Xəbər lenti
Bütün xəbərlər

Ünvanlı sosial yardım, yoxsa özünüməşğulluq proqramı?

  • 02 mar 2018, 19:49

Hazırda ölkədə 8 mindən çox ailə ünvanlı sosial yardım alır. Lakin onların sayının getdikcə azaldılması və insanların əmək qabiliyyətlərinin reallaşdırılması üçün özünüməşğulluq proqramlarının icrasına başlanılıb. İqtisadçılar da hesab edir ki, ünvanlı sosial yardıma paralel olaraq, özünüməşğulluq proqramlarının da həyata keçirilməsi gələcəkdə dövləti əlavə yükdən xilas edə bilər.

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov musavat.com-a açıqlamasında bildirdi ki, özünüməşğulluq proqramına yerlərdə maraq böyükdür: "Özünüməşğulluq proqramına yerlərdə maraq böyükdür.  Mənə də kəndlilərdən müraciət olunur ki, biz də iştirak etmək istəyirik. Artıq yerlərdə bu işlərə başlanılıb. Cənab prezident tərəfindən kifayət qədər vəsait ayrılıb. Bu proqramın uğurla həyata keçiriləcəyinə inanıram. Çox müsbət nəticələrə səbəb olacaq bir layihədir. Vətəndaşları ələbaxımlılıqdan birdəfəlik qurtarır, onlar üzləri üçün biznes layihəsi yaradırlar və dövlətin verdiyi vəsaitlə işlərini qururlar. Bununla da ailələrini dolandırırlar. Bir neçə gün öncə mən Qubada vətəndaşları qəbul edərkən, hətta Qusar və Xaçmazdan da müraciətə gəlmişdilər ki, biz bu işlə məşğul olmaq istəyirik. Mən məktub yazıb cənab nazirdən xahiş edəcəyəm ki, onları da siyahıya  əlavə eləsin.  Burada ailələrə verilən vəsaitin əlavə dəyər yaratması məsələsi də var, lakin əsas məqsəd bu deyil. Əsas məqsəd ailənin özünün kiçik bir biznesinin olması və özünü dolandırmasıdır. Əsas odur ki, ailələr problemsiz özlərini təmin edə bilsinlər və ünvanlı sosial yardım üçün müraciət etməsinlər.  Elə bunun özü də dövlət büdcəsinə müəyyən qədər xeyirdir”.

Deputatın sözlərinə görə, son illər nazirliyin fəaliyyətində elektron sistemin yaradılması rüşvətxorluq və məmur süründürməçiliyi kimi halları da aradan qaldırıb: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində elektron sistem çox yaxşı qurulub. Mən özüm də o sistemlə tanışam. Ola bilər ki, bəzi yaşlı insanlar o sistemdən istifadə edə bilmirlər. Ancaq bu prosesdə rüşvətxorluq artıq yoxdur, şəffaf şəkildə həyata keçirilir.  Ola bilər ki, insan amili olan yerdə müəyyən neqativ hallar olsun. Ancaq ünvanlı sosial yardımla bağlı demək olar ki, bu cür şikayətlər artıq yoxdur.  Mənə bəzən şikayətlər ona görə  olur ki, bəzi vətəndaşların köhnə bir Sovet maşını var və ya kiçik bir pay torpağı var deyə , ona ünvanlı sosial yardım ayrılmır. Mən bu məsələlərlə bağlı nazirliyə də müraciət edirəm və bəzən güzəştlər olunur. Lakin bununla bağlı  qanun və normativ sənədlər var. Nazirlik bu normativ sənədlərdən kənara çıxa bilməz. Əgər insanın torpağı varsa və ya maşını varsa  onlara sosial uyardım düşmür. Ancaq bəzi hallarda nazirlik müəyyən qədər  nəzərə alıb”.

Sabiq maliyyə naziri Fikrət Yusifov da hesab edir ki, sosial yardımların bu şəkildə davamlı bir formada verilməsi insanlarda bir passivlik əhval-ruhiyyəsi formalaşdırır: "Ünvanlı sosial yardımlar əhalinin aztəminatlı təbəqələrinə dövlət tərəfindən verilən maddi dəstəkdir. Bu aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı dövlətin yürütdüyü siyasətin tərkib hissəsidir. Lakin sosial yardımların bu şəkildə davamlı bir formada verilməsi insanlarda bir passivlik əhval-ruhiyyəsi formalaşdırır. Elə bu səbəbdən də hökumət son illərdə bu sahədəki siyasətin dəyişdirilməsi istiqamətində ciddi addımlar atmağa başlayıb. Bu addımlar ölkədə sosial yardımlarla bağlı passiv tədbirlərin daha aktiv tədbirlərlə əvəzlənməsini nəzərdə tutur. Yola saldığımız 2017-ci ildə aztəminatlı ailələrin yoxsulluqdan kiçik biznesə çıxışına şərait yaradan özünüməşğulluq proqramının icrası çərçivəsində 76 şəhər və rayonu üzrə 1172 ailə onlara gəlirlərini artırmağa imkan verən təsərrüfatlarını qura bildi. Bu təcrübə aztəminatlı ailələrin sosial müdafiəsində məşğulluq amilinə əsaslanan aktiv istiqamətin daha da güclənməsinə səbəb oldu. Cari ildən işsizlikdən sığorta sisteminin tətbiqinə başlanılmaqla yaranacaq yeni büdcə aktiv məşğulluq tədbirlərinin, eyni zamanda özünüməşğulluq proqramının miqyasını genişləndirməyə təminat verəcək”.

F.Yusifovun sözlərinə görə, aztəminatlı ailələrin fərdi təsərrüfatlara sahib olmaları onların dövlət yardımından asılılığının aradan qalxmasına, öz zəhmətləri hesabına ailə gəlirlərini artırmalarına və sahibkarlığa çıxış imkanı qazanmalarına, ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradır: "Digər tərəfdən bu təsərrüfatlar ölkədə qeyri-neft sektorunun inkişafına əlavə dəstək olmaqla, həmin sektorda məhsul istehsalını artıracaqdır. Cari ilin əvvəlindən "İşsizlikdən sığorta haqqında” Qanunun tətbiqinə başlanılması nəticəsində formalaşan İşsizlikdən sığorta fondu işsiz şəxslərin sosial müdafiəsi ilə yanaşı, aktiv məşğulluq tədbirlərinin, xüsusilə də özünüməşğulluq proqramının əhatə dairəsinin əhəmiyyətli şəkildə genişlənməsinə imkan verəcəkdir. Belə ki, yeni fəaliyyətə başlayan işsizlikdən sığorta sistemi özünüməşğulluq proqramlarında vətəndaşların iştirakı imkanlarını cari ildə 6 dəfəyə yaxın artıracaq. Bu tədbirlər üçün 2018-ci ildə İşsizlikdən Sığorta Fondunun büdcəsində 35,8 milyon manat vəsait nəzərdə tutulub və bu, təqribən 7 min ailənin büdcəsinə böyük dəstək olacaq. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına istiqamətlənmiş bu siyasət digər tərəfdən ölkədə işsizliyin aradan qaldırılması istiqamətində önəmli təşəbbüsdür”.

Oxşar xəbərlər