Sabiq deputatlara pensiya veriləcək

  • 21 fev 2018, 09:54

Deputat: "Yeniliklərə görə şərtlər bir qədər çətinləşib”

Azərbaycanda indiki və sabiq Milli Məclis deputatlarına, ombudsmana və Mərkəzi Seçki Komissiyası (MSK) üzvlərinə, onların ailə üzvlərinə əmək pensiyalarına görə edilən yeniliklərin detalları məlum olub.

APA-nın məlumatına görə, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanunlarda və Seçki Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən qeyd olunan şəxslərin qulluq stajı əsasında onların əmək pensiyalarına yeni şərtlərlə əlavələr təyin ediləcək.

Layihələrə görə, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək 1-ci qrup əlil olmuş, azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olduqda, indiki və sabiq ombudsmana, Milli Məclis deputatlarına, MSK üzvlərinə, o cümlədən onların ailə üzvlərinə qulluq stajı əsasında əmək pensiyasına əlavələr təyin olunur. 

Layihələr Milli Məclisin Əmək və sosial siyasət komitəsinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə fevralın 20-də müzakirə edilib və plenar iclasa tövsiyə olunub.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Tahir Kərimli "Yeni Müsavat” bildirib ki, bu, "Əmək pensiyaları haqqında” Qanunla bağlı olan dəyişikliklərdir:

"Bu, təkcə deputatlarla bağlı deyil, eyni zamanda prokurorluq işçiləri, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, Mərkəzi Seçki Komissiyasının üzvləri, hərbiçilər və digər bu kimi kateqoriyada olan insanların hamısının pensiyalarında aparılan dəyişikliklərlə bağlıdır. Birincisi, staj məhdudiyyəti qoyulur. Yəni əvvəllər 25 il staj tələb olunurdusa, indi bu rəqəm 35 ilə yüksəldilib. Eyni zamanda əlilliyin əvvəllər 1, 2, 3-cü dərəcələrinə imtiyaz nəzərdə tutulurdu. İndi isə yalnız 1-ci dərəcə üçün nəzərdə tutulacaq. Ümumiyyətlə, ”Deputat statusu haqqında" Qanunun 24.1-ci maddəsi çıxarılır. Burada deputatların və sabiq deputatların ailə üzvlərinin təminatı məsələsi ayrıca qrafa ilə gedirdi. İndi isə 30-cu maddəyə təklif olunur ki, burada birbaşa yazılsın ki, deputatın, sabiq deputatın və onların ailə üzvlərinin pensiya təminatı. Yəni ifadələrdə bu cür dəyişiklik nəzərdə tutulur.  Digər təfərrüatlar isə "Əmək pensiyaları haqqında” Qanunla təmin olunacaq. Əvvəllər deputatlar 1 il deputat fəaliyyəti göstərdikdən sonra pensiya təminatı yaranırdı. İndi isə deputatlıq fəaliyyətinin yarısı nəzərə alınacaq. Gərək heç olmasa deputatlıq fəaliyyətinin yarısı tamam ola ki, pensiya təminatı yaransın. Deputat statusundan məhrumedilmə və üzrsüz səbəbə Milli Məclisin sessiyalarına qatılmama hallarına görə pensiya təminatı olmayacaq. Bu hal əvvəlki kimi saxlanılıb".

Deputat bildirib ki, açığı, yeniliklərə görə şərtlər bir qədər çətinləşib: "Bu çətinləşmə deputatlara aid olmasa da, digərlərində əmək stajı məsələsi artırılıb. Deputatlarda isə çətinləşmə odur ki, tələb qoyulacaq ki, ən azı deputatlığının yarısını fəaliyyət göstərməlidir ki, pensiya ala bilsin. Pensiyanın miqdarında isə dəyişiklik nəzərdə tutulmayıb. Əvvəllər də deputatlar maaşlarının 80 faizi miqdarında pensiya alırdılar, yenə də elə alacaqlar. Yalnız şərtlərdə bəzi dəyişikliklər var".

Oxşar xəbərlər