Aprel şəhidinin atası: - "icra başçısı məndən 500 manatı aldı ki.." - İTTİHAM

  • 02 apr 2018, 09:00
Zərdab rayonu Böyükdəkkə kənd sakini şəhid atası Abdullayev Rasim Tapdıq oğlu tərəfindən yazılan şikayət məktubu yayılıb. 
Demokratik.Az şikayət məktubunu şərhsiz təqdim edir:
"Mənim oğlum 14 fevral 1994-cü il tarixdə anadan olmuş Nurlan 05 aprel 2016-cı il tarixdə şəhid olub. Nurlan ailəmizin yeganə oğlu idi. O hərbi xidməti Naxçıvanda etmişdir. Gizir kimi hərbidə qalıb qulluq edirdi. Xüsusi təyinatlı kəşfiyyatçı idi. Zabit olmaq üçün oxuyurdu. Şəhid Nurlan hərbi xidmətdə nümunəvi xidmətinə fərqlənməyə görə dəfələrlə order və medallarla təltif olunmuşdu. Oğlum Nurlan məlum 2016-cı ilin aprel döyüşlərində Talışkənddə qəhrəmancasına şəhid oldu. Erməninin etdiyi vəhşiliyi təbii qarşılayırıq, çünki onlar bizim tarixi düşmənlərimizdir. Ancaq Zərdab rayon icra başçısı Lütvəli Babayevin bizim ailəyə qarşı etdiyi insanlığa yaraşmayan hərəkətlər bizi çox sarsıtdı. Biz icra başçısı Lütvəli Babayevin bu hərəkətlərini şəhid ruhuna təhqqir hesab edirik. Oğlum Nurlanın yas mərasimini yola vermək üçün Zərdab rayon hərbi komissarı bizim ailəyə 500 manat pul veermişdi. Həmin pulu icra başçısı məndən aldı ki, oğluna qəbir daşı düzəltdirirəm ora xərcləyəcəm. İcra başçısı Lütvəli Babayev şəhid Nurlanın qəbir daşını düzəltdirilməsi adı ilə rayonda bütün idarə müəssisələrdən pul yığdı və çox hissəsini isə özü mənimsədi. Bundan başqa icra başçsı mənim başıma qaxınc edir ki, sənə sizə nə köməklik edəcəm oğlunun meyidini ekspertizada yarmağa mən qoymadım ki, bunun qiyməti 3000 manat edir". 
Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etdiyini, Qarabağ müharibəsi veteranı və 2-ci qrup əlil olduğunu qeyd edən şəhid atası daha sonra yazır:
"Qeyd edim ki, yoxsulluq həddində yaşayırıq. Evimiz çiy kərpicdəndir. Kasıb yoxsul komamızın təmirinə ehtiyac olsada köməklik edən yoxdur. Bizim ailənin yaşayışını gəlib görən olsa dəhşətə gələr. Böyükdəkkə kənd orta məktəbinə oğlum şəhid Nurlanın adının verilməsini istəyirik. Çünki oğlum həmin məktəbdə oxuyub. İstəyirəm ki, şəhid oğlumun adı əbədiləşdirilsin. Zərdab rayon icra başçısı Lütvəli Babayev bu xahişimizi də rədd etdi. Lütvəli Babayev bizə düşmən gözü ilə baxır. O, hətta şəhid oğlumun məzarının çardağının üstünə asılmış Azərbaycan bayrağını oradan çıxartdırdı. Lütvəli Babayevi nə vətən, nə dövlət, nə də ki, şəhid maraqlandırmır. Bu adamın amalı ancaq kapital toplamaqdır. Bütün bu haqsızlığa, şəraitsizliyə baxmayaraq oğlumun şəhid olması ilə fəxr edirəm. Lütvəli Babayev zərdablıların xatirində talançı, anormal icra başçısı kimi qalsa da, mənim oğlum şəhid Nurlan Azərbaycan xalqının xatirində əbədi yaşayacaq. Biz bununla fəxr edib qürur duyuruq.

Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirəm gəlib bizim ailə vəziyyətimizi ev şəraitimizi görüb bizə yaxından köməklik edəsiniz. Şəhidin adının əbədiləşdirilməsi üçün Böyükdəkkə kənd orta məktəbinə oğlum Nurlanın adını verəsiniz. 05 aprel 2018-ci il tarixdə Nurlanın şəhid olmasının ikinci ildönümünə bütün mətbuat nümayəndələrini dəvət edirəm. Xahiş edirəm gəlin şəhid Nurlanın valideyinlərinin yaşayışına baxın. Əvvəlcədən Sizə minnətdarlığımı bildirirəm".









Oxşar xəbərlər