Türkiyə ordusu Tel Rıfatı aldı

  • 27 mar 2018, 20:24

"Zeytun Budağı” əməliyyatı HƏDƏFinə nail oldu, Suriyanın şimalında böyük ərazi Ankara və müttəfiqlərinin nəzarətinə keçdi

Türkiyə ordusu və müttəfiq qüvvələri Suriyanın Tel Rıfat rayonunu terrorçulardan azad edib. Əməliyyat martın 27-də başlayıb və bir neçə saatdan sonra xəbər agentlikləri Türkiyə ordusu qüvvələrinin Tel Rıfatın mərkəzinə daxil olduğu haqda xəbər yayıb. Əməliyyat son bir neçə gün ərzində hazırlanıb və bir neçə saat davam edib.
Qeyd edək ki, Tel Rıfat Türkiyə ordusunun martın 18-də azad etdiyi Afrin vilayətinin mərkəzindən bir neçə kilometr cənubda, Hələb şəhərinə doğru istiqamətdə yerləşir. Hələbdən Tel Rıfata qədər məsafə 40 kilometrdir. Afrin mərkəzi ilə Hələb arasında ən böyük yaşayış məntəqəsi də məhz Tel Rıfat hesab olunur. Bu səbəbdən də Afrini tərk edən əhalinin və silahlıların böyük qismi məhz burada yerləşdiyi güman olunurdu. 
Türkiyə prezidenti Afrinin alınmasından sonra bir neçə dəfə bəyan edib ki, Tel Rıfat antiterror əməliyyatının növbəti ünvanı olacaq. Çünki Tel Rıfatın azad edilməsi həm də Afrin əməliyyatının davamı hesab olunur. Tel Rıfat alınmasa, Afrinin tamamilə azad edildiyini söyləmək mümkün deyil. Bu səbəbdən də mütəxəssislər növbəti ünvanın Tel Rıfat olacağını bildirirdilər.

Digər tərəfdən, Afrinin mərkəzini tərk edən silahlıların böyük hissəsi Tel Rıfatda toplandığı üçün əməliyyat dayanarsa, bu qüvvələrin yenidən Afrin üçün təhlükə törətməsi riski vardı. Ancaq Tel Rıfat alınarsa, o zaman bölgədə kürd qüvvələri demək olar ki, qalmayacaq və Türkiyə ordusu Suriya ordusu və hökumət qüvvələri ilə qarşı-qarşıya qalacaq. Yəni Tel Rıfatın alınması Afrin əməliyyatının tamamilə başa çatması anlamına gəlir. Ancaq YPG-nin müqavimət barədə açıqlamalarına rəğmən Tel Rıfat Afrindən də tez təslim olub. Hazırda Türkiyə ordusu və müttəfiq qüvvələrlə Suriya hökumət qüvvələri arasında nazik bir "kürd zolağı” qalır. Ehtimal ki, yaxın günlərdə burada da əməliyyatlar davam edəcək və Suriya ordusu ilə Türkiyə qüvvələri arasında kürd zolağı ləğv ediləcək. 
Kürdlərin Tel Rıfatda müqavimət göstərməməsi onu deməyə əsas verir ki, əvvəlcədən bəyanatlərə rəğmən kürdlərin müqavimət göstərmək fikirləri olmayıb. Məsələ ondadır ki, Türkiyə ordusunun Tel Rıfat əməliyyatı başlamamışdan bir neçə saat əvvəl xarici mediada şəhərdəki rusların Tel Rıfatı tərk etdiyi xəbəri yayıldı. Belə görünür ki, bu əməliyyat həm də Ankara və Moskva razılaşması ilə baş tutub. Kürdlər isə artıq vəziyyəti dərk etdikləri üçün Hələbin şimalından çəkilməyə qərar verib. Böyük ehtimalla yaxın günlərdə Hələbin şimalında və Afrin rayonunda kürd mövqeləri tamamilə ləğv olunacaq. Bununla da kürdlərin Afrindəki "anklavı” ləğv olunmuş sayılır. Beləliklə, artıq kürdlər yalnız Menbic və Fəratın sol sahilində qalmış olurlar.

Tel Rıfatdan sonra isə İdlib diqqət mərkəzinə gələcək. Çünki İdlib Astana anlaşmasına əsasən, Türkiyənin nəzarət edəcəyi bölgədir. Ancaq İdlibdə Astana heyətinin müxalifət kimi qəbul etdiyi qüvvələrlə yanaşı, terrorçu hesab olunan qrupların da olduğu ehtimal edilir. Bu isə Rusiya və Suriyanı İdlibdə əməliyyat keçirməyə vadar edir. Bu vəziyyəti düzəltmək üçün Türkiyənin qarşısında dayanan əsas məqsədlərdən biri İdlibi tamamilə nəzarətə götürməkdir. Bu həm də Suriyada siyasi həll prosesinin başlanğıcı ola bilər.
Hazırda Türkiyə ordusu ölkənin cənub-şərq vilayətlərində, o cümlədən İraqın şimalında Sincar vilayətində PKK terror qruplaşmasının üzvlərinə qarşı əməliyyatları davam etdirir. İraq mərkəzi hökuməti Ankaranın Sincara hərbi qüvvə göndərməsinə etiraz edir. Ancaq Türkiyənin Sincara ordu göndərmək və bölgəni PKK-dan tamamilə təmizləmək niyyətindədir. Artıq Bağdad bəyan edib ki, İraq hökumət qüvvələri Sincardakı terrorçuları təmizləyəcək. Hazırda Bağdad və Ankara arasında Sincarın təmizlənməsi və ya daha dəqiqi kimin tərəfindən təmizlənməsi ilə bağlı danışıqlar davam edir. Bəzi məlumatlara görə, Ankara birbaşa əsgər göndərmədən, İraqın şimalında təlim keçirib hazırladığı silahlı qüvvələr vasitəsilə Sincarda əməliyyat hazırlayır. 
Ancaq istənilən halda indi Ankara həm də İraqdakı terror yuvalarını təmizləməyə çalışır.

Hələliksə Hələb ətrafı YPG silahlılarından təmizlənib. İndi Menbic ətrafından Hatay sərhədlərinə qədər İdlib vilayəti də daxil olmaqla rəsmi şəkildə Türkiyənin nəzarətindədir. Bu, iki il əvvəllə müqayisədə ciddi nəticədir. Ankaranın açıqlamalarından belə anlaşılır ki, bu əməliyyat İdlibin nəzarətə götürülməsi, bundan sonra isə ilkin olaraq Menbic, yəni Fəratın sağ sahili, sonrakı etapda isə Suriyanın Hasake və Qamışlı vilayətlərinin şimalını, yəni bütövlükdə Türkiyə-Suriya sərhədini İraqa qədər təmizləyib nəzarətə götürmək istəyir. Ancaq bunun üçün Ankaranın qarşısında həm də Vaşinqton kimi maneə var. Belə görünür ki, ruslar da Vaşinqtonun müttəfiqi olan kürdlərin əzilməsi üçün Türkiyəni dəstəkləyib. Ancaq Vaşinqtonun Afrində olduğu qədər susqun olacağını demək olmaz. Bu isə o deməkdir ki, qarşıda daha mürəkkəb və çətin mərhələ var. /musavat.com/

"Demokratik.Az"

Oxşar xəbərlər