Əhmədzadə Qaralovdan nə xahiş edib? - Göygöl SSİ-də "ÖLÜM İŞİ"

  • 02 apr 2018, 12:02

Ölkəmizdə meliorasiyavə sutəsərrüfatınınzəruri inkişafı möhtərəmPrezident İlham Əliyev üçün  də prioritetdir. Ölkə başçısı meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatındakı, regionların sosial-iqtisadi inkişafındakı və ölkənin ərzaq probleminin həllindəki müstəsna rolunu nəzərə alaraq demək olar ki, hər gün bu sahəni diqqət mərkəzində saxlayır, meliorasiya və su təsərrüfatı təyinatlı onlarca yeni tikinti işləri ilə tanış olur, hər il hansısa meliorasiya obyektinin təməlqoyma və istifadəyə verilməsi mərasimlərində şəxsən iştirak edir. Bütün bu işlər isə möhtərəm prezidentin bu sahəyə qayğısı, siyasi-iqtisadi mövqeyi ilə yanaşı, dövlət büdcəsindən ayrılan 100 milyonlarla, milyardlarla manat vəsait hesabına başa gəlir. Bəs, görəsən mərhum Heydər Əliyevdən bu yana ölkənin baş melioratoru postunu özündə saxlayan Əhməd Əhmədzadə və komandası üzərlərinə düşən məsuliyyəti və vəzifə öhdəliklərini lazımınca dərk edirlərmi? Axı, hər illik hesabatlarında ağsaqqal rəhbərin prezident qarşısında uğurlardan danışması, görülməli çeşidli işləri önə çəkərək meliorasiyaya büdcədən ayrılmaları artırmağa nail olması şəxsən Əhmədzadəyə yüksək etimaddan, etibardan xəbər verir. Təsadüfi deyil ki, meliorasiya sahəsinin inkişafı aqrar sahənin inkişaf etdirilməsi ilə paralellik təşkil edir. Uzun illərdir Əhmədzadəyə və "meliorator komandası”na həm hökumətin, həm də cəmiyyətin ümidləri, nikbin gözləntiləri var.

Əhmədzadənin sınaqlardan çıxmış ciddi məmur reputasiyasını və dövlətçiliyə sədaqətini nəzərə alıb, təəssüflə mühüm bir səhfini deməliyəm ki, bu adamın ölkə üzrə formalaşdırdığı "melioratorlar komandası” nın təsadüfi təmsilçiləri görülən mühüm işlərə xələl gətirməklə məşğuldur. ASC-nin tabeliyində çalışan kadrların böyük əksəriyyətinin meliorasiyadan tam xəbərsiz olması bir kənara, maxinasiyalara və korrupsiyaya meyilli olmaları danılmaz faktdır. Ona görədir ki, mətbuat səhifələrində ayrı-ayrı SSİ-də alovlanan süni problemlər tirajlanır. Hesab edirəm ki, cənab Əhmədzadə lokomativ funksiyası yerinə yetirərək bu sahədəki yarıtmazları arxasınca çəkib aparmasını durdurmalıdır. Çünki belə olduqca, Əhmədzadənin otağında boynunu bükən, öz iş yerlərinə isə biznes münasibəti göstərərək aşkar alverlə məşğul olan rəisləri müdafiə etmək ölkəmiz üçün də, meliorativ tədbirlərin nəticəsi üçün də yaxşı nəticə vəd etmir. Necə ki, verməyib də!.

Cənab Əhmədzadə tabeliyindəki yarıtmazların hər pis əməlini müdafiə etdikcə, bu sahəyə olan ümidlər, büdcədən ayrılan milyonlar sularda boğulur. Buna isə kimsələrin haqqı çatmır. Əhmədzadənin özünün belə…  

Ötən gün "Demokratik.Az”-a özəl mənbələrdən ötürülən məlumata görə, cənab Əhmədzadə mühüm işlərini bir kənara qoyub, Göygöl SSİ-nin rəisi İlqar Məhərrəmovun səhlənkarlığı və şəxsi maraqları ucbatından baş vermiş bir ölüm hadisəsinin "qəlpələrini” yox etməyə çalışır. Məsələ o qədər ciddidir ki, cənab Əhmədzadə illərdir uzanan bir cinayət işini tam yox etmək üçün ölkənin baş prokuroru cənab Zakir Qaralova da israrla xahiş etməyə başlayıb. Təəssüf ki, məqsəd yarıtmaz bir idarə müdirini müdafiə etməkdir. Amma necə?..

"Demokratik.Az” xatırladır ki, 2016-cı ilin yanvarında Göygöl rayonunda əkin sahələrinin vaxtlı-vaxtında suvarılmasını təmin etmək məqsədi ilə 4 yeni su nasos stansiyası istifadəyə verilib. Bunlardan Gəncə çayı üzərində yerləşən Topalhəsənli kənd nasos stansiyasında həmin işə görə ölüm faktı qeydə alınıb. Belə ki, stansiyanın dam örtüyünü inşa edən kənd sakini (adı və soyadı redaksiyaya məlumdur-red) həftənin bazar günü işləyərkən hündürlükdən yıxılaraq hadisə yerindəcə keçinib. Hadisə üzrə cinayət işi açılıb və rayon prokuroru Rauf Məmmədəliyev şəxsən həssaslıqla bu işə prosessual nəzarət həyata keçirib. İstintaqla müəyyən edilib ki, fəhlənin bu işləri həyata keçirməsi üçün sənədləşməsi yerində olmayıb. Bu işdə bilavasitə günahkar olan və aşkar məsuliyyətsizliyə, səhlənkarlığa yol verən idarə rəisi isə izahatlarında müxtəlif uydurmalar, bəhanələr səsləndirərək özünü məsuliyyətdən yayındırmağa cəhdlər edib. Təəssüf ki, istəyinə də bugünədək nail olub. Müqəssir gah fəhlənin icazəsiz stansiyanın damına çıxdığını, gah da bazar günü iş olmadığını bildirərək günahı öləndə axtarıb. Aldığımız məlumata görə, mərhumun əmək müqaviləsi yerində olmayıb, əmək vasitələri ilə bağlı təlimatlandırılmadığını, istehsalatda bədbəxt hadisə ilə bağlı aktın belə tərtib edilmədiyi də artıq aydındır.

