62 yaşlı əməkdar müəlliməyə cəza kəsildi - dələduzluq işi

  • 19 fev 2018, 15:10

Dələduzluqda təqsirləndirilən 62 yaşlı "əməkdar müəllim" növbəti dəfə hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1955-ci il təvəllüdlü Ağayeva Nuriyyə Fərhad qızının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə məlum olub ki, zərərçəkmişlərə dəymiş zərər ödənilməyib.

Məhkəmə Nuriyyə Ağayevaya son söz deməsini təklif edib. Amma N.Ağayeva məhkəmədən yenə vaxt istəyib və adını çəkmək istəmədiyi şəxsin fevralın 27-də Bakıya gələcəyini deyib. O, həmin şəxsin pul verəcəyini və zərəri ödəyəcəyini deyib. Amma məhkəmə bununla razılaşmayıb və yekun qərar üçün müşavirəyə gedib. Məhkəmə müşavirədən sonra hökmü elan edib. Onun əməli qanunda edilən dəyişikliyə görə 178.2.2-ci (xeyli miqdarda dələduzluq) maddəsinə tövsif edilib, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Nuriyyə Ağayeva 5 nəfərə qarşı dələduzluq edib. O, vətəndaşların etibarından sui-istifadə edərək pullarını ələ keçirib. Belə ki, N.Ağayeva işə düzəltmək, ali məktəbə tələbə qəbul etdirmək adı ilə vətəndaşları aldadıb. İttihama görə, N.Ağayeva zərərçəkmiş Rövşən Həsənovdan 4 min manat pul alıb. Bunun qarşılığında Rövşən Həsənovun oğlunu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul etdirəcəkmiş. Amma N.Ağayeva qeyd edilən məbləği alsa da vədinə əməl etməyib.

N.Ağayeva Mənsurə Əliyevadan nəvəsini universitetə qəbul etdirmək adı ilə 7 min manat, Zenfira İmanovadan oğlunu ali məktəbə qəbul etdirəcəyi adı ilə 30 min manat, Məhərrəm Quliyevdən isə oğlunu SOCAR-a sürücü düzəltmək adı ilə 3 min manat alıb. N.Ağayeva daha bir vətəndaşdan övladını ali məktəbə qəbul etdirmək adı ilə 25 min manat alıb.

N.Ağayeva Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikə) maddəsi ilə ittiham edilirdi.

Qeyd edək ki, N.Ağayeva filologiya elmləri namizədi, "əməkdar müəllim"dir. O, həbs edilməmişdən bir müddət əvvəl işlədiyi təhsil müəssisəsindən ayrılıb.

/Y.M/

Oxşar xəbərlər