Xəbər lenti
Bütün xəbərlər

"GDU-nun nümunəvi idman klubu var" - Xəqani Umudov

  • 16 mar 2018, 20:54

Bu gün Azərbaycanın ali təhsil ocaqlarında fəaliyyət göstərən idman klubları tələbələrlə yanaşı, universitetlərin pedoqoji-müəllim heyətinə də idmanla daha peşəkar məşğul olmağa zəruri şərait yaradır. Tələbə və müəllimlər asudə vaxtlarını daha səmərəli keçirmək və öz sağlamlıqlarının qayğısına qalmaq üçün məhz bu idman klublarına üz tuturlar. Bəs bu istiqamətdə ayrı-ayrı Universitetlərimizdə vəziyyəti necə dəyərləndirmək mümkündür?

 

”Demokratik.Az” mövzu ətrafında Gəncə Dövlət Universitetində fəaliyyət göstərən "İdman Klubu”na baş çəkib. Klubun sədri Xəqani
Umudov görülmüş işlər və əldə olunan nəticələr barədə saytımıza ətraflı açıqlama verib.

Həmsöhbətimiz ilkin məlumat üçün bildirib ki, 2015-2016-cı tədris ilindən etibarən, Təhsil Nazirliyinin tövsiyyəsi ilə ali təhsil müəssisələrində təhsil alanların maraq çevrəsinə uyğun olaraq, daha faydalı və peşəkarcasına bədən tərbiyəsi və idmanla məşğul olmaları üçün müvafiq kafedraların bazasında idman klubları təşkil olunub. Gəncə Dövlət Universitetində isə idman klubu ayrıca fəaliyyət göstərir. Belə ki, "Ümumi bədən tərbiyəsi və idman müəllimliyi” və "Gənclərin çağırışaqədərki hazırlığı və fiziki tərbiyə” ixtisasları üzrə kafedraları TN-nin razılığı əsasında universitetin tədrisində ixtisas kafedraları olmaqla saxlanılıb və 1993-ci ildən GDU-da mövcud olan "İdman Klubu” daha da təkmilləşdirilərək professor, müəllim və tələbələrin ixtiyarına verilib.

İdman klubu sözügedən ixtisaslar üzrə təhsil alan 250 tələbənin nəzəri biliklərinin bilavasitə praktiki tətbiqinə də real imkan yaradır.  

Xəqani Umudovun bildirdiyinə görə, kluba 2011-ci ildən sədrlik edir. Bu müddətdə idman klubu öz fəaliyyəti ilə müsbət nəticələrə nail olub. Belə ki, universitetdə bədən tərbiyəsi dərslərinin formal keçirilməsi ənənəsi artıq geridə qalıb. Mütamadi olaraq universitetdə aparılan maarifləndirici təbliğat işləri, yüksək təşkilatçılıqla həyata keçirilən ənənəvi idman tədbirləri xüsusilə tələbə oğlanları pis vərdişlərdən çəkindirərək idmanın kütləviliyinin artırılmasına mühüm zəminlər yaradıb. Hazırda idman klubunun hesabına fokuslaşma mövcuddur. Müəllim və tələbələrin klubda öz maraqlarına uyğun müxtəlif idman növləri seçməklə peşəkar idmanla məşğul olmalarına hər cür şərait mövcuddur.




Universitetdə idmanın maddi texniki bazası 2014-2015-ci tədris ilindən etibarən hazırki rektorun iradəsi ilə daha da yaxşılaşdırılıb. Beynəlxalq standarta uyğun mini futbol meydançası, müasir avadanlıqlı yeni fitnes zalı deyilənlərə əyani sübut ola bilər. Yaxın zamanlarda istifadəyə veriləcək 5-ci tədris korpusunda idman zalı ən müasir dünya standartında təmir olunaraq və ən müasir avadanlıqlarla təchiz olunaraq universitetin tələbə və müəllim heyətinin gəlişini gözləyir.

Hazırda Universitetin 18 idman komandası və ikinövbəli olmaqla idman klubunun 12 məşqçi müəllimi var. İdman Klubunun komandaları ayrı-ayrılıqda universiteti voleybol, basketbol, tennis, şahmat, dama, futbol, həndbol, yüngül atletika, güləş, sambo-cüdo kimi idman növlərində layiqincə təmsil edir. Son illər ölkənin ali təhsil müəssisələri arasında GDU-nun idman komandaları çoxsaylı uğurlara imza atıb. Müxtəlif idman yarışlarında iştirak edən professor və müəllim heyətinin idman komandaları dəfələrlə öz universitetlərinə çempion adını qazandıra biliblər.

