KXCP-də gərginlik: Mirəlioğlu - Gülalıyev qarşıdurması

  • 23 fev 2018, 09:05

Mirmahmud Mirəlioğlu: "Oqtay Gülalıyev destruktiv fəaliyyətlə məşğul olub”; Oqtay Gülalıyev: "Bu ”cəza" mənim Milli Şuradakı fəaliyyətimlə bağlıdır"

KXCP sədri ilə bir il öncəyə qədər onun müavini olmuş Oqtay Gülalıyev arasında son günlər qarşıdurma yaşanır. Oqtay Gülalıyevin fevralın 17-də KXCP Ali Məclisinin üzvlüyündən xaric edilməsindən sonra gərginlik daha da artıb. O.Gülalıyev özünün facebook səhifəsində yazıb ki, Ali Məclis üzvlüyündən xaric edilməsi birbaşa partiyanın sədri Mirmahmud Mirəlioğlunun təkidi nəticəsində baş tutub: "Bildiyiniz kimi, 11 aprelə təyin olunmuş prezident seçkilərini boykot etmək üçün KXCP sədri Mirmahmud Mirəlioğluna facebook üzərindən çağırış etmişdim. 

Bildirmişdim ki, ölkədə seçki mühitinin olmadığı bir ərəfədə, heç bir zərurət olmadan 6 ay öncəyə çəkilmiş seçkilərdə müxalifət adından iştirak etmək həmin seçkilərə legitimlik donu geyindirmək cəhdidir. İnamımı ifadə etmişdim ki, Mirəlioğlu da seçkilərdə iştirakdan imtina edəcək. Partiyanın 17 fevralda keçirilən növbədənkənar sessiyasında seçkilərdə iştirakdan imtina olunub və boykot qərarı verilib. Mən bu qərarı təqdir edirəm, alqışlayıram. Qərarın qəbul olunmasında azacıq rolum olubsa, özümü çox mutlu hesab edirəm.

Amma 17 fevralda KXCP Ali Məclisində nə baş verib? Rayonda hüzr yerində olduğumdan üzrlü səbəbdən qatıla bilmədiyim Məclisdə partiya sədri Mirəlioğlu təklif edib ki, seçki məsələsindən öncə partiyadaxili məsələ müzakirə olunsun və destruktiv fəaliyyətinə görə Oqtay Gülalıyev partiya sıralarından xaric olunsun. Halbuki Məclis növbədənkənar çağırılıb və gündəlikdə yalnız 11 aprel seçkilərinə münasibət məsələsi olub. Mənim partiya üzvlüyündən çıxarılmağımla bağlı məsələni Məclis qəbul etməyib.

Bu dəfə sədr mənim Məclis üzvlüyünə namizədliyimi onun tərəfindən 1/3-lə (prosedur qaydadır- red.) irəli sürdüyünü bildirərək indi də namizədliyini geri çəkdiyini qeyd edib. Və Məclis üzvlərindən xahiş edib ki, onun təklifinə səs versinlər. Özünün iştirakı olmadan şəxsə aid məsələnin müzakirəsinin kobud nizamnamə pozuntusu olduğu dəfələrlə sədrə xatırladılsa da o, inadından əl çəkməyib. Beləliklə, bəyənmədiyimiz sovet dövründən fərqli olaraq özümün iştirakım olmadan, məni dinləmədən məlum çağırışıma görə KXCP Ali Məclisinin üzvlüyündən xaric olunmuşam. Təbii ki, fərqindəyəm ki, bu ”cəza" orda deyildiyi kimi, həm də mənim Milli Şuradakı fəaliyyətimlə bağlıdır".

Mirmahmud Mirəlioğlu isə mətbuata verdiyi açıqlamada bildirib ki, Oqtay Gülalıyev partiyanın nizamnaməsini pozub və destruktiv fəaliyyətlə məşğul olub. Ona görə də Ali Məclisdən   xaric edilib.

KXCP-nin qurultaya hazırlıq üzrə təşkilat komitəsinin üzvü Xəzər Teyyublu yaranmış vəziyyətlə bağlı "Yeni Müsavat”ın suallarına cavab verməyi məqsədəuyğun saymayıb: "Mən partiyada İdarə Heyətinin üzvüyəm bu barədə partiya daxili məsələ barədə  mətbuata hər hansı acıqlama verməyi düzgün hesab etmirəm”.

O.Gülalıyev isə bildirib ki, hazırda KXCP-nin sıravi üzvü olaraq qalır.  Onun partiya üzvlüyündən də xaric edilib-edilməməsi isə hələ ki açıq qalır.

Oxşar xəbərlər