maliyyə Nazirliyindəki proseslər, o cümlədən Dövlət
Xəzinədarlığı ilə Dövlət Maliyyə Nəzarəti Xidmətinə də nəzarəti həyata keçirən
Bayramov burada da "ipi” əlində cəmləyib. Halbuki, Dövlət Xəzinədarlığı ilə
Dövlət Maliyyə Nəzarəti Xidmətinin fəaliyyəti üst-üstə düşə bilməz və
bir-birinin əksi olan iki quruma bir şəxsin nəzarət etməsi dövlətin gələcəyi və
korrupsiyaya qarşı müabrizə aspketindən düzgün deyil. Bu işin belə qurulması
dövlətin maliyyə vəsaitlərinin asanlıqla talan olunmasına şərait yaradır. Ancaq
görünən odur ki, Azər Bayramov – Cavanşir Yusibov - Elman
Piriyev tandeminin bütün qanunsuz əməllərinə, həmçinin, hətta nazir, komitə
sədri və icra başçılarının büdcəsinə də müdaxilə etmələrinə nazir Samir Şərifovun
göz yumması səbəbsiz deyil. Lakin onun da mövqeyinin son aylar zəifləməsi, Azər
Bayramovun ABB-də üzləşdikləri, qardaşının isə nazir təyinatının gerçəkləşməməsi
nazirlikdəki qruplaşmada ciddi narahatlıq yaradıb”.
"Demokratik.Az"
