Ermənistanda siyasi XAOS — Sarkisyan devriləcək

Martın 1-də baş vermiş hadisələrin öyrənilməsi və faktların toplanması üzrə qrup hələ də hadisələrdə əli olanları üzə çıxarmayıb. On il sonra həmin iğtişaşlar yenidən Ermənistan gündəmini zəbt edib. Yelk partiyası 2008-ci il martın 1-də baş verənlərdə Ermənistan rəhbərliyini günahlandırır. Partiyanın sədri Nikol Paşinyan bildirir ki, məhz Serj Sarkisyan keçmiş müdafiə naziri Seyran Ohanyana həmin gün şəhərin küçələrinə qoşun yeridilməsi tapşırığını verib. Xüsusi təyinatlı qoşunlar mitinqə toplaşanların üzərinə yeridilib. Aksiya zamanı iğtişaşları da S.Sarkisyanın mülki geyimdə olan adamları törədiblər.
N.Paşinyan diqqətə çatdırıb ki, 1 mart qurbanları cəmiyyətə cinayətkar kimi təqdim edilir. Onlar sadəcə Ermənistanda növbəti prezident seçkisindən sonra seçkinin nəticələrinə etiraz edən dinc sakinlər olublar. İki gün davam edən etiraz aksiyası mitinq iştirakçıları və polis arasında qarşıdurma ilə yekunlaşıb. S.Sarkisyan isə hakimiyyəti zor gücünə ələ keçirdikdən sonra ölkə rəhbəri kimi öz üzərinə düşən funksiyaların heç birini həyata keçirə bilməyib. Hətta hakimiyyət 10 il əvvəl öldürdüyü insanların ailəsinə kompensasiya belə ödəməyib. N.Paşinyan beynəlxalq insan haqları qurumlarını Ermənistandakı özbaşınlıqlara göz yummamağa çağırıb. Həmçinin ölkənin baş prokurorluğuna 10 il əvvəl baş verənlərlə bağlı düzgün tədqiqat aparılmasını tövsiyə edib. İğtişaşlar zamanı öldürülən 29 yaşlı Yerevan sakini Qor Kloyanın atası da deyir ki, indiki hakimiyyət onların övladlarının qanı üzərində qurulub. Ona görə də bu hökumətdən yaxşıya doğru heç nə gözləmirlər. Qanlı iğtişaşlar zamanı zərərçəkənlər cinayətkarların cəzalandırılması üçün Avropa Məhkəməsinə də müraciət ediblər. Şikayətə payızda baxılacağı gözlənilir.
Demokratik.Az
