Gəncə Notariusu "saxta etibarnamə" xəbərini TƏKZİB edir

  • 17 mart 2018, 09:54

 

 

 

 

 


 

 

"Demokratik.Az"-ın 03 mart 2018-ci il tarixli sayında yayımlanan"GƏNCƏ NOTARİUSUNDA SAXTAKARLIQ!-Rusiyada olan şəxs atasına "etibarnamə verib" sərlövhəli yazısına Gəncə şəhər 2 saylı özəl Notariat Kontorunun müdiri Nəsib İmanov tərəfindən münasibət bildirilib. Qarşı tərəf məqalədə göstərilən faktların həqiqətə uyğun olmadığını, bu səbəbdən də təkzib edilməsini tələb edib. Məlum xəbərə birmənalı etiraz edən notarius şifahi sorğumuza cavab olaraq yazır:

"Sizin saytdakı yazıya cavab olaraq şifahi sorğunuzla əlaqədar bildirirəm ki, ictimailəşdirdiyiniz faktlar tərəfimizdən araşdırılmışdır. Rəsmi sənədlər və elektron bazanın yaddaşı əsasında təhlillərdən sonra notariusumuzda müəyyən olunmuşdur ki, saytınızın 03 mart 2018-ci il tarixli sayında tirajlanan "GƏNCƏ NOTARİUSUNDA SAXTAKARLIQ!-Rusiyada olan şəxs atasına "etibarnamə verib"  adlı yazınız yalan və həqiqətə uyğun olmayan informasiyalardan ibarətdir. Belə ki, Rusiyada olan vətəndaş Süleymanov İlham Şakir oğlunun guya atasına etibarnamə verməsi məlumatı kökündən yalnışdır. Yəni, rəhbərlik etdiyim notariat kontorunda adıçəkilən Süleymanov İlham Şakir oğlunun adından atası Şakir Süleymanova hər hansı etibarnamə növünə rast gəlinmir, belə bir notariat hərəkəti mövcud deyil. Bu səbəbdən, yuxarıda qeyd etdiyim əsaslarla guya Gəncə 2 saylı notariusda kiməsə saxta etibarnamə verilməsi xəbərini qəti təkzib edirəm. Bu mətnin dərcini sizlərdən xahiş və tələb edirəm!".

Xatırladaq ki, həmin xəbərdə, Gəncənin özəl notariusu Nəsib İmanovun Rusiyada ola-ola vətəndaş Süleymanov İlham Şakir oğlunun adından sonuncunun atası Şakir Süleymanova yazılmış mülki etibarnaməni təsdiq etməsi qeyd olunub. "Demokratik.Az"-a verilən məlumatda o da bildirilirdi ki, həmin saxta etibarnamə Gəncə şəhər Kəpəz rayon Məhkəməsində ata Süleymanov tərəfindən bir qohumuna qarşı qaldırdığı mülki davada dəlil kimi istifadə olunub.

Qeyd: Saytımıza istinadən "GƏNCƏ NOTARİUSUNDA SAXTAKARLIQ!-Rusiyada olan şəxs atasına "etibarnamə verib" başlıqlı xəbəri tirajlayan digər saytlardan xahiş edirik ki, qarşı tərəfin mövqeyini və yuxarıda dərc etdiyimiz "TƏKZİB" mətnini nəzərə alsınlar!

"Demokratik.Az" 

Oxşar xəbərlər