1200 məktəbyaşlı qızların "abort məsələsi" böyüdü - iki paradoks açıqlama

  • 13 mart 2018, 10:59

1200 məktəbli qızın abort edilməsi, şagirdlərin 72 faizinin "2" alması xəbərləri ölkəni qarışdırdı...

"1200 şagird abort etdirib. Abort edənlər 9-cu, 10-cu və 11-ci sinif şagirdləridir”. Ötən həftə təhsil eksperti Kamran Əsədovun bu açıqlaması son bir neçə gündə qalmaqala səbəb olub. Daha sonra report.az saytına danışan ekspert qeyd edib ki, hər il aidiyyəti dövlət orqanları müxtəlif statistik göstəricilər açıqlayır:

"Mən də təhsil araşdırmaçısı olaraq onları toplayır, bu və ya digər yazılarda istifadə edirəm. Hər il abort etdirən xanımların sayı barədə və onları yaş həddi haqqında məlumat yayılır. Orada hər il qeyd olunur ki, 15-18 yaşlarında olan bu qədər xanım abort edilib. Əlbəttə ki, onların məktəbli olub-olmaması barədə məlumat yoxdur. Amma 15-16-17 yaşlarında olan şəxs qanunvericilik aktlarına görə məktəbli hesab olunur. İllər ərzində KİV-də çıxan rəqəmlərdən əgər aidiyyəti şəxslərin xəbəri yoxdursa, bu artıq onların vəzifəsinin öhdəsindən gələ bilməməsi deməkdir. Bu rəqəmlər rəsmi saytlara istinad edilərək götürülüb”.

Ekspertin bu açıqlamları ictimaiyyətdə, mətbuatda, sosial mediada geniş müzakirələrə səbəb olub. Bu səbəbdən Səhiyyə Nazirliyi yayılan məlumata aydınlıq gətirib. Nazirliyin baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova bildirib ki, Azərbaycanda 1200 məktəbli qızın abort etdirməsi ilə bağlı yayılan məlumatları baş mütəxəssis kimi o da araşdırıb. S.Məmmədova bu məlumatın həqiqətə uyğun olmadığını, kimlərinsə şou yaratmaq üçün belə açıqlama verdiyini deyib: "Bu rəqəmin mənbəyi olmalıdır. Məlumatlar yalnız statistik rəqəmlər olduqda biz ona istinad edə bilərik. Digər tərəfdən, bizim tərbiyəmiz, mentalitetimiz yol vermir ki, 9-11-ci sinif şagirdləri abort etdirsin”.

Qeyd edək ki, son günlərdə təhsillə bağlı bu cür bir neçə məlumatlar yayılmaqdadır. Digər qalmaqallı xəbər isə martın 4-də 9-cu siniflər üçün keçirilən buraxılış imtahanında şagirdlərin 75 faizinin riyaziyyat fənnindən "2" alması ilə bağlıdır. Bu məlumatı da ekspert Kamran Əsədov azvision.az saytına açıqlamasında bildirib. Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) həmin tarixdə Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin 9-cu sinfində təhsil alan 36846 şagird üçün buraxılış imtahanının birinci mərhələsini keçirib. Ekspert qeyd edib ki, imtahan sualları çətin olduğundan şagirdlər zəif nəticə göstərib.

Qeyd edək ki, DİM məlumat yayaraq bildirib ki, imtahan protokollarının və cavab vərəqələrinin emalına martın 12-dən etibarən başlanılacaq. Nəticələrin isə hələ bir neçə aydan sonra açıqlanacağı bildirilir. Beləliklə, ekspertin yaydığı bu açıqlamalar ictimaiyyətdə çaşqınlıq yaradıb.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mövqeyini öyrənməyə çalışsaq da, nazirlik münasibət bildirmək istəmədiyini açıqlayıb.

 

 

 

 

 

 

 

Təhsil eksperti Məlahət Mürşüdlü isə qalmaqallara bu cür şərh bildirib: "Şagirdlərin imtahanlardan hansı nəticəni göstərdiyi haqda yalnız rəsmi məlumat yayıldıqdan sonra münasibət bildirmək olar. Tələsərək bir gün içərisində imtahanın nəticəsi haqda necə danışmaq olar? Bəzən görürük ki, oxucu kütləsi toplamaq, məşhurlaşmaq üçün bu cür məlumatlar yayırlar”.

Ekspert 1200 məktəblinin abort olunması xəbərinə də mövqe bildirib: "Abortlarla bağlı isə qeyd edim ki, bu cür olaylar qız, məktəbli adına qəbul edilməyən haldır. Hazırda çox mürəkkəb bir zamanda yaşayırıq, ailələrdə iqtisadi çətinliklər var. Anaların əksəriyyəti işləyir, bəzən qızlarına nəzarət edə bilmir, xüsusən də  məktəblərdə keçirilən proqramlarda bu cür olayların sonradan hansı pis fəsadlara yol açacağı haqda məlumatlların verilməməsi bu cür nəticələrə gətirib çıxara bilir. Nə bu haqda dərs keçirilir, mövzular var, nə də bu istiqamətdə tədbirlər həyata keçirilir. Düşünürəm ki, bu, başlanğıc deyil, yəqin ki, bu cür hallar əvvəllər də olub və yenə də davam edir. Bu gün bunun qarşısı alınmalıdır.

Valideyn, məktəb, ictimaiyyət əməkdaşlığı olmalıdır. Yalnız bu birlik nəticəsində məktəblərdə bu istiqamətdə işlər aparılmalıdır. Ümumiyyətlə, araşdırılmalıdır ki, bu cür hadisələr hansı hallarda və nədən baş verir"./Musavat.com/

 Demokratik.Az

Oxşar xəbərlər