Əli Həsənovdan qəfil etiraf: “Hafiz Hacıyevə zəng etmişdim”
Prezidentliyə namizəd, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev indi də prezident köməkçisi Əli Həsənovun baş ağrısına çevrilib.
Ovqat.com xəbər verir ki, martın 22-də "kanal-1 TV” internet televiziyasının sahibi Teymur Kərimova zəng edən Hafiz Hacıyev mətbuat nümayəndəsini ağır küçə söyüşləriylə təhqir etdikdən sonra telefonunu söndürməyi unudub. Hər şey də bundan sonra ortaya çıxıb.
Telefon danışığının ardından yanındakı qadınla da küçə ağzıyla danışan prezidentliyə namizəd daha sonra bir qonağıyla söhbətə başlayıb. Söhbət zamanı Əli Həsənovun dünən ona zəng etdiyini və necə danışmaq lazım olduğu barədə direktivlər verdiyini etiraf edən Müasir Müsavat lideri deyib:
"Dünənləri mənə Əli müəllim zəng edib ki, yaxşı gedirsən, belədir, elədir, burda belə elə, burda elə eləsən, yaxşı olar- dedi. Deyir, gəlirlər, burda paxıllıq edirlər ki, Hafiz Hacıyev niyə Əlinin adını çəkir. Gör, ey! Prezidentin köməkçisinə də qısqanırlar. Mən televizorda Əli Əhmədovun üzünə deyəcəyəm. Deyəcəyəm ki, Əli Əhmədov, sənin elədiklərini mən açsam... (anlaşılmır). Açaram, tökərəm, yeddi arxa dönənini qoyaram gözünün qabağına. Sən mənə təzyiq göstərə bilməzsən. Sən hansı komandanın üzvüsən, mən onu gözəl bilirəm...”
Maraqlıdır ki, Prezidentin köməkçisi Əi Həsənov da bu faktı inkar edə bilməyib. APA-ya açıqlamasında həqiqətən də ayın 22-də Hafiz Hacıyevə zəng etdiyini və bəzi ricalarda bulunduğunu boynuna alan Əli Həsənov amma bunların direktiv xarakteri daşımadığını, bəzi facebook istifadəçilərinin məsələni şişirtdiyini bildirib.
APA-nın həmin məlumatında eynilə belə deyilir:
"Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son günlər prezidentliyə namizəd Hafiz Hacıyevlə telefon əlaqəsinə dair sosial şəbəkələrdə irəli sürülən iddialara münasibət bildirib.
Ə. Həsənov APA-ya açıqlamasında bildirib ki, son günlər bəzi mənfi reputasiyaya malik internet saytları və "Facebook" istifadəçiləri onun prezidentliyə namizəd Hafiz Hacıyevlə telefon əlaqəsinə dair məqsədli şəkildə əsassız və spekulyasiya xarakterli iddialar yayır.
"Bildirirəm ki, martın 21-də İctimai televiziyada prezidentliyə namizədlərin üçüncü teledebatına baxdıqdan sonra martın 22-də günorta saatlarında Hafiz Hacıyevlə əlaqə saxlamışam. Onun diqqətinə çatdırmışam ki, teledebatın əvvəlində aparıcı mövzuya uyğun danışmağı xahiş edir, Seçki Məcəlləsinin tələblərinə riayət etməyin zəruriliyini xüsusi vurğulayır.
Bu mənada, məqsədli şəkildə bəzi vəzifəli şəxslər, o cümlədən də mənim haqqında müsbət fikir bildirilməsi, bir sıra dövlət orqanları rəhbərlərinin isə tənqid olunması yaxşı hal deyil və cəmiyyət tərəfindən pis qəbul olunur. Ondan xahiş etmişəm ki, çıxışlarında bu tipli subyektiv mülahizələrlə ictimai rəyi çaşdırmasın. Bundan başqa Hafiz Hacıyevlə mənim aramda hər hansı məsələ ilə bağlı fikir mübadiləsi və ya müzakirə aparılmayıb”, - Ə. Həsənov deyib”. /ovqat.com/
Demokratik.Az-dan: - Xatırladaq ki, dünən jurnalist Teymur Kərimovla ofisində görüşən Hafiz Hacıyev təhqir olunduğunu iddia etmiş jurnalistlə aralarındakı məsələni həll edib. Belə ki, tərəflər gözlənilmədən barışıq elan edib. Hafiz Hacıyevin telefonda qeyd edilən səs yazısına gəlincə, məlum audio səsyazısı "kanal 1 az"-da yayımlandıqdan sonra partiya sədri israrla jurnalisti təhqir etmədiyini və həmin səsin və danışığın da ona aid olmadığını bildirib.