Bu il martın 5-də universitetlər arasında Gəncə şəhər Gənclər və İdman Baş idarəsi tərəfindən təşkil olunmuş idman yarışında GDU-nu təmsil edən müəllim və professor heyəti stolüstü tennis və şahmat üzrə 1-ci yerə layiq görülüb. Yeri gəlmişkən qeyd edək ki, tennis üzrə həmin Gəncə çempionu eyni zamanda 10 qat Azərbaycan çempionudur. Hazırda GDU-nun idman kafedrasının müdiri vəzifəsini daşıyan tennis çempionu İlham Ağayev gərgin məşqlər edir və ali məktəblər arasında gələn il tennis üzrə keçiriləcək dünya çempionatında GDU-nun şərəfini qoruyacaq.

2017-ci ildə Heydər Əliyev adına fondun təçkilatçılığı ilə Gəncədə keçirilən "Beynəlxalq Marafon"da da universitet təmsilçiləri birinciliyə can atıb. "Marafon" yarışının nəticəsinə görə, GDU-nun idman klubunun məşqçisi, atlet Şahmar Məmmədov ilk onluqda yer ala bilib.

Klub rəhbəri bildirib ki, nəticələri ümumiləşdirməklə qeyd edə bilərik ki, GDU ölkə üzrə keçirilən bütün spartakiadalarda ayrı-ayrı idman növləri üzrə tam heyətlə çıxış etməyə qadirdir. Komanda heyətləri hər il yarışlarda finaladək yüksələ bilir.

Klubun əldə etmiş olduğu müsbət uğurlarında tələbələri də yaddan çıxarmaq olmaz. Xəqani Umudovun sözlərinə görə, rəsmi nəticələrə görə, hər il həm Təhsil Nazirliyinin, həm Həmkarlar komitəsinin və respublika Gənclər və İdman nazirliyinin təşəbbüsü ilə həyata keçirilən yarışlarda ümumi nəticəyə görə ölkə üzrə ilk üçlükdə, Gəncə və zona üzrə yarışlarda isə həmişə 1-ci yerə layiq görülüb. Hazırda GDU-da tələbə adını daşıyan neçə-neçə avropa və dünya çempionları müxtəlif idman növləri üzrə idman klubunu təmsil edirlər.

Təsadüfi deyil ki, Gəncə Dövlət Universitetinin İdman Klubu struktur quruluşuna görə əla yerdə, ölkə universitetləri arasında idmanın kütləviliyinin artırılmasında isə ikinci yerdə qərarlaşıb. Həmsöhbətimilə ünsiyyətdə anladıq ki, Xəqani Umudov bunca nəaliyyətlərə sevinsə də, öz məsuliyyətini, hər gün eyni əzmlə çalışmaq həvəsini itirmir, əksinə gələcəkdə universitet adına daha böyük idman nailiyyətlərinə doğru irəliləyir. Son fikir olaraq klub rəhbəri görülən və qarşıda duran mühüm vəzifələrin icrasında daim qayğı hissi duyduğu rektor Yusif Yusifovun da adını çəkir. O bildirir ki, hazırki rektor daim idmana xüsusi həvəs və dəstəyini əsirgəmir, universitetin bütün idman tədbirlərində iştirak edərək klubun nailiyyətlərini müxtəlif formalarda yüksək qiymətləndirir. 

Qeyd edək ki, Xəqani Umudovun uzunmüddətli və məhsuldar fəaliyyəti yuxarı qurumların diqqətindən yayınmayıb. Və o, Gənclər və İdman Nazirliyinin 19 dekabr 2016-cı il tarixli müvafiq qərarı ilə Azərbaycan Respublikasının "Fəxri bədən tərbiyəsi və idman işçisi” fəxri adına layiq görülmüşdür.

Bundan başqa, Umudov dəfələrlə Azad Həmkarlar İttifaqı Komfederasiyasının sədri millət vəkili Səttar Mehbalıyev tərəfindən fəxri fərmanlar almışdır. 

Bildirək ki, bu təcrübə dünyanın inkişaf etmiş ölkələrinin ali təhsil müəssisələrində də eynidir.

Beləliklə, "Demokratik.Az" olaraq GDU-nun idman klubundan xoş təəssüratlarla ayrılırıq!

Xəqani Umudova və komandasına yeni nailiyyətlər diləyilə..!

Osman Nərimanoğlu

Demokratik.Az

Oxşar xəbərlər