"Demokratik.Az”- a verilən məlumata görə, cinayətin üstündən iki il ötsə də, İ.Məhərrəmov hər yerdə Göygöl rayon prokuroru Rauf Məmmədəliyevin əlehinə danışıqlar aparır, sonuncunun onu rahat buraxmadığını və bu işə görə az qala prokurorluq orqanını ittiham etməyə səy göstərir.

"Demokratik.Az”-a sızan özəl xəbərə görə, bir müddət əvvəl ASC-də hesabatda olarkən idarə rəisi Əhməd Əhmədzadə ilə görüşərək rəhbərindən təcili kömək istəyib. ASC rəhbərliyinə rayon prokurorunun gücündən danışan İlqar Məhərrəmov məlum cinayət işində dəfələrlə Göygölün icra başçısı Arif Seyidovdan kömək istəsə də mənasız olduğunu bildirib. Əhmədzadə isə öz növbəsində başçı ilə əlaqə qurub və prokurorluq tərəfindən idarə rəisinə qarşı təqibə son qoyulmasını rica edib. İlqar Məhərrəmovun özünün bu günlərdə dövriyyəyə buraxdığı xəbərə görə, başçının köməyindən məhrum olduqdan sonra Əhmədzadə hətta rayon prokurorunun işə prosessual hərəkətlərini tam durdurmaq üçün baş prokuror Zakir Qaralova müraciət edib.

Mövzu ətrafında apardığımız araşdırma sonucunda onu da öyrəndik ki, idarə rəisi ölüm işindən qısa müddət sonra banklardan küllü miqdarda kredit götürüb və bunun səbəbini hər yerdə özünüxilasa yozur. İnandırıcı səslənməsə də görünür rəhbərlik onun kaprizlərinə dözür ki, o iddia etdiyi 10 minlərlə manatlıq kredit borcunu ödəsin. Amma rəhbərliyə sorsaq ki, aylıq maaşı 500 manatı keçməyən idarə müdiri küllü miqdarda olan borcu necə və hansı korrupsiya yolları ilə ödəyəcək? Yəqin deyəcəklər ki, bu yaxınlarda İ.Məhərrəmovun aldığı bahalı inamarka avtomobili almağa necə pul tapıbsa, o yollarla davamını gətirəcək. Yoxsa, son hesabatında Əhmədzadənin müavini tərəfindən yalan yerə təriflər almayıb ki? Yaxşı olardı Əhmədzadə idarə rəislərinin fəaliyyətində artezianlara ayrılan illik elektrik limitində "qənaətcilliyə” yox, başqa hərəkətlərinə də nəzarət eləsin. Elə məlum ölüm işində Əhmədzadə nasos stansiyalarının inşaasına ayrılan vəsaitin şəffaf xərclənməsində maraqlı olsa idi, profilaktik tədbirlər görsəydi, İlqar Məhərrəmovu "proraf-memar" və idealist meliorator yox, əslində maşın alverçisi olduğunu lazımınca dərk etsəydi faciə baş verməzdi.

Sonda cənab Əhmədzadəyə səslənirəm. "Əhməd müəllim! Sizcə, İlqar Məhərrəmov Göygöl meliorasiya idarəsinin suyu ilə bundan sonra daha hansı günahlarını yumağa çalışacaq, özünü aydan arı-sudan duru kimi aparacaq? Bir rayonun prokurorunun səlahiyyət müddətinin başa çatdığını dostlarına hayqıran və icra başçısına qarşı müxtəlif kompromatlardan istifadə edən İlqar Məhərrəmovu siz nəyə görə qoruyursunuz? Bəlkə əvvəlki sələfi, yaxın qohumu Namaz Quliyev kimi nə zaman sizə qarşı təhqirə, təxribata keçəcəyi günü gözləyirsiniz? Yoxsa, Göygöl SSİ-nin üzünü məhz İlqar əfəndinin zövqü ilə şəffaf şüşə ilə bəzətmisiniz deyə, işlərinin elə də şəffaf olmadığını bilmirsiniz? 

İnanıram ki, qosqoca Əhmədzadə dövlətimizin ona etimadına dönük çıxmaz və onu aldadıb nüfuzdan salan "melioratorları" cəzalandıraraq komandasında mühüm islahatlar aparar. Əks təqdirdə bu sahədəki hər cür "lillənmə" davam edəcək!   

Osman Nərimanoğlu

Demokratik.Az illərdir fəhlənin ölüm faktını ört-bas edənlərin mövqeyini öyrənmədən bu ixtiyarı aidiyyatı qurumlara həvalə etməyi məqbul sayır.

"Demokratik.Az"

Oxşar xəbərlər