“Xocalı şahidləri danışır” kitabının təqdimatı keçirilib - FOTOLAR

  • 22 fev 2018, 14:06

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycan” qəzetinin nəşr etdiyi "Xocalı şahidləri danışır” kitabının təqdimatı keçirilib.

Musavat.com xəbər verir ki, Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən soyqırım cinayətlərinin dünyada tanıdılması üçün mühüm mənbə olan kitab həmin faciəyə şahidlik etmiş xocalılıların acı xatirələrindən ibarət materialların toplusudur.

İdeya müəllifi Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov olan kitabın redaktoru Milli Məclisin deputatı, "Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, buraxılışa məsul Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini, tarix üzrə fəlsəfə doktoru Ərəstun Mehdiyev, tərtibçisi isə "Azərbaycan” qəzetinin şöbə redaktoru İxtiyar Hüseynlidir.

Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə nəşr olunub.

"Xocalı şahidləri danışır” kitabı professor Əli Həsənovun "Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” adlı məqaləsi ilə başlayır. Məqalə 20-ci əsr ərzində ermənilərin azərbaycanlılara qarşı keçirdikləri etnik təmizləmə və soyqırımı cinayətlərindən, ölkəmizə qarşı ərazi iddialarından bəhs olunur. Məqalədə professor Əli Həsənov yazır ki, hazırda Xocalı soyqırımını törədənlərin ifşa olunması və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Azərbaycan prezidentin İlham Əliyevin başlatdığı hücumçu diplomatiyanın, Heydər Əliyev fondunun fəaliyyətinin və "Xocalıya ədalət” kampaniyasının həyata keçirilməsinin nəticəsində artıq beynəlxalq miqyasda Xocalı soyqırımının tanıdılması və ayrı-ayrı dövlətlər tərəfindən bu cinayətə siyasi qiymətin verilməsi istiqamətində mühüm nəticələr əldə olunmaqdadır.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədovun moderatorluğu ilə keçirilən təqdimat mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov çıxış edərək Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasətin ağır nəticələrindən danışıb.

G.Fərhadov vurğulayıb ki, Ermənistan zaman-zaman bizim torpaqlara göz dikib: "Böyük imperiyaların siyasəti nəticəsində ötən əsrlərdə ermənilər kütləvi şəkildə Dağlıq Qarabağ ərazisinə köçürülüb və o zaman bizim faciəmiz başlayıb. Ermənilər xalqımıza qarşı yüzlərlə terror hadisəsi törədib, on minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirib, talan yürüşləri həyata keçirib”.

O, deyib ki, ermənilərin Azərbaycan torpaqlarının işğal etməsi nəticəsində bir milyondan artıq soydaşımız öz dədə-baba yurdundan didərgin salınıb, qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: "1992-ci ildə XX əsrin ən böyük faciəsi Xocalıda törədildi. Xocalı şəhəri hər tərəfdən atəşə tutuldu və şəhər darmadağın edildi. Bu, planlı surətdə və məqsədyönlü şəkildə həyata keçirilən soyqırım idi. Məqsəd xocalıların hamısını məhv etmək güdürdü. Bu vəhşilik təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı yönəlmiş bir vəhşilikdir. Ən acınacaqlısı isə odur ki, bu vəhşilik XX əsrdə baş verib, ancaq bəşəriyyət buna susur. Bu, bəşəriyyətə bir ləkədir”.

Komitə sədrinin müavini bildirib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində ölkəmizə 816 milyard dollardan çox zərər dəyib: "İnsanlarımıza çox böyük psixoloji və mənəvi zərər dəyib. Zaman keçdikcə maddi zərər öz yerini tutur, ancaq mənəvi və psixoloji ziyan iki əsr keçsə də düzəlməyəcək”.

 

Daha sonra çıxış edən Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, bu gün təqdimatı keçirilən kitab vaxt gələcək ermənilərə qarşı ittiham zamanı istifadə ediləcək, onların çirkin əməllərini üzə çıxaracaq. Bu kitabda Xocalı soyqırımının şahidlərinin, işgəncələrə məruz qalan insanların çətinliklə danışa bildikləri yazılar yer alıb.

 

Bahar Muradova bu gün Azərbaycan həqiqətlərinin, xüsusilə Xocalı soyqırımı ilə bağlı faktların dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən də danışıb.

Ardınca çıxış edən Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov kitabda toplanan materialların önəmindən danışıb. O, deyib ki, Xocalı soyqırımını törədənlər gec-tez mütləq öz layiqli cəzalarını alacaqlar.

Sonra "Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri Elçin Əhmədov, Xocalı sakini Dürdanə Quliyeva çıxış edərək kitab haqqında fikirlərini bildiriblər. Çıxış edənlər Xocalı soyqırımının ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biri olduğunu qeyd ediblər. Vurğulanıb ki, bu gün Azərbaycan dövləti Ermənistanın cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görür və hər birimiz bu işlərdə yaxından iştirak etməliyik. Bildirilib ki, Xocalı faciəsi insanlığa sığmayan bir vəhşilikdir.

Demokratik.Az

Oxşar xəbərlər